2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanda karqo şirkətləri ilə bağlı mənzərə: tələblər sərtləşdirilməlidir, yoxsa…

AİB sədri: “Əksinə, onlara imkan yaratmaq lazımdır”

Azərbaycanda karqo şirkətlərinin sayı günbəgün artır.

Şirkətlər artdıqca, bazara yeni karqo firmaları daxil olduqca, istehlakçı şikayətləri də bir o qədər çoxalır.

Saytların yığılması Saytlarin yigilmasi

Şikayətlər isə müxtəlifdir: istehlakçının sifariş etdiyi malın ona gec, ya da ümumiyyətlə, çatdırılmaması, məhsulun izləmə sistemindən çıxması, məhsulun qablaşdırmasının ya da özünün istehlakçıya zərər çəkmiş formada çatdırlması, alınan məhsulu dəyişmək və ya qaytarmaq istəyəndə yaranan problemlər.

“Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Şaiq Qəribzadə təklif edib ki, ölkədə kaqro fəaliyyətinə tələblər sərtləşdirilsin.

Onun sözlərinə görə, tələblərin yumşaq olması bazarı qeyri-peşəkar şirkətlərlə doldurub.

O əlavə edib ki, lisenziya şərtləri asan olduğu üçün hazırda ölkədə faəliyyət göstərən karqo şirkətlərinin sayı 200-ə yaxınlaşıb:

“Təəssüf ki, şirkətlərin hamısına eyni cür lisenziya verilir. Türkiyədən məhsul çatdıran da, dünyanın tanınmış daşıma şirkətini təmsil edən də, hətta Azərbaycan daxilində məktub daşıyan şirkət də eyni cür lisenziya alır. Çünki bunun üçün qeyri-yaşayış təyinatlı kiçik bir ofisin, bir əməkdaşın olması, 1 600 manat rüsum ödənilməsi kifayət edir. Halbuki bir çox ölkədə lisenziya almaq üçün bank zəmanəti, müəyyən qədər işçi və avtomobillər olmalıdır. Lisenziyaya tələblər sərtləşdirilməlidir ki, hər yoldan keçən poçtdaşıma ilə məşğul olmasın”.

Şaiq Qəribzadə. Foto: “Yeni Müsavat”

Şaiq Qəribzadə deyib ki, hər adam bu işlə məşğul olanda problemlər yaranır, sifarişlər vaxtında çatdırılmır, şirkətlər öhdəliklərini yerinə yetirmir:

“Lisenziyaya tələblər sərtləşdirilsə, əminəm ki, bazarda şirkətlərin sayı azalar, xidmətin keyfiyyəti artar. Bazar elə də böyük deyil ki, 200-ə yaxın poçtdaşıma şirkəti olsun”.

Assosiasiya sədrinin sözlərinə görə, hazırda bazarda haqsız rəqabət halları da müşahidə edilir:

“Yeni bir karqo şirkəti yaranır, müştəri cəlb etmək üçün aşağı qiymət təklif edir və bir neçə ay ziyanla işləyir, müştəri toplayandan sonra qiyməti artırır. Az sonra başqa bir şirkət bu üsulla bazara daxil olur. Bu, həm xarici, həm də daxili poçt daşımaları ilə bağlı baş verir. Bundan başqa, qeyri-peşəkar şirkətlər tenderlərdə aşağı qiymət təklif etməklə bazarda qiymətləri aşağı salır və buna görə peşəkar şirkətlərin bu sahəyə investisiya etmək imkanları olmur”.

İqtisadçı-ekspert Natiq Cəfərli karqo şirkətlərinin lisenziya almaqla bağlı şərtlərin sərtləşdirilməsi təklifini doğru hesab etmir.

