2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda hər gün aliment verməyən çox sayda adam saxlanılır

Bakı/25.11.21 Ötən gün Azərbaycanda borclu şəxs qismində axtarılan 59 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili İşlər Nazirliyi tərəfindən yayılan gündəlik statistikaya görə, 60-70 nəfər borclu şəxs qismində saxlanılır. Həmin şəxslərin əksəriyyəti aliment borcu olan şəxslərdir.

Aliment ödəməyənlər çoxdurmu? Həmin şəxslər niyə aliment ödəmirlər?

Saytların yığılması Saytlarin yigilmasi

Ədliyyə Nazirliyindən Turan-a verilən məlumata görə, icraatda olan hər 8 işdən biri uşaqların birbaşa hüquqlarına toxunan və icrası davam edən kateqoriyaya aid olan aliment tələbləri üzrə cari ildə 60 minə yaxın icra işinin hər ay tamlıqla tutulması təmin edilib.

Fiziki və hüquqi şəxslərə 300 milyon manatadək, o cümlədən aliment işləri üzrə 37 milyon manata yaxın vəsait ödətdirilib. Bununla yanaşı, 2021-ci ildə icradan yayınma hallara yol verən 2800 şəxs inzibati məsuliyyətə cəlb olunub, 244 borclunun barəsində cinayət işi başlanılıb. İcradan qərəzli yayınan 1562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1245 nəfərin üzərindən isə əvvəllər qoyulmuş belə məhdudiyyətlər götürülüb.

Ombudsman Aparatından Turan-a bildirilib ki, alimentin borclu tərəfindən ödənilməməsi və ya ödənişdən boyun qaçırılması, yubadılması halları indi çoxalıb: “Aliment borcunun ödənilməsindəki çətinliklər qeyd edilən hallarla yanaşı, borclu tərəfin işləməməsi və yaxud onun gəlirlərinin müəyyən edilməməsi səbəbindən də yaranır. Təcrübə   göstərir ki, getdikcə daha çox halda ödənişin təmin edilməsində problemlər müşahidə olunur”.

Qurumdan qeyd olunub ki, boşanmaların sayının artması, himayəsində azyaşlı uşaqlar olan və alimentə təminat vasitəsi kimi ehtiyacı olan işləməyən qadınların daha çox olduğunu nəzərə alaraq Aliment Fondunun yaradılması mexanizminin hazırlanıb tətbiq edilməsi zəruridir.

Aparatdan vurğulanıb ki, fond alimentin borcludan sonradan məcburi qaydada alınması şərti ilə müvafiq dövlət qurumu tərəfindən ödənilməsini təmin edən ayrıca, ya da hansısa müvafiq dövlət qurumunun tabeliyində fəaliyyət göstərə bilər: “Belə Fondlar xarici ölkələrin təcrübəsində var. Ayrı-ayrı ölkələrdə həmin fondlar müxtəlif səlahiyyətlərə malikdirlər və geniş funksiyaları var”.

Qurumdan bildirilib ki, bu sistemin qurulması üçün əsas üç məqamın olması vacibdir: “Birincisi, qanunvericilikdə kompleks yeniliklərin, əlavə və dəyişikliklərin edilməsi zəruridir. İkincisi, struktur islahatları, məqsədyönlü tədbirlər görülməlidir. Üçüncüsü isə büdcədən maliyyənin ayrılması, maliyyə dayanıqlılığının təmin edilməsi istiqamətində tədbirlərin icrasıdır”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də bildirilib ki, hazırda bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da alimentin ödənilməməsi aktual problem olaraq qalmaqdadır: “Borclu olan tərəflər bir çox hallarda aylıq gəlirlərinin aşağı olması səbəbindən aliment ödəyə bilmədiklərini bildirirlər. Bəzi hallarda isə yenidən nikaha daxil olduqları üçün xərclərinin artmasını əsas gətirirlər. Ancaq komitəyə daxil olan müraciətlər əsasında aliment borcunun qəsdən ödənilməməsi halları da aşkarlanır. Bu halda aidiyyəti quruma məlumat verilir”.

Komitədən qeyd olunub ki, alimentin ödənilməsi ilə bağlı fasilələr olduqda uşaqların maddi təminatlarının davamlılığı pozulur, bu da birbaşa uşaq hüquqlarının pozulmasıdır.

Vurğulanıb ki, 2011-ci ildə alimentlərin ödənməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, yeni mexanizmin hazırlanması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac var.

Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən «Azərbaycan Respublikasının 2021-2030-cu illər üzrə Ailə Strategiyası»nın layihəsi hazırlanır ki, həmin layihədə alimentin ödənilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi nəzərdə tutulur.

Vəkil Zibeyda Sadıqova bildirib ki, Ailə Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan uşaqlar valideynlər tərəfindən saxlanmalıdırlar: “Əgər valideynlər arasında nikah pozulubsa, uşağın qaldığı valideyn digər valideyndən pul, yəni aliment tələb edə bilər. Qanuna görə, aliment uşaqların sayına əsasən digər valideynin qazancından və digər gəlirlərindən tutulur. Bir uşaqdırsa qazancının ¼ hissəsi, iki uşaqdırsa 1/3 hissəsi, 3 və ya daha çox uşaqdırsa valideynin qazancının ½ hissəsi tutulur.”

Vəkil deyir ki, Azərbaycanda işsiz və qazanc əldə edə bilməyən valideynlər var: “O zaman məhkəmə hər uşaq üçün sabit məbləğdə, yaşayış minimumu miqdarında alimentin tutulması ilə bağlı qərar verə bilər. Sonra isə qətnamə dərhal icraya yönəldirilir”.

O qeyd edib ki, Azərbaycanda aliment ən ağır problemlərdən biridir: “Müraciət edən qadınların əksəriyyəti alimentin ödənilməməsindən şikayət edirlər”.

Ekspertin sözlərinə görə, alimentin ödənilməsindən yayınan şəxslər adətən işləmədiyini və yaxud da ödəmək istəmədiyini səbəb gətirirlər: “Yayınma varsa icraçı İnzibati Xətalar Məcəlləsinin müvafiq tələblərinə uyğun işlər görməlidir, yəni xəbərdarlıq, inzibati həbs üçün məhkəməyə müraciət etməlidir. Dəfələrlə inzibati tədbirlərin görülməsinə baxmayaraq şəxs yenə yayınırsa, barəsində cinayət işi başlanılır.

Vəkil vurğulayıb ki, alimentin ödənilməməsi problemi valideynlərin əksəriyyəti işsiz olduğuna görə yaranır.

“Qanunvericilik bunu tənzimlənməlidir və Aliment Fondu yaradılmalıdır”, – o qeyd edib.-0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button