2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Azərbaycanda qanunlar niyə tez-tez dəyişir?

Milli Məclis son zamanlar bir müddət əvvəl dəyişdiyi qanunlara yenidən qayıdır, onları kiçik düzəlişlərlə əvvəlki vəziyyətinə qaytarır. Məsələn, təxminən bir il öncə valyutadəyişmə məntəqələri ləğv edilmişdisə, bu həftə parlament onların fəaliyyətinin bərpasına razılıq verdi. Və ya parlament ötən ilin sonlarında xaricdə təhsil alanların və əcnəbilərin Azərbaycanda dini ritualları icrasını yasaqlayaraq “Dini etiqad azadlığı haqda” qanuna dəyişiklik etmişdisə, bu günlərdə yenidən həmin qadağaların götürülməsi Milli Məclisin uyğun komitəsində müzakirə edilib və parlamentin plenar iclasına tövsiyə olunub.

Bundan başqa, Cinayət Məcəlləsində böhtana, şərə görə cərimələrin artırılması haqda təkliflər də parlamentin gündəliyindən çıxarılıb. Deputat Zahid Oruc bu haqda AzadlıqRadiosu-na deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Məqsəd nədir? Niyə Milli Məclis sürətlə qərarlarını dəyişir?

YAP-çı deputat: “Dinamik, sürətli inkişaf”

Hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki üzvü Elman Nəsirov bunu Azərbaycandakı “dinamik, çox sürətli inkişafla” izah edir:

Elman Nəsirov

Elman Nəsirov

“Azərbaycanda çoxsaylı islahatlar gerçəkləşdirilir. Bu baxımdan, proseslər o qədər sürətlə gedir, o qədər dinamizm var ki, bu da qanunlara yenidən baxılmasını zəruri edir. Neftin bir barrelinin qiyməti 150 dollara çatmışdı, amma kimin ağlına gələrdi ki, onun qiyməti birdən-birə 3-4 dəfə aşağı düşəcək? Bu da iqtisadiyyata təsirsiz qalmır. Bu halda dövlətimiz də hadisələrə çevik reaksiya verməli olur, məsələn, bu zaman valyutadəyişmə məntəqələri ləğv edildi. Ancaq üstündən az keçdikdən sonra bəlli oldu ki, həmin valyutadəyişmə məntəqələrinin bərpası 2017-ci ilin reallıqlarına adekvatdır. Bu il inkişaf ilidir. İlin birinci rübünün yekunları, qeyri-neft sektorundakı 2,4 faizlik artım bunu deyir. Ölkənin valyuta ehtiyatları 38,5 milyarda çatıb. Bu reallıqlar fonunda valyutadəyişmə məntəqələrinin bərpası da gündəmə gəlir. Yəni bir çox hallarda qərarların, qanunların çox sürətlə dəyişməsini zaman özü diktə edir. Ona görə burda xüsusi məna axtarmağa ehtiyac yoxdur. Əksinə, onu göstərir ki, Azərbaycan parlamenti çevikdir, dəyişən şəraitə adekvat reaksiya verir”.

Tutalım, valyutadəyişmə məntəqələrinin bərpası, Elman Nəsirovun dediyi kimi, “dinamik, çox sürətli inkişafla” bağlıdır. Bəs “Dini etiqad azadlığı haqda qanun”a dəyişikliyin iqtisadiyyatın inkişafı ilə nə əlaqəsi var? Yaxud da Cinayət Məcəlləsində böhtana, şərə görə cərimələrin artırılması haqda təklifin geri çəkilməsi nədən xəbər verir?

“Əlahiddə hal kimi yanaşmamalıyıq”

Zahid Oruc

Zahid Oruc

Deputat Zahid Orucun fikrincə, qanunvericiliyin vaxtaşırı dəyişdirilməsinə “əlahiddə hal” kimi yanaşmaq yox, bunu müsbət qarşılamaq lazımdır. “Qanun donuq, statik deyil” söyləyən deputat Cinayət Məcəlləsində cərimələrin artırılması ilə bağlı təklifə təzadlı yanaşmaların, bu məsələdə əksfikirlilik olduğunu bildirir. Buna görə də qanunverici orqanla müvafiq komitə arasında müzakirələrdən sonra həmin məsələnin gündəmdən çıxarıldığını deyir.

“Keçmişdə tənqid olunurduq ki…”

“Qanunların qəbulu zamanı cəmiyyətdən gələn çağırışların, reaksiyaların nəzərə alınmasının hüquq sisteminə müsbət təsirləri var. Keçmişdə tənqid olunurduq ki, ictimaiyyətdən gələn reaksiyalara fikir verilmir, onlar nəzərə alınmır. Hesab edirəm ki, qanunun qəbulu zamanı dərin analizlər aparılmalı, müxtəlif qurumların, qüvvələrin baxışları araşdırılmalı, öyrənilməlidir. İndiki halda baş verənlər də əslində bundan ibarətdir, bu da müsbət tendensiyadır, cəmiyyətin maraqlarına toxunan məsələlər diskussiyadan keçir”, – deputat söyləyir.

Müxtəlif qruplaşmaların təsiri

Siyasi şərhçi Azər Rəşidoğlu qanunların vaxtaşırı dəyişikliyə məruz qalmasını “inkişaf”la yox, parlamentdə müxtəlif qruplaşmaların təmsil olunması, ölkədə siyasi və iqtisadi idarəetmənin olmaması ilə bağlayır.

Azər Rəşidoğlu

Azər Rəşidoğlu

O deyir ki, Milli Məclisin tərkibinə nəzər salanda orda siyasətçilərin yox dərəcəsində olduğunu, oliqarxlar və tərəfdarlarının toplaşdığını görmək mümkündür. Siyasi şərhçi həmin şəxslərin “dövlətin və qanunvericiliyin maraqlarına deyil, sadəcə, təmsil etdikləri oliqarxiyaya xidmət göstərdiklərini” bildirir. “Oliqarxlar, qruplar arasında mübarizə gedir və hər bir qrup öz mənafeyinə uyğun qanunların qəbuluna çalışır. Ölkə oliqarxiya qanunları ilə idarə olunur. Buna görə siyasi, iqtisadi idarəetmə özü mövcud deyil. Bir-biriylə mübarizə aparan oliqarx qruplaşmalar arasında mübarizə gedir və bu da özünü qəbul edilən qanunlarda da göstərir”.

Azər Rəşidoğlunun fikrincə, siyasi hakimiyyətin “müxtəlif maraq qruplarının arasında balans yaradacaq strategiyası yoxdur”. Bu səbəbdən də qanunlar tez-tez dəyişdirilməklə “belə absurdlar meydana çıxır”.

Deputatlar Zahid Oruc və Elman Nəsirovsa siyasi şərhçinin dedikləriylə razılaşmırlar. Nəsirov ayrı-ayrı qruplaşmaların, oliqarxların təsiri altında parlamentdə qərar qəbul edilməsi ilə bağlı yanaşmanı “kökündən yanlış” sayır. O, hakimiyyətin üç qanadından biri olan, xalqın seçdiyi deputatlardan formalaşan parlamentin qanunverici orqan kimi öz işini gördüyünü bildirir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button