2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanı yenmə politikaları

XaIiq Bahadır

Min illər boyunca dünyanın geopolitik dartışma obyektinə çevrilən Azərbaycan bu gün də keçmişlərdə olduğu kimi dartışma obyekti olaraq qalmaqdadır. Yaxın-uzaq dünya gücləri Azərbaycanın daha çox bölünüb-parçalanması, Azərbaycan dövlətinin gücsüz olması, oyuncaq dövlətə dönüşməsi üçün çeşidli çalışmalarda bulunurlar. Bu çalışmaların başında Azərbaycanı içindən dağıtmaq planları durur. Bununla bağlı bir yandan dövlətquran xalq olaraq Türklərlə-Türklüklə bağlı yoxetmə politikaları yürüdülür, başqa bir yandan ölkədəki bəlli etnik azlıqlar arasında separatizm tendensiyası qızışdırılır.
Azərbaycan ən əski çağlardan Türk yurdu – Türk ölkəsi olub. Geniş bir coğrafiya olaraq Azərbaycanı, onunla yanaşı, Azərbaycan dövlətini, Azərbaycan dövlətçiliyini oluşduranlar da Türklər olublar. Böyük, Bütöv Azərbaycanın varlığı Türk varlığına bağlı oluduğundan yaxın-uzaq düşmənlərimiz Azərbaycanda Türklüyün varlığına son qoymaq planlarına böyük önəm verirlər. Bu üzdən də Azərbaycanla bağlı Türk adının, Türk anlayışının aradan qaldırılmasına, biryolluq unutdurulmasına çalışılır. Türk anlayışı, birilərinin düşündüyü kimi, eləcə ad deyil, çox böyük tarixə bağlı özəllik-xarakter-kültür görsənişi, toplusudur. Türklük anlayışının arxasında yaşı minillikləri ötən üstün güc, üstün kültür faktoru dayanır. Sözsüz, belə bir faktora söykənən, belə bir faktordan enerji alaraq yaşayan xalqa üstün gəlmək, onu yenmək olmaz. Başqaları bir yana, buna görə yaxın qonşularımız olan fars islam İranı ilə Rusiya imperializmi Güneyli-Quzeyli Azərbaycanda Türk adının, Türklüyün aradan qaldırılması, unutdurulması yolunda ardıcıl çalışmalarda bulunur. Yağı yanaşması baxımından onların yürütdükləri politikalar çox düzgündür, böyük uğura aparan politikadır. Güney Azərbaycanda farsların, Quzey Azərbaycanda rusların çoxdan uğurla yürtdükləri TÜRKSÜZLƏŞDİRMƏ politikalarını Batı imperializmi son 15 ildə Ərdoğanın əlilə Türkiyədə gerçəkləşdirməkdədir. Türklüyün aldadıcı politikalarla arxa plana keçirilməsi yoluyla bu gün Türkiyə içdən bölünüb-parçalanmaqla içindəncə yenilməkdədir…
Azərbaycanın içdən yenilməsi sürəci bəlli qayıdışdan başladı. Qayıdışa yardım qoşullarından biri olaraq adımız (Türk adı) dəyişdirildi. Bəlli olduğu kimi, bunun birincisi Türkə yağı stalinçi “37”qırğıınları dönəmində olmuşdu. Hər iki dəyişiklik Azərbaycanda ANTİSİSTEM quruluşu – ANTİSİSTEM faktoru idi. Hər ikisi də repressiya-qanunsuzluq ortamında uyğulanmışdı. Antisistem faktoru olaraq da 1993 çevrilişindən bu yana ölkədə Azərbaycan bayrağı başıaşağı çevrilib: Türkləşmənin yerini “islama, din dəyərlərinə qayıdış” adı altında sistemli olaraq farslaşma, ərəbləşmə, daha