2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Azərbaycana asteroid düşə bilərmi?

qenimetzahid-yeniStiven Hokinqin açıqlamasına görə…
Bu zamanlarda dünyanın ən tanınmış fiziklərindən biri olan Stiven Hokinq planetdə hamını qayğılandıran bir açıqlama verib. Əslində, mən Hokinqin bu açıqlamanı ən azı 2 il əvvəl verdiyini xatırlayıram, sadəcə olaraq, Azərbaycan mətbuatında bu bəyanatın üstü indi açılıbsa, qoy, belə də olsun. Stiven Hokinq adlı bu bir nömrəli fizik deyib ki, bəşəriyyət yeni planetdə yaşamaq üçün axtarışlara başlamalı və yaxın 100 ildə yeni planetdə məskunlaşmalıdır. Çünki, Yer kürəsi kosmik qəzalardan sığorta olunmayıb. Onun dediyinə görə Yer kürəsinə asteroid düşə bilər və bu halda Yer yaşanılmaz hala düşə bilər. Kəsəsi, adam deyir ki, Yer kürəsindən daşınacaq bir yer tapıb sivilizasiyanı, insanı xilas etmək lazımdır.
100 il belə bir missiyanın həyata keçirilməsi üçün elə də böyük zaman deyil. Amma indi informasiyanın, elmin- texnologiyanın inkişaf sürətini də nəzərə alsaq, Yer kürəsinin alternativini yaratmaq, bəlkə də, mümkün olar. Görkəmli fizik yaxın alternativlər kimi Ayı və Marsı göstərib, eləcə də Günəş sisteminin dışındakı daha bir planetin adını çəkərək orada da həyatı qurmağın mümkünlüyünü ehtimal edib.
Bu, dünyanın qayğısıdır. Hər il dünyanın böyük dövlətləri, böyük tədqiqat mərkəzləri Yerdən kənar sivilizasiyanın tapılması, yaxud, sivilizasiyanın başqa yerə köçürülməsi üçün aparılan tədqiqatlara böyük pullar xərcləyirlər. Bu, «bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən çoxdur» kimi dəyərsiz bəyanatlar vermək üçün deyil, gerçəkdən, dünyada o qədər böyük missiyaları daşıyan adamlar və mərkəzlər var. Yəni, bəşəriyyətin xilas olması üçün daşınan bir missiya var. Bu, «regionun lider dövləti»nin missiyasından daha kiçik missiya olmasa da, hər halda, ən azı, ona bərabər ola bilər…
Yer kürəsindəki insanların və sivilizasiyanın xilası naminə onu başqa planetə daşımaq, həmin o başqa planetdə həyatın davam etməsi üçün normal təbii şərait yaratmaq missiyası varmış bu dünyada. İndi baxın yerli mənşəli başqa bir xəbərə («Yerli mənşəli» deyil, yerli mənşəli): «Azərbaycanlı telejirnalist Kamran Mahmudov Gürcüstana keçmək istəyəndə saxlanılıb və ona deyiblər ki, ölkəni tərk etmək yasağın var». Nəyə görə saxlanılıb, bu yasaq nəyə görə və kim tərəfindən tətbiq edilib, bəlli deyil. Eləcə, «dayan, geri qayıt və sən ölkədən çıxa bilməzsən».

Babat müqayisədir, elə deyilmi?

Saytların yığılması Saytlarin yigilmasi

Əgər Stiven Hokinqin israr etdiyi plan həyata keçirilsə, Yer kürəsini Kamran Mahmudovu Gürcüstana buraxmayan adamların öhdəsinə buraxıb: «soxun gözünüzə, bu Yer, bu da siz, qırın bir- birinizi, doldurun nəfsinizi, yeyin, partlayıb ölənə qədər yeyin və elə buralarda da gəbərin» deyərək başqalarının buradan köçürülməsi uğrunda bir mübarizə başlayaqmı? O zaman Kamran Mahmudovu Gürcüstana deyil, həmin o başqa planetə buraxacaqlarmı? Yoxsa, «sən Gürcüstana gedə bilməzsən» deyərək Körpünü Sındıracaqlar? «Adam, bu ölkə də, bu körpü də, o Gürcüstan da sizin məzarlığınız olsun, buraxın, mən bu dünyadan gedirəm başqa dünyaya» deyəcəkmi 100 il sonrakı Kamran Mahmudovlar da?!

Doğrudan da, təzada fikir verisinizmi?

100 il əvvəl bir azərbaycanlı şair «əcnəbi göydə balonlarla gəzir» deyə- deyə xiffət və nisgil içində ciyərlərini partladıb bu ölkədən getdi. 100 il sonra da həmin şairə bənzəyən adamları Gürcüstana buraxmırlar, intihara doğru itələyirlər, «özünü öldür, ürəyini partlat və burda qal» hədəsi ilə dünyanın qapılarını azərbaycanlıların sifətinə çırpırlar. 100 il bundan sonra da azərbaycan adamları asteroidlərlə baş-başa qalıb toqquşan Yer kürəsindən «sərhəd yasağın var» əmri ilə geriyə qaytarılacaqlarmış…
Bu zamanlarda dünyanın on milyonlarla adamı öz ölkələrindəki sərhəd və digər yasaqların əlindən qaçaraq Avropaya doluşur. Burada yasaqların olmadığı yerlərdə yaşamaq istəyirlər. Stiven Hokinq böyük fizikdir, elm dəryasıdır, amam mən onun «Yer kürəsi asteridlərlə toqquşa bilər» proqnozunun arxasından başqa mənaları görürəm. Adam demək istəyir ki, öz ölkələrindəki sərhəd yasaqlarının əlində gicələk qalan insanlar bu dünyanın ab- havasını müəyyən edəcək qədər çoxalırlar. Dünya beş-altı axmaq diktatorun və köləyə çevrilən 5- 6 milyard insanın oylağına çevriləcək. Bunlardan xilas olmağın yolu, yeni, mütərəqqi sivilizasiyanı bu zümrədən xilas etməyin yolu başqa bir dünya tapıb oraya daşınmaqdır. Oraya İŞİD-çilərin, neft alverçilərinin, əbədi hakimiyyət hərislərinin, qafasını piy basmış analoqsuz liderlərin gedib çıxa bilməyəcəyi, ən azı uzun bir sürə gedib çıxa bilməyəcəyi bir planet tapıb oralara daşınmaq lazımdır. Hər şeyi yenidən başlamaq və «yevrostil»də tikərək yeni bir Kürədə məskunlaşmaq. Yer kürəsi insanlar üçün cəhənnəmə çevrilir. Marsı cəhənnəmdən cənnətə çevirmək daha rahatdır, nəinki Yer kürəsini sivilizasiyanın qorunacağı hala gərirmək. Axı, Kamran Mahmudovu Gürcüstana buraxmırlar. Gözəl Bayramlı Gürcüstandan gələndə çantasına pul atıb tururlar. Əfqan Muxtarlını Gürcüstanın paytaxtının düz ortasından oğurlayıb gətirirlər… Stiven Hokinq daha nə deməlidir ki? «Allah göydən daş yağdıracaq» proqnozları Allahın daşları götürüb Yer kürəsini daşlayacağı anlamına gələ də bilər, gəlməyə də bilər. Yaxşısı budur ki, Allahın daş yağdıracağı qədər çirkinləşdirilmiş və murdarlaşdırılmış Yer kürəsini onu çirkinləşdirən və murdarlaşdıran geri zəkalıların üstünə atıb başqa bir dünyaya köçəsən… Stiven Hokinqin demək istədikləri budur…

Qənimət Zahid

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button