2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Azərbaycana gələn “ikinci əl” avtomobilləri: hansı ölkələrdən almaq sərfəlidir? – FOTO

Azərbaycana müxtəlif ölkələrdən yeni avtomobillərlə yanaşı, 2-ci əl maşınlar da gətirilir.

Müşahidələr göstərir ki, vətəndaşlar həmin nəqliyyat vasitələrindən “Ford, “Chevrolet”, “Mercedes-Benz”, KİA, “Hyundai” və “Toyota” kimi markalara daha çox meyil edirlər.

Bununla belə, son vaxtlar Almaniya, Cənubi Koreya və Yaponiyaya məxsus markalar əksər hallarda öz ölkəsindən deyil, daha çox okeanın o tayından – ABŞ-dən gətirilir. Nəticədə 2-ci əl avtomobil bazarında “Amerikanka”ların payı xeyli artıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bununla belə, avtomobilin yüksək inkişaf etmiş ölkədən gətirilməsi o demək deyil ki, onda heç bir problem olmayacaq. Avtomobil həvəskarları deyirlər ki, işlənmiş maşınlar arasında qəzaya uğramış, suya düşmüş onlarla model olur ki, bunlar da əsasən hərraclarda satılırlar. Avtomobil biznesi ilə məşğul olan ayrı-ayrı şəxslər və yaxud şirkətlər bu maşınları internetlə alaraq ölkəmizə gətirirlər. Odur ki, həmin avtomobillərin elektronika sistemində, mühərrikində və yaxud sürət qutusunda problemlər yaranır. Buna baxmayaraq, elə 2-ci əl avtomobil modelləri də var ki, vətəndaşlar onların Almaniya, Cənubi Koreya və Yaponiya kimi bazarlardan gətirilmiş variantlarındansa, ABŞ-dən gətirilmiş növlərini daha keyfiyyətli hesab edirlər. Bəs hansı ölkələrdən gətirilən 2-ci əl avtomobilləri almaq sərfəlidir?

Mövzu ilə bağlı mütəxəssislər fikirlərini bildiriblər.

“Avtomobillərin istehsal ilinə diqqət etmək lazımdır”

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru, avtomobil bazarı üzrə ekspert Eyyub Əliyev deyir ki, ABŞ-dən və Avropadan gətirilmiş avtomobilləri alarkən onların istehsal ilinə diqqət etmək lazımdır:

“Adətən ABŞ-dən gətirilən avtomobillər arasında isə 2015-2016-cı ildən sonra istehsal edilənlər, Avropadan gətirilən avtomobillər arasında isə 2012-2013-cü ildən sonra istehsal edilənlər normal olur. Amma başqa məsələlər də var. Məsələn, ABŞ-dən gətirilən avtomobillərdə elektronika problemləri olur. Bu da onunla bağlıdır ki, orada daşqın, sel kimi təbii fəlakətlər çox olur. Bu zaman hansısa avtomobil suyun altında qalır və onun elektronika sistemi zədələnir. Onun bərpası da çox çətindir. Avtomobil günlərlə, aylarla suyun altında qalanda artıq istismara yararlı olmur. Bundan başqa, adətən Gürcüstanın Poti limanında ABŞ-dən gətirilmiş avtomobillərin katalizatorunu çıxarırlar. Üstəlik bu maşınların çoxunun mühərriki yağ itirir.

ABŞ-dən gətirilən, istismar ili yeni olan avtomobillərin də yaxşı vəziyyətdə olanları var. Məsələn, “Ford Fusion” modellərindən narazı olanlar azdır. ABŞ-dən gətirilən “Chevrolet Malibu” modelləri pis deyil. Burada əsas məsələ bizim avtomobili hansı vəziyyətdə almağımızdır. “Chevrolet Malibu” əsasən ABŞ bazarı üçün yığılır və hazırda Azərbaycana bu modellərin hamısı ABŞ-dən gətirilir. ABŞ-dən gətirilən “Mercedes-Benz ML” modelləri isə çox dözümlü olur. Ümumilikdə, ABŞ-dən gətirilən avtomobillərin pis olduğunu deyə bilmərik. Gərək axtarıb yaxşı maşın tapasan. Sadəcə bu maşınların çoxu ABŞ-də istismar müddəti bitmiş, utilizasiya proqramına düşmüş avtomobillərdir ki, onları ölkədən çıxarırlar”.

