2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan kinosu-2022: Gözləntilər və yaşananlar…

“İlk dəfə tammetrajlı bədii film istehsalına pul ayrılır, amma film istehsal olunmur”

2022-ci il yekunlaşmaq üzrədir.

Bu il mədəniyyətin müxtəlif sahələrində hansı hadisələrlə və yeniliklərlə yadda qaldı?

Saytların yığılması Saytlarin yigilmasi

İlk olaraq kinodan başlayırıq, çünki mədəniyyətin digər sahələrindən fərqli olaraq kino daim ictimaiyyətin, medianın, kinotənqidçilərinin, bir sözlə, hamının diqqət mərkəzindədir.

Kinoşünaslar ilin yekunu ilə əlaqədar fikir və şərhlərini Meydan TV ilə bölüşüblər.

Azərbaycanın kino tarixində ilk, amma…

Kino tənqidçisi Sevda Sultanova deyir ki, bu il kino sahəsində əsas hadisə Prezidentin “Kino Agentliyinin yaradılması və Agentliyin fəaliyyətinin təmin edilməsi haqqında” imzaladığı fərmanlardır.

Onun sözlərinə görə, ötən il mədəniyyət naziri Anar Kərimov 2022-ci ildə Qarabağla bağlı bədii filmin çəkiləcəyini demişdi. Amma bu il nəinki Qarabağla bağlı, ümumiyyətlə, bir tammetrajlı bədii film istehsal olunmayıb.

Azərbaycanın kino tarixində ilk dəfədir ki, tammetrajlı bədii film istehsalına pul ayrılır, amma həmin pula film istehsal olunmur. Bundan başqa, ötən il çəkilmiş üç filmin (“Həyat, deyəsən gözəldir”, “Məryəm”, “Mərmər soyuğu”) hələ də yerli premyerası olmayıb.

Mədəniyyət naziri Anar Kərimov

“Tammetrajlı bədii film layihələrinə dəstək” müsabiqəsinin 7 qalibinə çatacaq pullar ödənilməyib”

Sevda Sultanova qeyd edib ki, nazirliyin ötən il təşkil etdiyi, 300 min manat dəstək fondu olan “Tammetrajlı bədii film layihələrinə dəstək” müsabiqəsinin 7 qalibinə çatacaq pullar bu günədək ödənilməyib.

““Qarınqulu”dan xəbər-ətər yoxdur”

“Bir neçə ildir istehsal olunan, büdcəsi 300 min manata yaxın olan “Qarınqulu” animasiya layihəsindən xəbər-ətər yoxdur”, – deyə o bildirib.

Onun fikrincə, hadisələrdən biri yaxınlarda nazir Anar Kərimovun kino ictimaiyyəti ilə görüşü olub.

Nazirin ictimaiyyətə açıqlanmayan görüşü…

Görüşə mətbuat buraxılmadığından detalları ictimaiyyətə aydın deyil: “Amma bir neçə iştirakçıdan aldığım məlumata görə, görüş gözlənildiyi kimi produktiv keçməyib”.

Türkiyə ilə bu il nümayişi nəzərdə tutulmuş İkinci Qarabağ haqda birgə serialın istehsalı hansısa səbəblərdən gələn ilə qalıb.

Tendersiz baş tutan layihə…

“İl ərzində müxtəlif kino tədbirləri baş tutsa da, onların milli kinomuza faydasından danışmaq çətindir. Misal üçün, nazirliyin dəstək verdiyi, nəzəri bir layihə olan Interact Film Lab layihəsinə xərclənmiş 385, 270 manat həddən artıq böyük və faydasız yerə sərf edilmiş məbləğdir. Üstəlik, layihə tendersiz baş tutub, hesabat şəffaflığı yoxdur. Bu məbləğin rejissorlarımıza film çəkmələri üçün verilməsi məqsədəuyğun idi”, – deyə kinotənqidçi qeyd edib.

Sevda Sultanova, Foto: Kulis.az

“Göründüyü kimi, bu il müsbət mənada yaddaqalan hadisə Kino Agentliyinin yaranmasıdır. Bir də Azərbaycanda yeganə akademik kinojurnalı olan “Fokus”un növbəti sayının yayımlanmasını qeyd etmək olar”, – deyir Sevda Sultanova.

