2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimiSiyasət

Azərbaycanda analoqu olmayan neodiktatura qurulub

Cəmil Həsənli

“Bizi ayrı diktaturalarla müqayisə etmək qüsurludur. Azərbaycan dünyaya neodiktatura nümunəsi verir. Məhəmməd Rza şah monarx idi. Tək monarx deyildi, həm də müstəbid idi. Amma çox nəzakətlə bir neçə nəfər ona yaxın olan şəxsləri parlamentdə görmək arzusunu saray nazirinə eyhamla ifadə edirdi. Parlamentə seçiləcək deputatların tam siyahısı heç vaxt Niyavəran sarayından gəlmirdi.

2010-cu ilin may ayının 29-da Azərbaycanda dünyanın ən “uca” bayrağının qaldırılması mərasimində elə həmin dünyanın ən aşağı bir hadisəsi baş vermişdi. Tədbirə fəaliyyətdə olan deputatlar deyil, texniki bir səhv ucbatından 5 ay sonra, 2010-cu ilin oktyabrında seçiləcək “deputatlar” dəvət edilmişdilər. Parlamentin siyahısı 5 ay öncədən hazır idi. 2013-cü ilin 9 oktyabrında keçiriləcək prezident seçkilərinin nəticələri MSK-nın texniki bir ehtiyatsızlığından dolayı oktyabr ayının 8-də dünyaya bəlli olmuşdu. 2015-ci ilin parlament seçkilərinin nəticələrini isə bir sıra dostlarla birlikdə hakimiyyət kuluarlarından sızan məlumatlar əsasında seçkidən 22 gün əvvəl mətbuatda dərc etmişdik. 125 deputatdan 121-i, yəni 96 faizi öz təsdiqini tapdı.

Saytların yığılması Saytlarin yigilmasi

ATƏT-in Varşava Bürosunun monitorinq missiyasının rəyinə görə 2008-ci ilin prezident seçkilərində saxtakarlığın səviyyəsi 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz, 2013-cü ilin prezident seçkilərində 58 faiz olmuşdu. Neodiktatura qaydalarına görə son illər yalnız seçkilər deyil, Mərkəzi Seçki Komissiyası, Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyaları formal xarakter daşıyır. Yəni bu 3 mərtəbəli seçki komissiyaları hətta seçkini saxtalaşdıracaq qədər “müstəqil” deyillər. Burada ən mühüm məsələ protokolları “təmiz” saxlayıb, məntəqədə nə baş verməsindən asılı olmayaraq, prezident aparatının təlimatı üzrə MSK-nın ən müasir innovasiya mərkəzində seçkidən xeyli əvvəl hər bir məntəqə üçün hazırlanmış rəqəmləri protokollara yazmaqdır. Ona görə məntəqə seçki komissiyasının başlıca vəzifəsi bu “rəqəm” gələnə qədər protokolu “təmiz” saxlamaqdır. Son illərin seçkilərdə protokolların surətlərin bir kimsəyə verilməməsi də məhz bu “timizliklə” bağlıdır.

Çoxsurətli protokol mərhələsi arxada qaldı. İndi Əfruz xalanın Ərəbzəngi roluna girməsinin, kütləvi karusel, topa bülleten atılmasının son nəticəyə heç bir təsiri yoxdur. Bunlar yalnız aldanmağa “meylli” olan avropalılara seçki göstərgisidir, onlar bu “aktivliyi” görüb Azərbaycan seçkilərini Almaniya seçkiləri ilə müqayisə “imkanı” əldə edə bilsinlər. Seçki institutunu məhv edən bu vəziyyəti aradan qaldırmaqdır günün vəzifəsi, siyasətin hədəfi, hədəfin nişangahı.

Seçki institutunun aradan qaldırılması neodiktaturanın tənha əlaməti deyil. Klassik dikatorlardan fərqli olaraq Azərbaycan neodiktaturası pul və sərvətə yalnız hakim ailənin hüdudsuz, hakim elitanın “hesabatlı” varlanma istəyi kimi deyil, həm də bütün qapılara düşən açar kimi baxır. Beynəlxalq təşkilatların ələ alınmasında, münasib şəxslərin həmin təşkilatlarda rəhbər vəzifələrə seçilməsində, insan haqları və siyasi məhbus məruzələrinin önlənməsində, qonşu ölkədən jurnalist oğurlanmasında, hətta saxta idman medalları “qazanılmasında” ölkədən talanan hüdudsuz korrupsiya pulları məhz həmin o sehrli açar rolunu oynayır.