VIN-kodla bütün nöqsanları görmək mümkündür”

Ekspertin sözlərinə görə, hər bir avtomobilin VIN-kodu var ki, onunla internetdə axtarış verəndə bütün nöqsanları görmək mümkündür:

“Əvvəllər çox adam bu barədə bilmirdi. Həmin dönəmdə bəzi işbazlar ABŞ-dən gətirilən avtomobillərlə bazarı doldurdular. Ümumiyyətlə, tövsiyə edirəm ki, vətəndaşlarımız xaricdən maksimum 3-4 il öncənin avtomobilini gətirsinlər. İstismar müddəti 4 ili keçən avtomobillərdə adətən problemlər yaşanır. Bəzən bəzi modellər barəsində deyirlər ki, bu model avtomobilin yaxşı və ya pis vəziyyətdə olması hansı ölkədən gətirilməsinə görə dəyişir. Mən bu fikirlə razı deyiləm. Məsələn, bəzi şəxslər “Toyota Camry” və “Toyota Corolla” avtomobillərinin ABŞ-dən gətirilmiş variantlarına üstünlük verirlər. Sözügedən modellər çox insanın arzusudur. Xüsusən “Toyota Camry” modelləri ilə bağlı insanların narazılıq etməsinə rast gəlməmişəm. Sadəcə onu qeyd edim ki, ABŞ-də avtomobili çox və necə gəldi sürürlər. Nəticədə onun kilometrajı yuxarı olur. Avropada isə adətən belə deyil. Ona görə də Avropadan gətirilən maşınlar əsasən ABŞ-dən gətirilən maşınlardan daha səliqəli və baxımlı olurlar”.

“Yapon avtomobillərinin kilometrajı az olur”

E.Əliyev deyir ki, ölkəmizə gətirilən yapon avtomobilləri də səliqəli sürülməsi ilə fərqlənir, həm də onların kilometrajı az olur:

“Yaponiyadakı qanuna görə, həftənin yalnız müəyyən günlərində avtomobil sürmək olar. Odur ki, bu ölkədən Azərbaycana gətirilən avtomobillərin kilometrajı aşağı olur. Sadəcə bu avtomobillərin bir qisminin sükanının sağdan sola keçirilmə məsələsi var. Azərbaycanda sükanı sağda olan avtomobili idarə etməyə icazə verilmədiyinə görə, Yaponiyadan belə maşınları gətirəndə onların sükanını sağdan sola keçirirlər. Bunu isə bəzən adi sex şəraitində edirlər ki, bu da sonradan müəyyən fəsadlara səbəb olur”.

“Cənubi Koreyadan gətirilən “Hyundai”, KİA modelləri normal olur”

“Azərbaycana Cənubi Koreyadan gətirilən 2-ci əl avtomobillərin də əksəriyyəti normal vəziyyətdə olur. Onlar ABŞ-dən gətirilən avtomobillərlə müqayisədə daha yeni avtomobillərdir. Xüsusən Cənubi Koreyadan gətirilmiş son 6-7 ilin avtomobillərində böyük problemlər olmur. ABŞ-dən gətirilən tullantı avtomobillərdənsə, Koreyadan gətirilənlər daha məqsədəuyğundur. Amma onların da hamısı yox, haradasa 50-55%-i normal olur. Koreyadan gətirilən “Hyundai Elantra” modelləri səliqəlidir və hələ ki, nüfuzunu itirməyib. KİA modelləri ilə də bağlı narazılıq yoxdur. Adətən Koreyadan idxal edilən 2014-2015-ci illərdən sonra istehsal olunmuş avtomobillər normal olurlar. Bunlar ABŞ-dəki kimi zədəli maşınlar deyillər”, – ekspert bildirir.

