2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan tarixinin qaranlıq üsyanları — SSRİ-yə qarşı Keçililər

Sovet tarixşünaslığında Azərbaycanda baş verən milli-azadlıq hərəkatları, üsyanlar, etiraz çıxışları əsasən əksinqilabçı damğası alıb və cəmiyyətin düşmənləri kimi qələmə verilib.

Sovet rejimi bizə öyrədildiyi kimi rahatlıqla qəbul edilməyib. Sovet rejimi qurulan zaman Azərbaycanda üsyanlar da baş verib. Baş verən üsyanlardan biri isə Keçili üsyanıdır.

Keçili üsyanı, üsyanın başlama səbəbləri ilə bağlı suallarımızı araşdırmaçı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev cavablandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ölkə.Az Zaur Əliyevlə müsahibəni sizə təqdim edir:

– Sovet rejimi qurulan zaman əhalinin narazlıq etməsinə əsas səbəb nə idi?

– Məlumdur ki, Sovet rejimi qurulan ilk vaxtlardan kollektivləşmə adı altında əhalinin torpaqları ilə yanaşı respublikalar arasında da torpaq bölgüsü ədalətsiz aparılırdı. Bu ədalətsizlik əsasən də Qərbi Azərbaycanda və Naxçıvanda özünü kəskin formada göstərirdi. Sovet hakimiyyətinin yaranması Naxçıvan bölgəsi əhalisinin bu acınacaqlı vəziyyətini dəyişmədi, əksinə ermənilərə çar Rusiyasını əvəz edən sovet Rusiyasının çox böyük diqqəti sayəsində Qars və digər sərhəd müqavilələrinin şərtlərinin Ermənistanın xeyrinə pozulması, yəni Ermənistan SSR-in ərazilərinin Azərbaycan torpaqları hesabına genişləndirilməsi prosesi başlandı. Beləki, Qars müqaviləsi təsdiqləndikdən az sonra Dərələyəz əhalisinin İran Azərbaycanında və Naxçıvan mahalında qaçqın olmasından istifadə edilərək mahalın ərazisi Ermənistana qatıldı. 1920-1929-cu illərdə tarixi Naxçıvan əraziləri olan Vedi, Zəngəzurun bir hissəsi və Mehrinin sovet Ermənistanına pay verilməsinin nəticəsi olaraq bölgə blokada şəraitinə düşdü. Orta əsr feodal qaydalarına uyğun şəkildə bu ərazilər üzərində yaşayan azərbaycanlılarla birgə pay alan Ermənistan ikinci addımı ataraq azərbaycanlı əhalinin məhvinə və sürgününə başladı. Keçili kəndi ümumiyyətlə, tarixə nəzər salsaq, heç kimə boyun əyməyən insanların yaşadığı bir yer idi. Hələ Naxçıvan qəzasının Qoşadizə və Kəngərli kəndliləri 1885-ci ildə mülkədarlara vergi verməkdən imtina etdilər. Əbrəqunis və Bənənyar kəndliləri 1888-ci ildə mülkədar Sultanovlardan özlərinin vaxtı ilə tutulmuş 250 desyatin torpaqlarını geri almışdılar. Keçili kəndliləri mülkədarlarla, xüsusən Rəhim xanla torpaq üstündə əlbəyaxa olmuş, ona silah qaldırmışdılar. Hətta Andronik Ozanyan Naxçıvandan Sisyana (Zəngəzura) aşanda Qızılboğaz deyilən yerdə Keçili Dəli Təhməzin dəstəsi ilə toqquşur, xeyli itki verir. Silah yüklü üç at Dəli Təhməzin əlinə keçir. Həmin silahlarla onun oğlu Quşdan 30-cu illərə qədər erməni daşnaklarına qarşı vuruşaraq Şahbuz dağlarında qaçaqlıq edir.

