2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Azərbaycan: Yaşayış minimumu ilə yaşamaq olarmı?

Nazirlər kabinetinin normativləri əsasında hesablanan yaşayış minimumu bu il üçün 155 manat müəyyənləşdirilsə də, minimum əmək haqqı 105 manat olduğu üçün iqtisadçılar bu qərarın doğru olmadığını deyir.

Onlar bildirirlər ki, əslində yaşayış minimumuna görə minimum əmək haqqı siyasəti yeridilməli idi.

Millət vəkilləri də rəqəmin aşağı olması ilə razılaşsalar da, hərbi şəraitdə bu rəqəmin yüksəldilməsini real görmürlər.

Saytların yığılması Saytlarin yigilmasi

Təhlilçilər isə səbəbi iqtisadi amillərə bağlayır və 155 manatın bir ayın xərclərinə yetmədiyini və yüksəldilməsinə ehtiyac olduğunu deyirlər.

Ötən ilin noyabrında Turan xəbər agentliyinin apardığı təhlilə əsasən, 2016-cı ilin oktyabr ayı ərzində 30 əsas ərzaq növündən ibarət istehlak səbətinin qiyməti 2,2% bahalaşıb.

Yaşayış minimumu nədir?

2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib. Ötən il bu rəqəm 136 manat olub.

Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

Minimum istehlak səbəti əhalinin əsas sosial demoqrafik qrupları üzrə bir nəfərin və ya ailənin xərc maddələri üzrə belə formalaşdırılır:

  • ərzaq mallarının minimum toplusu
  • fərdi və ailəvi istifadə olunan qeyri – ərzaq mallarının minimum toplusu
  • xidmətlərin minimum toplusu

Minimum istehlak səbətinin hesablanması üçün əhalinin 3 sosial-demoqrafik qrupu üzrə, yəni əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlara görə müəyyənləşdirilir.

Ərzaq mallarının minimum toplusu dedikdə, çörək və çörək məhsulları, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə, ət və ət məhsulları, süd və süd məhsulları, balıq və balıq məhsulları, yumurta, şəkər və qənnadı məmulatları, bitki yağı, marqarin və digər piylər, kərə yağı və digər məhsullar nəzərdə tutulur.

Qeyri-ərzaq mallarına palto tipli üst geyimləri qrupu, kostyum tipli üst geyimləri, alt geyimləri, corab məmulatları, baş geyimləri və xırdavat məmulatları, ayaqqabı, məktəb-yazı ləvazimatları, yataq ləvazimatları, mədəni məişət və təsərrüfat malları, ilkin tələbat və sanitariya əşyaları, dərmanlar aid edilir.

Xidmətlərin minimum toplusuna isə mənzil – kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni – maarif, müalicə – istirahət xidmətləri və digərləri daxildir.

155 yox, 253 AZN… olmalıdır”

İqtisadçı Qubad İbadoğlu bildirir ki, o, rəsmi müəyyən edilmiş rəqəmlə razı deyil. O deyir ki, təqdim edilən rəqəmlə, alternativ yolla hesablanan rəqəm arasında kəskin fərq var.

Onun hesablamalarına əsasən, yaşayış minimumu 155 manat yox, 253 manat, 40 qəpik olmalıdır.

İqtisadçı hesab edir ki, minimum əmək haqqının qaldırılması pensiyaların da artırılması deməkdir. Bu isə əlavə vəsaitin xərclənməsi anlamına gəlir.

Hərçənd o əlavə edir ki, “indiki şərtlərlə dövlət büdcəsində belə bir imkan yoxdur”.

İqtisadçı Zöhrab İsmayıl deyir ki, yaşayış minimumu minimal pensiya həcmindən başlamalıdır.

O, minimum əmək haqqının 105 manat olması ilə də razı deyil və bildirir ki, son iki ildə ölkədə kütləvi yoxsullaşma prosesi gedir.

“Hesablama aparsaq görərik ki, minimum əmək haqqı yoxsulluq həddindən aşağı səviyyədədir”, o deyir.