doğrusu, farslaşdırma, ərəbləşdirmə tutub. Bu yalnız fars İranından, Səudiyə Ərəbistanından yönləndirilən politika deyil, bundan daha artığı ANTİMİLLİ rejimin yürütdüyü politikadır – din ideologiyasının, din dünyagörüşünün basqısı altında Türklüyü yenmə politikası! Doğu dünyasının ən böyük, ən ünlü bilginlərindən olmuş Şeyx Cəmaləddin Əfqani (1838-1897-ci illərdə yaşamış Azərbaycan Türkü) “Milli birlik fəlsəfəsinin, dil birliyinin gerçək xarakteri” əsərində milli kimlik faktorunu önə çəkir, onu ümmətdən üstün tutur, “kim öz millətinin yüksəlişini istəyirsə, birinci sırada özünü tanımalı, soy-kökünə, dilinə bağlanmalıdır”, deyirdi. Böyük din adamı Şeyx Cəmaləddin müsəlman ümməti olmaqdan öncə özünü Türk olaraq tanıyır, tanıdırdı. Bu isə onun böyük Türk düzgünlüyünə – Türk üstünlüyünə bağlı görsəniş idi. Şeyx Cəmaləddin gerçək bir Türk – gerçək din adamı olaraq dini politikaya, politikanı dinə qatanlardan, milli kimliyini din-politika bazarına çıxarıb satanlardan deyildi…

Saytların yığılması Saytlarin yigilmasi

Son çağlar haralardansa komanda verilmiş kimi bizim ulusal (milli) kimliyimizin danılması yönündə ayrıca tərpəniş-dirəniş sərgilənməkdədir. Çox ilginc görsənişdir: Azərbaycanda türk kimliyinin danılması Türkiyəyə yağıcasına yanaşma ilə sonuclanır; “Biz türk deyilik” deyənlər sözün-söyləmənin bir ucunu aparıb Türkiyəyə çıxarır, Türkiyəni bizə istər keçmişi, istər indisiylə düşmən dövlət olaraq tanıtmağa çalışırlar. Bu çıxışlar bir də, formal olsa belə, Rusiya-Türkiyə ilişkilərinin normallaşdığı çağda edilməsi baxımından ilgincdir. Burası gerçəkdən ilgincdir: nə üçün indi, özü də belə ardıcıllıqla, inadla? Qabaqca deputat Araz Əlizadə, ardınca onun politoloq qardaşı Zərdüşt Əlizadə, sonar deputat Arif Rəhimzadə, indi də (hələlik, indi) fizika-riyaziyat elmləri doktoru, Milli Elmlər Akademiyasınıın ademiki Çingiz Qacar.

Bəlli olduğu kimi, birinci deputat Araz Əlizadə dillənmiş, o, “bizim türk olmadığımızı” deməklə qalmamış, Nuru Paşa komandanlığından söz salmaqla Türkiyənin Azərbaycanla bağlı “düşmənçilik” politikalarından danışmışdı. Ardınca Zərdüşt danışdı. İstər Türklüklə, istərsə də Nuru Paşa – Türkiyə faktoru ilə bağlı Zərdüşt də, demək olar, bütünlüklə qardaşının dediyini dedi. Qardaşı araz kimi Zərdüşt də Türkiyəyin, Nuru Paşanın Azərbaycana yönəlik politikaları ilə bağlı tezislərini yalan üzərində qurub. Amac bir çoxlarının etdiyi kimi, Azərbaycan – Türkiyə yaxınlığına qarşı çıxmaq, qardaşlıq yerinə qarğaşalıq yaratmaqdır. Zərdüşt Arazın, başqa Türkiyə -_Türklük yağılarının dediklərindən artıq nəsə demir: “Türkiyə Bakı neftinə çatmaq istəyirdi, bunun üçün Nuru Paşa Qafqaz-İslam Ordusunun komandanı olaraq Azərbaycana gəlib”… Beləcə, sayıqlamalarını sürdürür.