Buna etiraz edənləri qaçaq adı altında qələmə verən bolşeviklər əhaliyə amansız divan tutur, zorla onların ailələrini sürgün edir, boşalan ərazilərə isə erməni ailələrini köçürürdülər.

– Keçili kəndində hansı tayfalar yaşayırdı?

– Keçili kəndində o illərdə 6 tayfa yaşayırdı. Hacılı tayfası – 40 ailəni, Əşkaflı tayfası – 30 ailəni, Sofulu tayfası – 20 ailəni, Alməmmədli tayfası – 30 ailəni, Zeynalxanlı tayfası – 17 ailəni, Qızıllı tayfası – 12 ailəni birləşdirirdi.

– Keçili kəndində ilk üsyan nə zaman baş verdi?

– 1930-cu ilin fevral ayında Naxçıvan MSSR-də sovet hakimiyyəti əleyhinə üsyan qalxdı. Bu üsyanda ən fəal üzvlər Keçili və Nahacir dəstələrindən idi. Nahacir dəstəsi Naxçıvan mahalında ordunun olmamasından istifadə edərək üsyana qonşu Sirab, Ərazin, Əbrəkinis kəndlərini də cəlb edir. Keçili-Şahbuz üsyançı dəstələri də onlarla birləşir.

Bolşeviklərə qarşı baş verən üsyanlardan biri də Naxçıvanın Şahbuz rayonunda başlanan “Keçili dəstəsi” adlı 21 yaşlı Qaçaq Quşdan hərakatı idi. Qeyd edim ki, 21 yaşında mübarizə yoluna düşən Quşdan 7 il sərasər Keçilini dövrələyən dağlarda yaşayıb. Hökumətin xəbərdarlıqları, hədə-qorxuları onu yolundan, əqidəsindən döndərə bilməyib. Ancaq 1932-ci ildə evinə, ailəsilə görüşə gəldiyi gün Quşdanın kənddə olduğunu hökumət orqanlarına çatdırıblar və onlar da dan üzü təzəcə söküləndə Quşdanın evini mühasirəyə alıblar. Silahı yerə qoymaq, təslim olmaq təklifini Quşdan rədd eləyib, qeyri-bərabər döyüşə başlayıb, sonuncu gülləsini isə özünə saxlayıb – onda Quşdanın 28 yaşı var idi.

– Hərəkatın başlamasına əsas səbəb nə oldu?

– Hərakatın başlanmasına təkan verən səbəb isə NKVD əməkdaşı erməni Orbelyanın Naxçıvan kəndlərinə kütləvi erməni ailələrini köçürməsi, onları silahlandırması və qaçaq adı altında yerli əhaliyə divan tutması idi. Bu həmin Orbelyandır ki, Xızı rayonunun Ağdərə kəndində qanlı izlər qoyub gedib və onun rəhbərliyi ilə bu kənddə 1931-ci ildə onlarla sakin günahsız güllələnmişdi. 1940-cı il, 145-205-ci siyahı, P-4768, iş №3-adlı arxiv sənədində yazılır ki, Orbelyan Ermənistana gedərək oradan Keçili və ətraf kəndlərdə yaşayan ermənilər üçün adambaşı Fransa tüfəngi və 200 patron gətirir, yerli azərbaycanlıların isə bütün silahlarını müsadirə edir. Ona etiraz edənlərə divan tutur. Təkcə Keçili kəndindən isə 70 nəfər güllələnmişdi. Onların 80 faizi yaşlı ağsaqqallar idilər ki, erməniləri əraziyə buraxmağın tərəfində deyildilər. Əhalinin etirazlarını görən Orbelyan Naxçıvan MR-nın Daxili İşlər xalq komissarı Aydəmirovu inandıraraq Sovet üsul-idarəsinə müxalif adı altında bir çox şəxsləri 1930-cu il 22 senyabrda çıxarılan qərar ilə cəzalandırırlar.

