2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir.

Seçkidə səkkiz namizəd iştirak edir: Araz Əlizadə (ASDP), Fərəc Quliyev (MDHP), Hafiz Hacıyev (MMP), İlham Əliyev (YAP), Qüdrət Həsənquliyev (BAXCP), Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu), Sərdar Cəlaloğlu (ADP) və Zahid Oruc (deputat).

***

Saytların yığılması Saytlarin yigilmasi

“İdarədən tələb ediblər”

BBC-nin müxbiri 11 saylı Qaradağ seçki dairəsi, 27 saylı məntəqəsində bu kağıza möhür vurulduğunu görüb.

“Məntəqə-seçki komissiyası bu kağıza möhür vurdu ki, həqiqətən bu adam gəlib seçkidə iştirak edir”, müxbir izah edir.

Məntəqə sədri deyib ki, burada heç bir problem yoxdur.

 

***

45 saylı seçki dairəsi, 5 saylı seçki məntəqəsində olan BBC-nin müxbiri deyir ki, müşahidəçilərin qarşısında qeydiyyat üçün ləvazimat yoxdur.

Müşahidəçilər “nə qədər seçici gəlib?” sualına “Biz bilmirik, məntəqə sədri qeydiyyat aparır” deyə cavab veriblər.

***

“Məntəqə sədri bizi bir şərtlə içəri buraxıb ki, oturduğunuz yerdən durmamalısınız”.

Bərdənin Kolayır kəndindəki 94 saylı dairənin 37 saylı məntəqəsində olan müşahidəçilər belə yazır. Bildirirlər ki, məntəqə sədri onları həbslə hədələyir:

“Normal müşahidə aparmağımıza imkan verməməsi azmış kimi hələ bir həbslə də hədələyir. Deyir, baxın ha, mən çox adam tutdurmuşam, sizi də onların yanına göndərərəm. Yaxşısı budur məntəqəni öz xoşunuzla tərk edin. Ya da adam kimi müşahidə aparın. Oturun-oturduğunuz yerdə. Elə bil məktəbliyik, bizi yerimizdə otuzdurur, utanmasa” əllərinizi də partanın üstünə qoyun” deyəcək. Belə də müşahidə aparmaq olar?”

***

“Pambıq işçilərini də göndərirlər səsverməyə. 2 kamaz dolusu insandır. O məntəqə, bu məntəqə gəzir, səs verirlər”.

Yasamal rayonunda 17-ci seçki dairəsinin 7 saylı məntəqəsində də topa bülleten atılması halı müşahidə olunub. Gənc fəal Əli Zeynalın yazdığına görə, adama 3-4 bülleten atmağa başlayıblar:

“Təkcə özümün gördüyüm 2 nəfər topa bülleten atıb. Onlardan biri müşahidəçidir. Məntəqədə kamera da yoxdur deyə hamı çox rahatdır. Real müşahidə edən də təkcə mənəm”.

***

Qoy bunları da atsın daha atmayacaq

54 saylı Şabran seçki dairəsinin 13-cü məntəqəsində müşahidə aparan gənc fəal Ömər Məmmədov bildirib ki, topa bülleten atılarkən əngəl olmağa çalışsa da, məntəqə sədri müdaxilə edərək buna imkan verməyib:

“Artıq 1 saatdır seçki başlayıb 10 adam topa bülleten atıb. 1 saat içində elə şeylər gördüm ki, əsl mənəvi terrordur. Hələ sonuncuda xalanın əlində topa bülleten tutdum sədrə deyirəm ki, əlində 10 bülleten var. Sədr deyir qoy bunları atsın daha atmayacaq. Elə bil bağça uşağıdır. Dirəşəndə də polis çağırır. Artıq 2 dəfə polis çağırıb. Dilimin şirinliyi olmasaydı çoxdan qovalamışdılar.”

***

“Bu məntəqədə 6 müşahidəçi qeydiyyatdan keçib, lakin onlardan yalnız biri- YAP-dan olan müşahidəçi yerində oturub. Digər iki nəfər isə yan otaqda nərd oynayırdı”, BBC-nin müxbiri 45 saylı dairənin 3 saylı məntəqəsindəki müşahidələrini deyir.

Müşahidəçilər özlərini təqdim edərkən adlarını və haranı təmsil etdiklərini onlara verilmiş vəsiqələrdən oxuyublar.