“Azərbaycan kinosu üçün qənaətbəxş il olmadı”

Kinoşünas Hacı Səfərov da illik hesabatlarla bağlı şərhini Meydan TV ilə bölüşüb.

O da düşünür ki, bu il Azərbaycan kinosu üçün kifayət qədər produktiv olmayıb: “Büdcədən hər il kinoya təxminən 6,5 milyon manat vəsait ayrılsa da, bir dənə də olsun bədii film istehsalata buraxılmadı. “Tammetrajlı bədii film layihələrinə dəstək” müsabiqəsinin 7 qaliblərinin pulları ödənilməyib və bu məsələ Azərbaycan kinosunun əsas problemi olaraq qalır.
Hesablama Palatasının kino ilə bağlı yaydığı məlumatda qanuna uyğunsuzluqların aşkarlandığı bildirilirdi. Bu baxımdan görürük ki, heç də Azərbaycan kinosu üçün qənaətbəxş il olmayıb”.

“Hansısa filmin festivalda iştirakı kino sənayesinin inkişafına töhfə vermir”

“Bəzi müstəqil və dövlət sifarişi ilə çəkilən filmlər beynəlxalq festivallarda mükafatlar qazandı. Lakin bu, kifayət deyil. Təcrübəmizə əsaslanaraq deyə bilərik ki, hansısa filmin festivalda iştirakı Azərbaycanda kino sənayesinin inkişafına töhfə vermir. Hər şey olduğu kimi qalır. Rejissorlar gözləyirlər ki, dövlət nə vaxtsa, rəhmi gələcək və onlara yenidən film çəkmək üçün şans yaradacaq”, – deyə o qeyd edib.

“Kino Agentliyinin yaradılsa da, Azərbaycan kinosu bu il də yerində sayıb”

Kinoşünas deyir ki, Kino Agentliyinin yaradılsa da, Azərbaycan kinosu bu il də yerində sayıb:

“Azərbaycan kinosunda son bir ildə baş verən ən yaxşı hadisələrdən, ən azından kağız üzərində olsa da, Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması oldu. Agentliyin kinonun inkişafındakı roluna gəlincə, burada da yenə vəziyyət idarəçilikdən asılı olacaq. Əsas sual doğuran məqam budur. Bunu isə zaman göstərəcək. Ümumilikdə, Azərbaycan kinosu yerində saydı, qabağa gedə bilmədi”.

Hacı Səfərov

“…əvvəlki illərlə müqayisədə aktivlik daha çoxdur”

“Amma ölkədə keçirilən festivallarda – Animafilm Beynəlxalq Animasiya Festivalı, Bakı Beynəlxalq Qısa Filmlər Festivalı, DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalında gördük ki, əvvəlki illərlə müqayisədə aktivlik daha çoxdur. Səbəbi də odur ki, bu festivallar davamlı olaraq keçirilir. Müəyyən bir festival ənənəsi yaranır, izləyiciləri formalaşır. Bu cür tədbirlərin keçirilməsi Azərbayacnın kino ölkəsi kimi tanınması üçün çox vacibdir. Ona görə də bu istiqamətdə işlər görülməlidir”, – Hacı Səfərov belə deyib.

Mədəniyyət naziri Anar Kərimov 2021-ci ilin yekunları ilə əlaqədar keçirilən tədbirdə növbəti ilin strategiyası haqqında danışmışdı.

Bildirmişdi ki, 2022-ci ildə Kino Agentliyi, İkinci Qarabağ müharibəsi haqqında film çəkiləcək və “Netflix” kino platformasında nümayiş olunacaq.

Bunlardan yalnız Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti ilə bağlı sənəd imzalanıb.

Kino Agentliyinin yaradılması ilə bağlı sərəncam Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də imzalayıb.

Kino Agentliyinin ilkin nizamnamə fondu 100 000 (yüz min) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

İkinci Qarabağ müharibəsi haqqında çəkilməsi nəzərdə tutulan səkkiz seriyalı bədii filmin istehsal prosesi 2022-ci ilə planlaşdırılsa da, 2023-cü ilə qalıb.

Filmi Türkiyənin “Bozdağ Film” Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirkəti çəkəcək.

Filmin ümumi büdcəsi 1 milyon 700 min dollar təşkil edir.

Serial çəkilişi üçün film büdcəsinin yarısının xərclənməsi kinematorqafçılar, film tənqidçilərinin narazılığına səbəb olmuşdu.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button