Zərdüş ona özgü olmayan çox böyük ürəyigenişliklə arada Məhəmməd Əmin Rəsulzadəni öyür: “Məmməd Əmin Rəsulzadədən sonra nələr qaldı? Kitablar, əsərlər və s. Rəsulzadənin böyük qurucu bir fəaliyəti olub. Bir kəs durub deyə bilməz ki, Rəsulzadə hardasa fırıldaq işlədib, yalan danışıb”. Bütünlüklə doğrudur: Rəsulzadə fırıldaq işlərdən, yalan danışmaqdan çox uzaq olub. Bəs Z.Əlizadə necə, Rəsulzadəni kitabları, əsərlərilə öyəndə doğrumu danışır? Yalan danışır, fırıldaq işlədir – yalanını keçirmək üçün! M.Ə.Rəsulzadə ən dəyərli kitablarından-əsərlərindən olan “Azərbaycan Cümhuriyəti” kitabının dördüncü – “Qardaş Türkiyənin haraya yetməısi” – bölümündə bütünlüklə Nuru Paşa komandanlığında QARDAŞ Türkiyənin QARDAŞ Azərbaycana QURTULUŞ yardımından danışır. Bütün bölmə boyu! (Bax: Bakı-2015. “Azərbaycan Cümhuriyəti”, “Qardaş Türkiyənin haraya yetməsi” bölümü, səh. 50-60). M.Ə.Rəsulzadə kitabında Azərbaycanın o çağkı olduqca ağır durumundan danışır, Ulusun, Ölkənin, Dövlətin qurtuluşu üçün qardaş Türkiyədən yardım istəməli olduqlarını, bundan ötrü özünün başçılığı ilə Türkiyəyə getdiklərini, apardıqları danışıqları, əldə edilən sonucları yerli-yerində göstərir. Mənim bildiyimə görə, Z.A. Əlizadə qardaşları da, onlar kimi Türkiyə ilə bağlı düşməncəsinə yalanlar yayan bir çox başqaları da sözügedən danışıqlarda Məhəmməd Əmin bəylə birlikdə olmayıblar, o danışıqlarda Milli Çura başqanı M.Ə.Rəsulzadə ilə birgə ADR Dış İşləri baxanı Məhəmməd Həsən Hacinski olub.
M.Ə.Rəsulzadə kitabında yazır: “Azərbaycan elçiləri Trabzonla Batumda Türklərlə olan görüşlərində Azərbaycanın nə kimi çətinliklərlə üzləşdiyini, bu qorxunc çətinlikdən çıxa bilmək üçün Türkiyənin yardımından asılı olduğunu istər sözlə, istərsə də yazılı anlatmışdılar. Sonra da Azərbaycan Milli Şurası adından biz (özünü deyir. X.B.), Dış İşləri baxanı Məhəmməd Həsən bəy aramızdakı Anlaşmanın 4-cü düzüyünə dayanaraq Türkiyə Ağalığına üz tutub qurtuluş gücü istədik”. Baxın: QURTULUŞ GÜCÜ!
Z.Əlizadə öz suçları olaraq ermənilərin Bakıdan qovulmalarına yanıxdığını açıq göstərir. Erməınilərin iki yüz ildən bəri Azərbaycan coğrafiyasında törətdikləri qanlı qırğınlar, çoxsaylı terror faktları bir çox başqa satılmışlar kimi Z.Əlizadənin də vecinə deyil. Rus-ingilis-Amerika güclərinə arxalanan ermənilər Göyçə-Zəngəzurda, Qarabağda, Bakının özündə böyük qırğınlar törətmişdilər. Bakı başda olmaqla Azərbaycan, demək olar, bütünlüklə ermənilərin əlində idi. Çar Rusiyasının dağılmasından sonar 7 minlik erməni-daşnak qoşunu gəlib Bakıda yerləşmişdi. Burada bir ilginc fakta da toxunmaq gərəkir. Rus-Avropa kapitalistlərinin Bakıda 79 buruğu, ermənilərin 155 buruğu vardı. Bakının yalnılz neft sənayesi deyil, başqa sənaye alanları da basilica olaraq ermənilərin əlində idi. Ermənilərin işə götürdükləri, pul qazandırdıqları da basilica olaraq ermənilər idi. Bir sözlə, erməınilər Bakının yiyəsi yerindəydilər. Ermənilər Tiflisdə qurulmuş Milli Şuranın – Azərbaycan Ağalığının Bakıya köçməsinə yol vermirdilər. Bütün bunlarla yanaşı, ermənilərə arxa duran, onların Azərbaycan coğrafiyasında dövlət qurmalarına çalışan, yardımçı olan böyük dövlətlər vardı.