Natiq CəfərliNatiq Cəfərli
Natiq Cəfərli, Foto: Meydan TV

O deyir ki, Azərbaycan hökuməti, idarəetmə sistemi rəqabətin düşmənidir:

“Rəqabət olan yerdə inkişaf, fərqli maraq qrupları, siyasi sistemdən asılı olmayan iş adamlarının yaranması ehtimalı nəzərə alaraq hər sahədə rəqabəti boğmağa, hətta cücərtilərini belə məhv etməyə çalışırlar. Vətəndaş özü karqo şirkətini seçə bilirsə, hansı şirkət normal fəaliyyət göstərəcəksə, ondan da sifariş edəcək. Dövlət bu işə niyə qarışsın? Sadəcə, dərdləri başqadır – son illər onlarla yeni karqo şirkətləri yaranıb, onlayn sifarişlər artıb”.

“Əsasən məmurlara bağlı iri şəbəkə mağazaların alverləri azalıb. Bu yolla, sərtləşdirici addımlarla karqo xidmətini inhisarlaşdırıb, bahalaşdırmaq istəyirlər ki, sifarişlər azalsın, sərfəli olmasın. Məmur biznesinə aid mağazaların alveri artsın – vəssalam, bu mənasız yanaşmanın başqa izahı ola bilməz. Hər işıq gələn yerə öz korrupsioner və inhisarçı barmaqlarını soxurlar”, – deyə Cəfərli bildirib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə hesab edir ki, Azərbaycanda karqo şirkətlərinin fəaliyyəti sərtləşdirilməməli, əksinə, onların faəliyyəti üçün imkanlar yaradılmalıdır.

Hüseynovun fikrincə, bunun əvəzində isə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna dəyişikliklər edilməlidir:

“Qətiyyən inhisarçılığa yol vermək olmaz. Hökumət elə bir siyasət aparmalıdır ki, bazarda yeni şirkətlər olsun, qiymətlər aşağı düşsün, keyfiyyət isə qalxsın. 1995-ci ildə qəbul olunan “İstehlakçıların müdafiəsi haqqında” Qanun artıq köhnəlib, müasir, onlyan ticarətin tələblərinə cavab vermir. Qanunun təkmilləşdirilməli, onlayn ticarət, karqo şirkətləri ilə bağlı məsələr də orada öz əksini tapmalıdır”.

Eyyub HüseynovEyyub Hüseynov
Foto: Eyyub Hüseynovun şəxsi arxivindən

AİB sədri Meydan TV-yə deyib ki, cəmiyyətdə olan problemin kökünü qanunlarda axtarmaq lazımdır:

“Prezident deyir ki, ölkənin əmtəə bazarında kartel sövdələşmələri, süni qiymət artımı var. Lakin bunu həll etməyə cavabdeh olan dövlət qurumları prezidentin tapşırıqlarını qulaqardına vurur. Buradan da istehlakçı hüquqlarının pozulması meydana çıxır”.

“Hökumətin vəzifəsi odur ki, azad bazar iqtisadiyyatı şəraiti yaratsın. Kartel sövdələşmələri ləğv olunsun, haqsız rəqabət mühiti ortadan götürülsün. Lakin hökumət bunu etmək istəmir. Çünki məmurlar, qərar qəbul edən adamlar özüləri bizmeslə məşğul olur. Ona görə də Rəqabət Məcəlləsi on ildən çoxdur ki, müzakirə edilib, lakin qəbul olunmur”, – deyə o bildirib.

Meydan TV bir neçə karqo şirkəti ilə əlaqə saxlasa da, təmsilçiləri bu barədə danışmaq istəməyiblər.

2006-cı ildən müzakirə edilən Rəqabət Məcəlləsi layihəsi hazırdır.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında əksini tapıb. Layihə 2023-cü ildə qəbul ediləcək.

Hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir.

2020-ci il avqustun 23-dən etibarən Dövlət Gömrük Komitəsinin və Nazirlər Kabinetinin qərarı ilə onlayn alışa limit qoyulub.

Azərbaycan vətəndaşı şəxsi istehlak üçün internet üzərindən alış-veriş edərkən ay ərzində ölkəyə ümumi məbləği 300 (510 manat) dollardan artıq olmayan mal gətirə bilmir.

Əvvəllər bu məbləğ 1000 (1700 manat) dollar idi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button