“Çinin 2-ci əl avtomobillərinə etibar olunmur”

Onun sözlərinə görə, son zamanlar Azərbaycana Çindən də 2-ci əl avtomobillərin gətirilməsi müşahidə edilir:

“Amma mən belə avtomobillərə bir qədər şübhəli yanaşıram. Çünki bu avtomobillərin bazarı son 7-8 ildə formalaşmağa başlayıb. Ona görə də Çin avtomobilləri ilə bağlı ölkədə mütəxəssislər sayseçmədir. Bəzən Çindən elə 2-ci əl avtomobillər gətirilir ki, onların burada nə servisi var, nə də ustası. Bu avtomobilləri alanda gələcəkdə onun ehtiyat hissələrinin tapılması ilə bağlı problem yaşana bilər. Xaricdən avtomobil alanda həmin modelin Azərbaycanda satışda olub-olmamasına baxmalıyıq. Burada satışda olan avtomobili rahatlıqla ala bilərik”.

“Kilometrajın geri çəkildiyini rəsmi servisdə bilmək olur”

“Bəzən xaricdən gətirilən avtomobillərdə kilometrajın geri çəkilməsi halları olur. Ümumiyyətlə, 2-ci əl maşın alarkən onu rəsmi servisində diaqnostika etdirsək, daha yaxşı olar. Çünki rəsmi servisdə onların diaqnostikası üçün zavodun təyin etdiyi istənilən cihazlar var. ABŞ-dən Azərbaycana gətirilən avtomobillərin kilometrajının geri çəkilməsi adətən Gürcüstanda baş verir. Ümumiyyətlə qonşu ölkədə avtomobillə bağlı istənilən fırıldaqçılıq olur. Bunu isə rəsmi servisdə aşkarlamaq mümkündür. Çünki orda həmin avtomobilin istehsal olunduğu zavodlarda təlim keçmiş mütəxəssislər var ki, kilometrajın geri çəkildiyini bilirlər”, – E.Əliyev əlavə edib.

“Cənubi Koreyadan dizellə işləyən avtomobil almaq sərfəlidir”

Azərbaycana 2-ci əl avtomobillərin gətirilməsi və satışı ilə məşğul olan şirkətlərdən birinin rəhbəri Əli Əliyev isə deyir ki, bəzi modelləri Cənubi Koreya, Yaponiya və Avropa ölkələrindən almaq sərf edirsə, bəzi modellərin ABŞ variantları daha məqsədəuyğundur: “Məsələn, dizellə işləyən KİA və “Hyundai” avtomobillərini Cənubi Koreyadan almaq daha yaxşıdır. Xüsusən dizellə çalışan “KİA Sorento”, “KİA Cerato”, “Hyundai Elantra” modellərini Cənubi Koreyadan gətirmək uyğundur. ABŞ-də həmin avtomobillərin dizellə işləyən variantı olmur. Digər tərəfdən, həmin avtomobillər ABŞ-dən gətirilən variantları ilə müqayisədə vuruqsuz və qiymətə görə sərfəli olur. Benzinlə çalışan “Hyundai Elantra”, “KİA Cerato” modellərini isə ABŞ-dən yüngül vuruqla gətirmək sərf edir. Bu, həm qiymət baxımından sərfəlidir, həm də ABŞ-dən gətirilən həmin modellərdə 1 800 kubsantimetr həcmli sadə mühərriklər olur və həmin mühərrikləri “Aİ-92” markalı benzinlə işlətmək olar. Amma Koreyadan gətirilən eyni model avtomobillərdə CDİ mühərrik olur ki, bu mühərriki “Aİ-95” markalı benzinlə işlətmək məsləhətdir. Ona görə də Koreyadan ancaq dizellə işləyən avtomobilləri almaq sərf edir”.