Özünü “azərbaycanlı” adlandıran Z.Əlizadə etnik baxımdan türk olduğunu bildirir. Dünyada hansısa xalqın anadan bir adla doğulub sonradan başqa adla adlanması faktı yoxdur. Kim necə doğulursa, elə də adlanır. Türklərdən başqa. Nə üçün türklərdən başqa? Yaxın-uzaq yağı güclər “türk” anlayışına qarşı olduqları üçün! Kimsə Almaniyada alman doğulub böyüyəndən sonra “almaniyalı” olmur. Kimsə İngiltərədə ingilis olaraq doğulub böyüyəndən sonra “ingiltərəli” olmur. Kimsə Fransada fransız kimi doğulub böyüyəndən sonra “fransalı” olmur. Belə anormallıq yalnız biz türklərdə görsənir – yağılar, bizi sevməyənlər belə istədikləri üçün!
Z.Əlizadə deyir: “Heydər Əliyevin dövlət dili ilə bağlı siyasəti tamamilə doğru idi. Bir insan yaxşı iş görübsə, onu demək, dilə gətirmək lazımdır. Bu dəqiqə sizin qarşınıza türk dilində bir mətn qoyaram, onun neçə faizini başa düşəcəksiniz? Tutalım, əlli faizini. Əgər türk və Azərbaycan dilləri eynidirsə, yüz faizini də düşməlisən axı. Yaxın dildir, doğrudur, amma fərqli dildir. Sadəcə eyni dil ailəsinə mənsubdurlar. <…> Sizə sual verirəm, qırğızlar türkdürlər, eləmi? Bəs hansı dildə danışırlar? Qırğız. Özbəklər hansı dildə danışır? Türk, yoxsa özbək dilində? Əlbəttə, özbək. Türkmənlər də türkmən dilində danışır. Bəs azərbaycan niyə türk dilində danışmalıdır?” Z.Əlizadə yalanını keçirmək üçün burada da fırıldağa əl atır – H.Əliyevi öyür: “Bir insan yaxşı iş görübsə, onu demək, dilə gətirmək lazımdır”. Buradakı “yaxşı iş” Z.Əlizadəyə “lazımdır”- yalanını “doğrultmaq” üçün!
Dil, tarix gerçəklərini yaxın-uzaq imperialist, yağı güclərin “ayır-buyur”, yadlaşdırma-yenmə politikalarını anlamayanlar üçün Z.Əlizadənin burada dedikləri danılmaz, danılması olamaz tutarqa etkisi bağışlaya bilər, ancaq gerçəkdə belə deyil. Yağı güclər Türk adını aradan qaldırmaq, bizi öz-özümüzdən, özlüyümüzdən-özəlliyimizdən uzaqlaşdırmaq üçün çeşidli oyunlara, kələklərə-fırıldaqlara, aldatmalara əl atıblar. 20-ci yüzilin başlarında, konkret olaraq 1926-cı ildə, Bakıda dünyanın dörd bir yanından gəlmiş türkoloqların I türkoloji qurultayı keçirilmiş, qurultay yüksək səs çoxluğu ilə bütün Türk xalqlarının bir dildə – Azərbaycan türkcəsində danışması qərarıni vermişdi. Azərbaycan türkcəsi bütün türk dilləri arasında daha gəlişmiş olduğundan belə bir qərar verilmişdi. Bu, bütün Türk xalqlarını dil-kültür baxımından BİR ARAYA GƏTİRƏCƏK, BİR-BİRİNƏ YAXINLAŞDIRACAQ QƏRAR idi. Qərar hələ o çağlar Sovet dövlətinin təkbaşına liderinə çevrilmiş Stalinə çatınca Stalin onun üzərindən yekə bir cız çəkmiş, Qərarın çıxarılmasında rolu olanları (SSRİ coğrafiyasında) güllələtmişdi. Burası ayrıca vurğulanmalıdır: yalnız SSRİ-dəki türk dillilər deyil, Türkiyə özü də o qərara qol qoymuşdu. M. Ə. Rəsulzadə yazır: “Stalin türk xalqalrının qatı, amansız düşməni idi”. Bax, bu üzdən bütün başqa türk yağıları kimi Stalin də türklərin yaxınlaşmasını, yaxınlaşıb anlaşmasını istəməmişdi. O qərar keçərli olsyadı, indi bütün türkdilli xalqlar hamısı üçün anlaşıqlı bir dildə – doğma Türk dilində danışardılar. Daha onları bir bir-birndən uzaqlaşdıran “azərbaycan”, “tatar”, “qırğız”, “özbək”, “uyğur”, “türkmən” dillərində yox. Kim də bilməsə Zərdüşt bu gerçəyi çox gözəl bilir. Bilir, ancaq içindəki hansısa bulaşıq, hansısa iyrənclik bilə-bilə onu yalan, kələk, fırıldaq, aldatma yoluna yönəldir.