Neodiktatura şəraitində konstitusiya asanlıqla urvatdan düşüb prixod dəftərinə, el dilində desək aşsüzənə çevrilə bilir. Səlahiyyətləri ana yasa ilə sərhədlənən monarxiyalarda belə ali qanun toplusuna belə hörmətsiz münasibət sərgilənmir. İlham Əliyevin neodiktaturaya yolu konstitusiyanı özünün və ailəsinin xeyrinə dəyişməkdən keçir. O, əvvəl öz maraqlarına uyğun olaraq konstitusiyanın bir nəfərin ikə dəfədən artıq prezident seçilməsini qadağan edən maddəsini qaldırdı, sonra da ailəsinin maraqlarına uyğun həyat yoldaşının ölkənin ikinci şəxsi olmasına yol açdı.

Keçmişdə pişiyi evə öyrəşdirmək üçün ayaqlarına yağ çəkirdilər. XXI əsrin ilk günlərindən Qərb siyasətçi və parlament üzvlərinin geniş bir dairəsinin ölkəyə ayaq açması, Əliyev rejiminin dəstəkçilərinə çevrilməsi qara kürünün “instinktiv”təsir imkanları, hər sentinə ölkə vətəndaşının əşhədü-ehtiyacı olan vəsaitlərin bu şəbəkənin kürüdən də qara olan bank hesablarına keçirilməsi ilə bağlıdır. Yeganə işlək müəssisə kimi “Rüvət fabrikası” acımış bir ölkənin dünyanın pul axtarandan tutmuş macara axtaranlara qədər bütün yaramazlarının cazibə mərkəzinə çevrilməsi neodiktaturanın beynəlxalq kriminal şəbəkəsindən xəbər verir.

Neodiktatura dünyanın ən uca bayrağı kölgəsində pul yeməyi, neft pulları hesabına Qəbələdə dünyanın ən bahalı orkestrinə Bethoveni çaldırıb multikultral bir ortam nümayiş etdirməyi bacarır. Lakin elə həmin musiqinin yayıla biləcək ətrafda sahibi üçün su daşımaqdan beli yağır olmuş ulağın nagəhan anqırtısı qulaq batırır. Tavanından ilan salanan Mamaylı kənd məktəbi şagirdələrinin ekzotik təhsil həyatı dünyaya yeni bir multikultural acılımdan xəbər verir.

Bir dəfə Stalin müharibdən sonra seyfində saxladığı əmək haqqından qızı Svetlanaya bir restoran naharına yetəcək qədər pul verəndə onu bədxərcliyinə görə məzəmmət etdi. Franko və Pinoçetin də böyük pulları çıxmadı. Lukaşenka və Kim Çen Inın də öz ölkəsindən oğurluq etmələrinə dair diqqəti cəlb edən bir fakt yoxdur. Bu qədər hay-küydən sonra dünya mətbuatı Zimbabve diktatoru Muqabenin həyat yoldaşı Qreysin 100 min dollarlıq bazarlığından, 15 min dollarlıq kirayənişinliyindən yazır. Bunlar neodiktatura olkəsi olan Azərbaycan hakim ailəsi üçün “penny”, yəni qəpik-quruş sayıla bilər.

Kimin ağlına gələr ki, dünyanın adlı-sanlı diktatorları Stalin, Franko, Məhəmməd Rza Pəhləvi, Pineçet, Muqabe, Kim Çen In, hətta Bəşər Əsəd belə ölkəsinin müdafiə nazirliyindən, hərbi sənaye nazirliyindən, föqəladə hallar nazirliyindən gizli ofşor hesablara əyri yollarla pul keçirsin, ölkəsinin kəşfiyyat büdcəsini natəmiz yollarla London gizli hesablarına ötürsün, xarici silah alverindən “şapka” alsın. Ərazisi işğal olunmuş ölkənin hakimiyyəti, hakim elitası belə natəmiz əməllərə qurşananda, İlham Əliyevin ölkədə bərqərar etdiyi neodiktatura təbliğatı 25 ilə yaxındır işğal altında olan Böyük Mərcanlını unutdurub, “qələbə” çələngini asanlıqla Cocuq Mərcanlının başına qoya bilir.”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button