Cəzalandırılan şəxslərin siyahısı:

Keçili kəndindən Məmmədəli Cəfərəli oğlu, Salam İsmayıl oğlu, 240 Şahsuvar Kərim oğlu, Eyvaz Kərim oğlu, Məmmədəli Məmmədhüseyn oğlu, Müslüm Gülməli oğlu, Şahbuz kəndində Məmmədhüseyn Mazan oğlu, Paşa Hüseynəli oğlu əmlakları müsadirə edilməklə güllələndilər. Ümumiyyətlə, üçlüyün 1930-cu il 22 və 23 sentyabr tarixli qərarı ilə Keçili kəndindən 10 nəfər, Kükü kəndindən 5 nəfər, Beçənək kəndindən 4 nəfər, Ərəfsə kəndindən 9 nəfər, Ləkətağ kəndindən 3 nəfər, Nahacir kəndindən 12 nəfər, Göynük kəndindən 6 nəfər, Dizə və Teyvaz kəndlərinin hər birindən bir nəfər güllələnmə cəzasına məhkum edildilər.

– Üsyan necə yatırıldı?

– Üsyançı dəstədə 200-dək adam birləşmişdi. Onlar xaricdə olan Kəlbalı xanın dəstələri ilə birləşib Naxçıvanda Sovet hökumətini devirmək istəyirdilər. Bolşeviklərin xalqa zidd siyasətindən narazı olanların hamısı – varlılar, ortabablar, hətta yoxsullar, bəzi partiya və komsomol işçiləri belə üsyana qoşulmuşdular. Sovet ordusunun Naxçıvandakı sərhəd dəstələri və milis üsyanı yatıra bilmədi. Buraya ordunun xüsusi səhra qoşun hissələri çağırıldı. Üsyançılar bir neçə həftə ordu və milis hissələri ilə qəhrəmancasına döyüşdülər. Qeyri-bərabər döyüşlərdə 100 nəfər üsyançı şəhid oldu və 120 nəfər həbs edildi. Lakin hökumət qüvvələri üsyançı dəstələri tam məhv edə bilmədi. 30-40 nəfər üsyançı dağlara çəkildi. Onlar camaatı yenidən üsyana qaldırmaq istəyirdilər. 1931-ci ilin qışında onları məhv etmək üçün hətta dağ artilleriyası da Sovet ordusuna kömək edə bilmədi. Lakin 1932-ci ilin aprelində üsyançı dəstə Sarı dağın ətəyində mühasirəyə alındı və ələ keçdi.

– Üsyan yatırılandan sonra yenidən ermənilər iş başında olur.

– Bəli. Sovet Azərbaycanının tarixinə “Keçili üsyan hərəkatı” kimi düşür, “Keçili işi” adlanan həmin qiyamın istintaqı sonra elə erməni mənşəli NKVD əməkdaşı A. Orbelyana tapşırıldı. Dindirmə prosesində Orbelyan tərəfindən qəsdən bir tayfa digəri üzərinə qaldırılırdı. Onları məcbur edirdi ki, digər tayfalar barəsində mənfi söz söyləsinlər. Xalis rus dilində aparılan dindirmə protokollarında isə elə şeylər yazırdılar ki, savadsız kəndlilər ağıllarına belə gətirmir və şübhələnmirdilər ki, Orbelyan bu dindirməni onların uşaqları, nəvələri arasında qəsdən daimi düşmənçiliyə çevirir.

Bu barədə istefada olan polis polkovniki Sadıq Sadıqovun “Tarixin qan yaddaşı” adlı üç cildlik əsərində yazır: “Üsyançılar hökumət qüvvələri tərəfindən məğlub edildikdə onların ailə üzvləri və yüzə yaxın insan Kolanıya qaçıb, sonradan isə İrana keçiblər. Üsyanda iştirak edən Kolanıların ailə üzvləri isə Sibirə sürgün olundu”.

Səxavət Məmməd
Ölkə.Az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button