2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycan hakimiyyətinin dayaqları çətin vəziyyətdə

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

İndiki Azərbaycan hakimiyyətinin yaranışdan iki ən böyük dayağı Rusiya ilə İran olub. Bu ölkələr, əslində, təkcə Azərbaycan avtoritarizminin deyil, dünya istibdadının qoşa qanadlarıdır. Şimali Koreya hazırda mövcud olan ən idbar, totalitar rejim olsa da, onu bu kateqoriyaya aid edə bilmərik, çünki o öz sərhədləri daxilində marginallaşıb və ortaya Rusiya ilə İran kimi geniş iddialar qoymur, avtoritar rejimlərin dəstəkçisi rolunda çıxış etmir.
Rusiya bu hakimiyyəti 1993-cü ildə iqtidar edib, xalqın passivliyi şəraitində bu gün də iqtidar olmasının əsas təminatçısıdır, halbuki, ictimai aktivlik fonunda Rusiya artıq hətta öz əzəli-əbədi müttəfiqi Ermənistanın daxili siyasətini müəyyənləşdirə bilmir. YAP iqtidarının ikinci dayağı İrandır, düzdür, bu halda söhbət Rusiya nümunəsində olduğu kimi birbaşa əlaqədən getmir. İran xofu, islam fundamentalizminin, şiə ekspansiyasının regionda yarada biləcəyi potensial xaos və destabilizasiya arqumentinə istinadən hakimiyyət özünü uzun illər ərzində Qərbə “baha qiyməyə sata bilib”. “Biz Rusiya və İran arasında sendviçik”, “Iranın dini fundamentalizminin, islam ekstremizmin qarşısında biz dayanmışıq” kimi tezislərlə ifadə olunan və Avropanın təhlükəsizlik maraqlarına qarşı yönələn pərdəli təhdidlər uzun illər Azərbaycan-Qərb mükaliməsində Azərbaycan tərəfinin ritorikasının yüksək notları olub. İndi isə cəmi bir neçə həftənin içində siyasi zəlzələ effekti verən hadisələr baş verdi: ABŞ bir raket hücumu ilə İran teokratik rejiminin xarizmasını çeynədi, məlum oldu ki, onilliklər ərzində ABŞ, İsrael və regiona meydan oxuyan rejim ölkənin ikinci ən populyar şəxsinin öldürülməsinin qisasını iki gün öncədən xəbərdarlıq etməklə Iraqda yerləşən boş ABŞ bazalarına tən yarısı heç hədəfə gedib çatmayan on raket atmaqla alır. O da məlum oldu ki, nüvə silahını əldə etməyə çox yaxın olan hərbi idarəetmə Tehran aeroportundan havaya qalxan mülki təyyarəni ABŞ-ın uzaq məsafəli qanadlı Tomahawk raketlərilə səhv salacaq qədər qeyri-peşəkar və geridəqalmışdır. Iranın demokratikləşməsi prosesinin nə qədər çəkəcəyini söyləyə bilməsək də, bu ölkənin artıq ətrafını əvvəlki kimi təhdid edə bilməyəcəyini hər kəs anlayır. Bundan sonra region üçün İran təhlükəsi tam sovuşmasa da, önəmli dərəcədə marginallaşacaq, kiçiləcək və təhdid faktoru olmaqdan çıxacaq. Hətta Iranın daxilində belə SEPAH-ın bundan sonra iki ay öncəki kimi acımasızcasına kütləvi qətllər törədəcəyi sual altındadır. Ən azından bu məsuliyyəti üzərinə götürəcək hər bir İran generalı Trampın və Pampeonun ” dinc etirazlarda iştirak edən heç bir iranlıya xəsarət toxunmamalıdır” xəbərdarlığından və Süleymaninin aqibətindən nəticə çıxarmalı olacaq. İstənilən halda, İran dəyişir və o daha heç vaxt əvvəlki İran olmayacaq.
Dünən məlum oldu ki, elə Rusiya hakimiyyəti də dəyişməyə iddialıdır. Prezident hakimiyyətinin desentralizasiyası və səlahiyyətlərinin əhəmiyyətli qisminin qanunverici orqana ötürülməsi, iki dəfədən çox prezident seçilmək yasağının yenidən bərpası, Putinin sosial, iqtisadi və demoqrafik sferalardakı çox ciddi problemləri etiraf etməsi Rusiyanın da inqilabi olmasa da, müəyyən dəyişikliklər ərəfəsində olmasından xəbər verir. Avtoritarizmin dayaqlarının sarsıldığı, Iranın öz, Rusiyanın isə “gözü çıxan qardaşın” nümunəsinə istinadən gəldiyi nəticələrə onlarla müqayisəedilməz dərəcədə zəif, kövrək və dayanıqsız olan Azərbaycan hakimiyyəti niyə gəlib çıxa bilmir?! Niyə bütün dünyada prezident səlahiyyətlərinin qanunverici hakimiyyətin xeyrinə məhdudlaşdırılması ilə bağlı trend genişləndiyi halda, YAP iqtidarı, əksinə, parlamentin az qala bütün əsas səlahiyyətlərini əlindən alıb onu oyuncaq bir quruma çevirir, hətta heç kim tərəfindən seçilməyən birinci vitse-prezidentlik institutunu nəzəriyyədə xalq tərəfindən seçilməli olan geniş təmsilçiliyin- parlamentin fövqünə qaldırır və sonra da Azərbaycanın yaxın tarixinin ən anormal və rəqabətsiz seçkilərini keçirməyə hazırlaşır. Əcəba soruşmazlarmı ki, sizin güvəndiyiniz Rusiya və İran demokratik çağırışlar qarşısında geri çəkildiyi halda, siz nəyə və kimə arxayın olub demokratiyanı boğursunuz?! Başınızın üzərində onsuz da Malta boyda daş asılıb, siz nəyə ümid edirsiniz?! Mənim cavabım budur ki, bu hakimiyyətə hələ dünyada baş verənlər çatmır. Çatanda da artıq çox gec olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button