Zərdüşt dönə-dönə “türk dili”, “Azərbaycan dili” anlayışlarını işlədir. Onun “türk dili” dediyi Türkiyə türkcəsidir. Bəlli olduğu kimi, 20-ci yüzilin başlanğıcında, bizim dilimiz TÜRK dili adlanan çağlarda Türkiyə türkcəsi “osmanlı dili” adlanırdı. Bizim “türk” adımızı üstümüzdən qabaqca Stalin, sonra H.Əliyev götürdü. H.Əliyev prinsipcə stalinçi olduğundan, balaca bir respublikada olsa belə, “ayır-buyur” imperiya politikalarına yükləndiyindən Stalinə gərəkən ona də gərəkirdi. Dönə-dönə yazmışıq, bir daha yazmaq gərəkir. Böyük Sabir deyirdi: “
“Osmanlıcadan tərcümə türkə” – bunu bilməm,
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
“Osmanlıcadan tərcümə türkə” nə deməkdir?”
Baxın, burada Sabir yüz il öncənin tarix faktını ortaya qoyub: o çağlar bizim dilimiz TÜRK, Türkiyənin dili “osmanlı” adlanırdı. Görün Sabir nə deyir: istənilən iki dilin birindən o birinə çevirmə ola bilər, ancaq adları ayrı olsa da, bizim dilimiz bir olduğundan burada “tərcümə” anlayışı işlənməz. Z.Əlizadənin bizim bir-birimizi çətinliklə anladığımızı söyləməsinə gəlincə, burada gerçəklik var: Türkə-Türklüyə yağı Ərdoğanın 15 illik islamçı-ərəbçi politikalarının Türkiyə türkcəsini ərəbizmə yönəltməısi üzündən ortada böyük anlaşılmazlıq yaranıb. Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi bir-birinə yaxınlaşmaq, bir-birilə qaynayıb-qarışmaq, bir-birini dolğunlaşdırıb durulatmaq yerinə… ortaya başqa görsəniş çıxdı. Ərdoğan Türkiyə türkcəsini ərəbləşdirməklə bizdən uzaqlaşdırdı, bizim üçün çətin anlaşılacaq duruma gətirdi. Bu isə gerçək dil-linqvistika görsənişi deyil, haralardasa tasarlanmış projelərə uyğun olaraq uyğulanan politika görsənişidir!
Çar Rusiyası dönəmində Azərbaycan türklərinə “tatar” deyilməsinə qarşı çıxan V.İ.Veliçko yazırdı: “Azərbaycanlıları tatar adlandırırlar, ancaq bu, bütünlüklə yanlışdır… Azərbaycanlılar kökcə türkdürlər”. Belə faktlardan çox göstərmək olar, ancaq… Zərdüşt də, Zərdüşt kimilər də bu faktları bizdən pis bilmirlər. Belə yerdə iş faktlarda deyil, faktlara yanaşmadadır. Kim nədirsə, fakta yanaşması da odur!