“Carfax” hesabatı ilə avtomobilin tarixçəsinə baxmaq lazımdır”

Ə.Əliyev ABŞ-dən alınan avtomobillərin yaxşısını necə ayırd etmək yolları barədə də məlumat verib: “Avtomobili alarkən internetdə VIN-kodu ilə axtarış verdikdə onun hərrac saytlarındakı şəkillərində zədəsinin hansı hissədə olduğunu görmək mümkündür. Həmin şəkillər avtomobilin ölkədən çıxmazdan öncəki son vəziyyətinə aid olur. “Carfax” hesabatı vasitəsilə isə avtomobilin tarixçəsinə baxılır. Ola bilər ki, avtomobilin hərrac saytındakı şəkillərində onun zədəsinin ciddi olmadığı görünsün, amma avtomobil həmin şəkillərin çəkilməsindən bir neçə il öncə ağır qəza keçirmiş olsun. Bunu “Carfax” vasitəsilə bilmək olur. “Carfax” hesabatı ödənişlidir. Bu hesabatda avtomobilə hansı tarixlərdə servis xidməti göstərildiyi, onun yağının nə vaxt dəyişdirildiyi, nə vaxt qəza keçirtdiyi kimi məsələlər qeyd edilir. Hərrac saytlarında isə avtomobilin zədəsinin nəyə görə və hansı hissədən olması, suda qalması, doluya düşməsi yazılır. “Carfax”da isə tarixçəni görmək olur. İlk dəfə hərracdan avtomobil axtaran şəxs çətin ki, özü baxmaqla bu məsələləri bilsin. Amma avtomobil satışı ilə məşğul olan şirkətlərə bunu bilmək asandır. Bəzən hərrac saytındakı şəkildə görünür ki, avtomobilin zədəsi yoxdur və yaxud yüngüldür. Amma “Carfax”la tarixçəyə baxanda bilirik ki, onun əvvəl zədəsi olub, sonra maşına kosmetik düzəlişlər edilib, amma onun texniki problemləri qalıb. Bunlar çox zaman diler avtomobilləri olur. Belə hallar istənilən modeldə yaşanır. Həmin avtomobilləri biz ayırd edə bilirik. Sığortalı avtomobilləri isə qəza keçirən kimi dərhal meydançaya qoyur və üzərində heç bir dəyişiklik etmədən hərraca çıxarırlar”.

“ABŞ-dən gətirilən hibridlərin ehtiyat hissəsi çətin tapılır”

Ə.Əliyevin sözlərinə görə, Azərbaycanda ABŞ avtomobilləri ilə digər bazarların maşınlarının ehtiyat hissələrinin qiymətində fərq olur: “Bu, əsasən hibrid avtomobillərdə yaşanır. Məsələn, “Toyota Camry” modelinin hibrid variantı ilə benzinlə işləyən variantının ehtiyat hissələrinin qiyməti fərqlənir. ABŞ-dən gətirilən hibrid avtomobillərin ehtiyat hissəsi bir az çətin tapılır. Tapılanda da ya baha olur ya da orijinal olmur. Bəzən ABŞ-dən gətirilən təzə maşınların da ehtiyat hissəsi tapılmaya bilər. Amma bu onların ABŞ avtomobili olmasına görə yox, təzə model olmasına görədir”.