***

BBC-nin müxbiri Xırdalanda 45 saylı dairənin 3 saylı məntəqəsində başı kəsilmiş halda bir topa bülleten görüb.

Məntəqə sədri Aidə Aslanova bunu “seçicilərin çox gəldiyi üçün əvvəldən hazırlandığı” ilə izah edib.

Müxbirin sualından sonra bu topa bülletenlər götürülüb və seçicilərə yeni bülletenlər verilib.

Bundan başqa, bir seçici barmağına mürəkkəb vurulmasını istəməyib. Məntəqə sədri bildirib ki, belə halda həmin seçiciyə bülleten verilə bilməz.

***

31 saylı Suraxanı seçki dairəsinin 9 saylı seçki məntəqəsində olan BBC-nin müxbiri Şamaxı rayonu qeydiyyatlı bir qadının səsvermək üzrə olduğunu görüb.

Müxbirin sualından sonra məntəqəni tərk edən qadın küçədə gözləyib.

“Müşahidəçilərin heç birinin dəftər qələmi yoxdur”, deyən müxbir qeyd edir ki, müşahidəçilər müsahibə vermək istəməyib, lakin “hələlik heç bir problem olmadığını” deyiblər.

***

Tapşırıq belədir, səbəbini biz də bilmirik

“Müşahidəçi olduğum seçki məntəqəsində seçki qutularının bəziləri şəffaf deyil”.

Seçkilərdə müşahidəçilik edən fəal Əli Zeynal belə deyir. O, Bakının Yasamal rayonunda 17-ci seçki dairəsinin 5, 6, 7-ci məntəqələrində müşahidəçidir. Məntəqə 52 saylı məktəbdədir.

Ə. Zeynal deyir ki, əvvəlcə qutuların üstündə nömrələr və gerblər də vardı. Məntəqə sədrinə gələn zəngdən sonra söküldü:

“Sədrdən bunun səbəbini soruşdum. “Tapşırıq belədir, səbəbini biz də bilmirik. Sadəcə sökün dedilər, sökdük” – cavabını verdi”.

Müşahidəçi onu da bildirir ki, məntəqədəki qutuların bəziləri şəffaf olsa da bəziləri tünd rənglidir:

“Niyə fərqlidir? – deyə verdiyim suala isə məntəqə sədri “get dövlətdən soruş, bilmirəm” – cavabını verdi”.

 

 

 ***

 

73 saylı Lənkəran şəhər seçki dairəsinin 3 saylı məntəqəsi

Seçici bir dəstə şəxsiyyət vərəqəsi ilə səs verməyə gəlib.

17 saylı Yasamal 3-cü, 25 saylı məntəqədə BBC-nin müxbiri burada hazır kəsilmiş bülleten verildiyini görüb.

Məntəqə nəzarətçisi bunu “bir neçə bülleteni kəsərək hazır saxladığı” ilə izah edib.

Müşahidəçi vəsiqəmiz olmasına baxmayaraq, məntəqə açılan kimi içəriyə buraxılmadıq”.

Meydan TV-yə 57 saylı Hacıqabul -Kürdəmir seçki dairəsində müşahidəçi kimi iştirak etmək istəyənlər yazıblar. Bildiriblər ki, məntəqə səhər saat 7-də açılıb, ancaq onlara “gedin, 8-dən sonra gələrsiniz”, – deyiblər:

“Bizi içəri buraxmamaq üçün min bir cür bəhanə gətirdilər. Axırda da dedilər ki, bütün müşahidəçilər məntəqəyə gələndən sonra siz də içəri buraxılacaqsınız. Orxan adlı müşahidəçi 8-dən sonra içəri buraxılıb. Sonra da qalanlarına izin verilib. İndi biz nə bilək 1 saat ərzində içəridə nə etdiklərini?”

Kürdəmir sakinləri onu da bildirirlər ki, dünəndən rayonun büdcədən maliyyələşən bütün təşkilatlarının işçilərinə bu gün İlham Əliyevə səs vermək üçün məntəqələrə gəlmək tələb edilib.

***

Bu il Azərbaycanda prezident seçkisi altı ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, NİDA Vətəndaş Hərəkatı isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri həbsdə olan REAL Hərəkatı da seçkiyə qatılmayıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button