Rusların birbaşa yardımı, arxadurması ilə Qafqaza, başlıca olaraq Azərbaycana gəlib yerləşən, qanlı qırğın yoluyla Azərbaycan coğrafiyasında özünə dövlət quran ermənilər bu dövlətin sınırlarını durmadan genişləndirmək politikası yürüdərək terror taktikasına geniş meydan verirlər. Onlar qanlı qırğınlarla sonuclanan terror taktikasına yüklənməklə iki yüz ildən bəri təkcə Azərbaycanın deyil, bütün Qafqazın (eləcə də Türkiyəınin) başağrısına, bəlasına çevriliblər. Qars-İğdırdan, Göyçə-Zəngəzurdan Bakının özünədək ermənilər dönəm-dönəm Azərbaycanı qan içində boğublar. Bütün bunlara baxmayaraq, Zərdüşt də bizdəki bir sıra içindən satılmışlar kimi ermənisizlik acısı yaşayır. Bu gün Bakıda 100 mindən artıq erməninin yaşaması faktı Zərdüştün, zərdüştkimilərin dincliyini əlindən alır. Azərbaycan türklərini doğma yurdlarında bütünlüklə qırıb-çatmaqla özlərinə MONOETNİK ölkə yaratmış ermənilər Əkrəım Əylisli, Zərdüşt Əlizadə kimi düşküm düşüncə yiyələrinin gözündə süddən çıxmış qaşıq sayağı ağappaqdılar. Görünür, bu sayaq faktların hamısının kökündə bir faktor dayanır: Türkə-Türklüyə haralardansa qaynaqlanan yağıcasına yanaşma. Burası da ayrıca vurğulanası faktlardandır: ermənilərin Azərbaycan türklərini “Ermənistandan” qovmaları, oxşar davranışları Dağlıq Qarabağda da sərgiləmələri, Sumqayıtda qırğın törətmələri (1988) kimi faktlara qarşılıq olaraq ermənilərin Bakıdan qovulmasında ayrıca aktivlik göstərdiyi üçün Ə.Əylislinin də Z.Əlizadənin də Xəlil Razanı görən gözü yoxdur. Xəlil Rza sevimli oğlu Təbrizi Azərbaycan yolunda qurban versə də, onlar onu bağışlamırlar – qaniçən ermənilərə görə!

Deputat Arif Rəhimzadə

Az qala 30 ildən bəri (otuz il!) ardıcıllıqla Azərbaycan parlamentində oturub dünyanın kefini çəkən Arif Rəhimzadə Arazın, Zərdüştün ardınca qalxıb deyir: “Biz türk deyilik, türklər tamamilə başqa millətdir. Azərbaycanlıların ən böyük bədbəxtçiıliyi ondadır ki, özlərini türk hesab edirlər”. Araz da deputatadır, A.Rəhimzadə də. Belələri əliyevçi parlamentdə, bütövlükdə əliyevçi hakimiyətdə çoxdur, lap çox. Demək olar, əliyevçi hakimiyət bütünlüklə belələrindən oluşdurulub. Oluşdururlub – planlı olaraq! Buna görə doğal resurslarla dopdolu ölkə dilənçi günündədir. Türk ölkəsində özünü türk saymayanlar, saya bilməyənlər… başa çıxır, başda durur! Bu üzdən biz dünyaya xaraktercə türk olaraq tanıdılmaq yerinə, bütünlüklə xaraktersiz, yararsız, başıpozuq bir toplum olaraq tanıdılırıq. Bu gün Rusiyanın özündə türklük oyanışı baş verirkən, türkləşmə sürəci yaşanırkən elə-belə deputat da yox, parlamentin çoxillik yetkililərindən biri Rusiyaya bizi türk deyil, “tamamilə başqa millət” olaraq tanıtmağa çalışır. Bütün bunların qarşılığında prezident- dövlətin başında duran adam! – başda olaraq hamı – bütün dövlət yetkililəri susur. Hədən? Baxış, düşüncə, yol birliyindən!
Feysbukda “Biz türk deyilik”söyləmələrinə qarşı böyük təpkilər oldu. O təpkilərdə bəyənilməyəcək ortaq baxış vardı, belə desək, bunları, belələrini türtkləşdirmək, türkə çevirmək istəyinə bağlı baxış. Mənim onlara birincilər sırasında təpkim olmuşdu, ancaq yanaşmam başqa idi: özünüzü nə sayırsız-sayın, bizi özünüzə qatmayın, elliyin adından danışmayın. Məncə, ən düzgünü budur: kim özünü harda, necə istəyir adlandırsın, adlandıra bilər (bu, istənilən kimsənin hüququdur), ancaq kimsəyə hamının adından “Biz türk deyilik” deyə danışmaq hüququ verilmir – deputat olsa belə!