“ABŞ maşınlarına “Aİ-95” tökülməlidir”

Müsahibimiz ABŞ avtomobillərinin əsasən “Aİ-95” markalı benzinlə işlədiyini də bildirir: “Əvvəllər ABŞ-dən gətirilən “Chevrolet Malibu” və “Ford Fusion” avtomobilləri çox satılırdı. İndi onlar çox da məşhur deyil. “Aİ-95” markalı benzinin qiyməti artandan sonra bu modellərin satışı zəiflədi. Çünki Azərbaycana gətirilən bu model avtomobillər 1 500 kubsantimetr turbo mühərriklidir. Bu mühərrik isə yüksək oktanlı yanacaq tələb edir. “Ford Fusion” özlüyündə yaxşı avtomobildir, amma ona “Aİ-95” markalı benzin vurulmalıdır. Azərbaycanda ABŞ-dən gətirilən avtomobillər sırasında istehsal ili 2015-ci ilə qədər olan “KİA Cerato”, “Hyundai Elantra” modellərini “Ai-92” markalı benzin ilə sürmək olar. Bunlar məsləhətli avtomobillərdir. Hətta həmin modellərin 2016-2017-ci illərdə istehsal olunmuş növlərinə də “Aİ-92” benzini vurmaq olar. Koreyadan gətirilən “Ai-92” benzini ilə işləyən “Hyundai Sonata”, “KİA Optima” modelləri 2 000 kubsantimetr sadə mühərrikli olur. ABŞ-dən gətirilən 2 000 kubsantimetr mühərrik həcmli bu modellər isə sadə mühərrikli olmur. Məsələn, oradan gətirilən “KİA Optima” modelləri 2 000 kubsantimetr həcmli turbo mühərriklidir. Onlara “Aİ-95” markalı benzin vurulmalıdır. Bizdə bu avtomobillərə “Ai-92” benzini vururlar, ona görə də avtomobil tez sıradan çıxır. Bir də ABŞ-dən gətirilən 2 000 kubsantimetr həcmli turbo mühərrikli və 2 400 kubsantimetr mühərrik həcmli “KİA Optima” modellərində yağ nasosu ilə bağlı problem olur. Onların yağ nasosunu 80 min kilometrdən bir dəyişmək lazımdır. Elə 2-ci əl avtomobil modelləri var ki, onları alandan bir neçə il sonra qiyməti çox da enmir. Məsələn, “Toyota Corolla” avtomobilinin qiyməti illər keçdikcə çox da dəyişmir. Amma bəzi modellərin qiyməti tez enir. Bu, xüsusən istehsal ili təzə olan ikinci əl avtomobillərə aiddir”.

“Hazırda 2010-cu ildən sonra istehsal olunmuş 2-ci əl “Mercedes-Benz” modellərinə tələbat azdır. O avtomobilləri satış məqsədilə çox az adam gətirir. Çünki bu avtomobillər artıq əvvəlki qədər etibarlı hesab edilmir. Yapon avtomobillərində isə sükan sağda olur. Buna görə də biz şirkət olaraq bu avtomobilləri almırıq. Yaponiyaya sifarişlə gətirilmiş BMW, “Mercedes-Benz” modelləri var ki, onların sükanı solda olur. Amma həmin maşınlar da çox baha qiymətə olduğu üçün satışı zəifdir”, – Ə.Əliyev əlavə edib.

Mütəxəssislərin sözlərindən belə qənaətə gəlmək olar ki, Azərbaycan bazarında əsasən Cənubi Koreya və Yaponiyadan gətirilmiş 2-ci əl avtomobillər özünü doğruldur. Etibarlılıq baxımından ABŞ avtomobilləri də bir o qədər təhlükəli hesab edilmir. Bir şərtlə ki, onların texniki vəziyyəti dərindən araşdırılsın və sonra alınsın. Avropa ölkələrindən gətirilən avtomobillərin isə ölkəmizdə getdikcə nüfuzunu itirdiyi görünür. (Report)

The post Azərbaycana gələn “ikinci əl” avtomobilləri: hansı ölkələrdən almaq sərfəlidir? – FOTO appeared first on 24 saat.

“24 saat “Azərbaycana gələn “ikinci əl” avtomobilləri: hansı ölkələrdən almaq sərfəlidir? – FOTO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button