İqtisadçı yaşayış minimumunun artırılmamasının səbəbi barəsində “…siravi vətəndaş və iqtisadiyyat üçün gərəkli olmayan İslam oyunlarına pul xərclənir, amma insanların əmək haqqının artırılmasına pul sərf etmək istənilmir” deyir.

Onun sözlərinə görə, Azərbaycanda insanlar uzun müddətdir ki, ehtiyacları ilə qazandıqları arasında fərqi doğrultmaq üçün böyük əzablara qatlanırlar, gecə gündüz işləyirlər.

“Hökumət insanının boyununa qoymağa çalışır ki, sən yaxşı yaşayırsan. Azərbaycanda uzun illərdir sosial ədalətsizlik davam edir”, o bildirir.

O, peşə sahələri üzrə əmək pensiyası üçün yaş həddinin artırılmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisə daxil olmasını nəzərdə tutaraq düşünür ki, bu, vəziyyət də eyni siyasətin davamıdır.

“Bu, hökumətin məcburi xərcləri azaltmaq üçün siyasətidir”, o əlavə edir.

Müdafiə xərcləri “təsir göstərir”

Millət vəkili Fazil Mustafa iqtisadçılarla razılaşsa da, hazırki şəraitdə bu rəqəmin yüksəldilməsini real görmür. Onun sözlərinə görə, yaşayış minimumu həyat şərtlərinə baxılaraq müəyyən olunmalıdır.

“Bizdə ehtiyac meyarına daxil olan hesablamalar çox vaxt müəyyən dərəcədə subyektiv mülahizələrlə aparılır. İnsanlar daha çox hansı zəruri tələbat mallarına ehtiyac duyurlarsa, onun üzərindən aparılmalıdır”, deyən millət vəkili əlavə edir ki, 155 manat “hazırda infilyasiyanın belə tüğyan etdiyi şərtlərdə yüksək rəqəm sayılmır”.

Lakin Fazil Mustafa qeyd edir ki, ölkə büdcəsinin bu il aşağı düşməsi və əhalinin gəlir səviyyəsinin xeyli aşağı olması bu rəqəmə indiki vəziyyətdə baxılmasını real etmir.

“Bütün hallarda vətəndaşın real yaşam şərtlərinə uyğun deyil, qaldırılmalıdır” deyən millət vəkili “ölkənin indiki şərtlərində, müdafiə xərclərinə çox vəsait ayrıldığı halda, düşmən təhlükəsi qaldığına görə, bu məsələnin üstünə çox getmək olmur” deyir.

“(Büdcədə) 16, 5 faizdən artıq müdafiə xərcləridir, bu da vətəndaşa təsirini göstərir”, o əlavə edir.

2 642 000 000 – gələn ilin hərbi büdcə layihəsi

“Niyə dövlət yaşayış minimumunu 155 manat müəyyənləşdirir” sualına isə o cavab verir ki, səbəb dövlətin digər hesablamaları bu rəqəm üzərindən aparması və büdcənin yüklənməsinə imkan verməməsidir.

Onun sözlərinə görə, dövlət digər tərəfdən də bildirib ki, yaşam şərtləri aşağı olanlara sosial yardımlar sferası genişlənməlidir.

Millət vəkili Aydın Mirzəzadə də rəqəmin aşağı olması ilə razılaşsa da “…bu gün dövlətin verə biləcəyi odur” deyir.

“Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Azərbaycan məcburiyyət qarşısında hərbi sahəyə böyük bir vəsait yönəltməli olub.

“Ermənistan işğalı nəticəsində Azərbaycan iqtisadiyyatı bütün gücü ilə açıla bilmir, bu da dövlətin həmin sahəyə kifayət qədər vəsait ayırmasına imkan vermir”, o qeyd edib.

Cənab Mirzəzadə əlavə edir ki, “iqtisadiyyat gücləndikcə, əlavə vəsait yarandəqca, bir sıra məslələr yoluna düşdükcə azad olan vəsait minimumun artırılmasına yönələcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button