Bir daha demək, vurğulamaq gərəkir: Azərbaycanın bağımsızlığına səs verməmiş A.Rəhimzadə 30 ilə yaxındır Azərbaycan parlamentində oturur. Oturur, özü də yüksək kürsüdə. Düzünü desək, o, başqa əlaltı deputatlar kimi hakimiyət başında duranlara çox da yaltaqlanmır. Bu isə əliyevçi rejim prinsipləri baımından yolverilməz, bağışlanmaz görsənişlərdəndir. Belədə istər-istəməz soruşmaq gərəkir: ortada hansı gizlin var, daha doğrusu, əliyevçi rejim A.Rəhimzadəyə uzun illərdən bəri “boşuna” mandatı niyə verir? Görünür, ortada Rusiya faktoru var. Ola bilsin, elə bu Rusiya faktoruna görə də A.Rəhimzadə Rusiya auditoriyası qarşısında belə bir çıxışda -“biz türk deyilik, türklər tamamilə başqa millətdir”- kimi özünü doğrultma çıxışında bulunur. Yuxarıda göstərilənə qayıdaq: “Bu gün Rusiyanın özündə türklük oyanışı baş verir, türkləşmə sürəci yaşanır”. Burası gerçəkdən belədir. Bu gün Rusiyada türklüklə bağlı çoxlu kitablar çıxır. Bu kitablarda Rusiyanın türk kökənli olması göstərililir, soy-kökə qayıtma çağırışları edilir. Özü də Rusiyanın hər yerində. Ancaq keçmişlərdə olduğu kimi, indi də ortada iki Rusiya faktoru var, sosial Rusiya, politik Rusiya. Əliyevlər Azərbaycanında böyük yetki yiyəsi olan politik Rusiya, bəlli olduğu kimi, türklüyü sevməyən, türklüyə antipatiyası ilə tanınan, belə bir politika yürüdən Rusiyadır!

Akademik manqurt Çingiz Qacar

Deputat Araz Əlizadənin, onun politoloq-qrantoloq qardaşı Zərdüşt Əlizadənin, deputat Arif Rəhimzadənin ardınca fizika-riyaziyat elmləri doktoru, “Nilli Elmlər akademiyası”nın akademiki Çingiz Qacar “biz türk deyilik” xoruna qoşuldu. Əliyevlər hakimiyətinin xarakter göstəricisi olaraq olduqca ilginc görsənişdir. Akademik adı daşıyan, üstəlik, Qacarlar soyundan olan bir adamın “biz türk deyilik” deməsi, yalnız Türkiyəni türk anlamaqla türklüyə antipatiya sərgiləməsi bizim son 24 ilə yaxın bir dönəmdə üzləşdiyimiz sosial-politik durumun olduqca düşkün xarakterini sərgiləyən görsənişlərdəndir. Özündən qabaqkı “biz türk deyilik” deyənlər kimi, Ç.Qacar da türklüyə açıq antipatiya sərgiləyir. Özündən öncəki “biz türk deyilik” deyənlər kimi, açıq antipatiya sərgiləyən Ç.Qacar da iki yüz ildən bəri olduqca böyük itkilərə uğratmış, Azərbaycan coğrafiyasını bölük-bölük etmiş, bir yandan birbaşa, bir yandan ermənilərin əlilə Azərbaycana sağalmaz yaralar vurmuş Rusiyaya qarşı bircə söz belə işlətmir. Onların hamısının gözündə Türkiyə qarı yağı, Rusiya arxadaş, barışsevər, sonunadək seviləsi dövlətdir.
Bəhmən Mirsə Qacarın soyundan olduğunu bildirən Çingiz Qacarın Pubkika.az saytına qonuşmasından bir alıntıya baxaq: “Ümumiyyətlə, mən “türk” sözünün də əleyhinəyəm. Mənim üçün ən əziz dil Azərbaycan dilidir. Gürcü bizə “tatar”, rus ayrı söz deyir. Bu baxımdan da türklər bizə çox ziyan gətirib. Hətta, ruslardan da çox ziyan vurub. Misal üçün, türklərə görə Azərbaycan musiqisi yox olub. Bizim çox gözəl təsniflərimiz, rəqslərimiz var idi. Hamısı tamam itib gedib. İndi axmaq-axmaq, melodiyasız mahnılar oxuyurlar. Bütün alver də türklərin əlindədir. Marketlərdə hər şey türkcə yazılır. Biz tarixi mahnılarla yaşayırdıq. Ancaq indi o mahnıların çoxu yox olub. Mən istəyirəm ki, hər şey sırf Azərbaycan dilində olsun. Ona görə də keçmiş tariximizdə Azərbaycanın ən böyük düşməni türklər olub. Tarixə baxın, görün Osmanlı İmperiyası Təbrizi neçə dəfə dağıdıb. Osmanlı qoşunu Çaldıran döyüşündə minlərlə türkü öldürüb. İndi də həmin Çaldıran düzü Türkiyədədir, indiki Qars ərazisində yerləşir. Halbuki Çaldıran düzü bizim olub, orada yaşayan əhali indi də Azərbaycan dilində danışır”.
Oxuyun, dönə-dönə oxuyun, görün burada akademik düşüncəyə, akademik baxışa uyğun gələn nəsə varmı? “Ümumiyyətlə “türk” sözünün əleyhinə” olan “akademik” özünə görə böyük sevgi sərgiləyir: “Mənim üçün ən əziz dil Azərbaycan dilidir”. Adam, bu dilin adını nə qoyursan-qoy, hara çəkirsən-çək, yaranışına, quruluşuna, xarakterinə görə o, Türk dili olaraq qalır, qalacaq – çalışıb bunu, bu böyük, danılmaz gerçəyi anlamaq gərəkdir.
Gürcülər bizi belə adlandırıb, ruslar elə adlandırıb. Bəs ermənilər bizi necə adlandırıb? Türk! Bizimlə min illər boyu yanaşı yaşamış qonşularımız bizə “türk” deyiblər. Eləcə də ərəblər – onlar da bizi “türk” adlandırıblar, adlandırırlar. “Bu baxımdan türklər bizə çox ziyan gətirib”. Hansı baxımdan anlaşılmır. Görünür, bu bir akademik sayıqlaması olduğundan anlaşılması çətindir. Çoban belə məntiqsiz danışmaz, ancaq akademik danışır, axı, o, akademikdir. Sən demə, “türklər” bizə “Hətta ruslardan da çox ziyan vurub”. Harda, haçaq, necə? Akademik sayıqlama: “Misal üçün türklərə görə Azərbaycan musiqisi yox olub. Bizim çox gözəl, təsniflərimiz, rəqslərimiz var idi. Hamısı tamam itib gedib. İndi axmaq-axmaq, melodiyasız mahnılar oxuyurlar ”. El arasında belə danışmalara “gic-gic danışmaq” deyirlər. Bilərəkdənmi, bilməyərəkdənmi arada yalan da danışır: “hamısı tamam itib gedib”.
Ölkədəki ANTİMİLLİ, ANTİDEMOKRATİK reyim eybəcərliklərini bu “akademik” adı daşıyan “türklərin” adına bağlayır: “Bütün alver də türklərin əlindədir”. Azərbaycandakı “bütün alver”- başlıca alver! – hakimiyət başında duranların əlindədir, “Türkləri” ora yaxın qoyan kimdir? “Marketlərdə də hər şey türkcə yazılır”, – beləcə daha bir antitürk yalanı danışban, yenidən özünün parlaq mahnı yaradıcılığına keçir: “Biz tarixi mahnılarla yaşayırdıq. Ancaq indi o mahnıların çoxu yox olub. Mən istəyirəm hər şey sırf Azərbaycan dilində olsun”. Başdan-ayağa sayıqlama, başdan-ayağa hətərən-pətərən söyləmə. