2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda məhkəmə labirinti: Vətəndaşın başına hansı oyun açılıb?

“40 ildir həkiməm, məhkəmə öz pulumla aldığım evi, maşını əlimdən alır”
 
Bir neçə gün öncə Ali Məhkəmə tərəfindən evinin və maşınının müsadirə olunması ilə bağlı qərar çıxarılan həkim qərardan şikayətçidir. 

“Qafqazinfo”ya müraciət edən həkim Oruc Məhərrəmov əmlaklarının onunla heç bir əlaqəsi olmayan məhkəmə prosesi nəticəsində müsadirə olunduğunu deyir: “Həyat yoldaşımın anası, “Bulaq-2” MTK-nin direktoru olmuş Elmira Şirinova bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı ittiham olunub və istintaq dövründə vəfat edib. Binanın tikintisi zamanı sədr olmuş Samir Quliyev də məsələ ilə bağlı saxlanılmışdı. Haqqında şahid ifadələri, ona pul verilməsi ilə bağlı ərizələr olmağına baxmayaraq, Samir Quliyev bir müddət sonra bəraət aldı. İndi isə Bakı Ağır Cinayətlər Məhkəməsi mənim evim, maşınım və qızımın maşınının müsadirə edilərək satılmasına qərar verib. Həmçinin, Elmira xanımın digər övladları və nəvələrinin əmlakları ilə bağlı eyni qərar çıxarıldı. 

Binəqədi rayonu, Rəşid Behbudov küçəsində yerləşən mənzilim və “Mercedes C 320” minik markalı avtomobilim, həmçinin qızım Fidan Məhərrəmovanın adına olan “Kia Optima” minik markalı avtomobilin üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub. 

Saytların yığılması Saytlarin yigilmasi

İstintaq və məhkəmə belə qənaətə gəlib ki, guya bu əmlaklar Elmira xanımın olub, sadəcə qohumlarının, bizim adımıza alıb. Mərhum Elmira Şirinova bizim qohumumuzdur. Onun bina tikintisi ilə məşğul olduğu barədə məlumatımız olub, lakin başqa əməllərindən məlumatsız olmuşuq. Həmçinin, qeyd olunan əmlakları təqsirləndirilən şəxs Elmira Şirinova hələ yuxarıdakı hökmlə istinad edilən cinayət əməllərini törətməmişdən öncə özümüz əldə etmişik. Digər qohumlarına məxsus əmlaklar da uzun illər öncə alınıb, heç tarixlər belə üst-üstə düşmür”.

40 ildir həkim işlədiyini deyən şikayətçi evi öz vəsaiti hesabına əldə etdiyini bildirib: “COVID-19 pandemiyası başlayandan xəstəliklə mübarizə aparan həkimlər sırasındayam. Həmçinin 44 günlük müharibə dövründə dəfələrlə cəbhə bölgəsində peşəmi yerinə yetirmişəm. Mən Azərbaycan səhiyyəsi üçün çalışan zaman məhkəmələrimiz mənim illər öncə, öz zəhmətimlə əldə etdiyim əmlaklarımın əlimdən alınmasına qərar çıxarıb. Niyə? Hansı əsasla? Hansı qanuna istinadən?

Binəqədi rayonunda yerləşən mənzilim 2002-ci ildə 118870 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, xüsusi mülkiyyət hüququ kimi mənim adıma qeydiyyatdan keçirilib. Həmçinin maşınıma alqı-satqı müqaviləsi ilə 2006-cı ildə mənim adıma yol polisindən qeydiyyat şəhadətnaməsi verilib.

Qızımın adına olan “Kia Optima” markalı maşın isə 2009-cu ildə həyat yoldaşı tərəfindən alınıb. Hansı ki həmin dövrdə onlar heç tanış belə deyildilər. Maşın 2016-cı ildə qızımın adına keçirilib. İndi siz işin absurdluğuna baxın. İllər əvvəl, qohumluq əlaqəsi belə olmayan zaman alınan maşınla bağlı müsadirə qərarı çıxarılır. Tək bunlar da deyil. Qərarda həmçinin bacanağım, baldızlarım və baldızımın övladlarının da əmlaklarının müsadirə olunması yazılıb. Qeyd olunan bütün əmlaklar isə illər əvvəl alınıb. Bu, necə olur? Məhkəmələrimiz bu qədər ciddi qanunsuzluğa necə yol verə bilir?”.

O.Məhərrəmov qeyd edib ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya və kassasiya şikayətləri versələr də, qərar qüvvədə saxlanılıb. Yekunda Ali Məhkəmə də ona aid əmlakın müsadirə olunmasına qərar verib: “İttihamda qeyd edilib ki, Elmira Şirinova şirkəti 2005-ci ildə alıb, təqsirləndirildiyi dələduzluq əməllərini isə 2011-ci ildə törətməyə başlayıb. Amma mənim evim 2002-ci ildə, maşınım isə 2006-cı ildə rəsmi qeydiyyata alınıb. Necə ola bilər ki, 2011-ci ildə törədilən cinayətdən əldə edilən pulla 2002-ci ildə ev alınsın? Bunun üçün zamanda geriyə səhayət etmək bacarığı olmalıdır. Biz sübutlarla göstərdik ki, həmin əmlaklar Elmira Şirinovaya yox, mənə və qızıma aiddir. Digər qohumlarımızın əmlakları da illər əvvəl alınıb. Amma məhkəmə yenə də əsassız və qanunsuz qərar çıxardı. Samir Quliyev isə azadlıqda rahat-rahat gəzir. Necə olur ki, iş üzrə əsas təqsirkar azadlıqdadır, amma məsələlərlə heç bir əlaqəsi olmayan şəxslərin əmlakının müsadirə olunması ilə bağlı qərar çıxarılır? Bu qərardan Konstitusiya Məhkəməsinə şikayət edəcəyik”. 

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən hüquqşünas Səməd Rəhimli bildirib ki, xüsusi müsadirənin tətbiqi üçün ilk növbədə əmlakın və ya gəlirin cinayət yolu ilə əldə edildiyi məhkəmə qaydasında sübut edilməlidir: Bakı Ağır Cinayətlərin Məhkəməsinin icraatında olan bu işdə əmlakların cinayət yolu ilə əldə edilməsi sübuta yetirilməyib. Bu işdə mülkiyyətçi cinayət işi üzrə təqsirləndirilmir. 

İş üzrə yeganə sübut odur ki, həmin şəxslər vəfat etmiş təqsirləndirilən şəxsin yaxın qohumudur. Amma təqsirləndirilən şəxsin yaxın qohumu olması faktı xüsusi müsadirə üçün əsas deyil. Bu iş üzrə xüsusi mülkiyyətçilərin əmlakının müsadirə olunması onların mülkiyyət hüququnun pozuntusudur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button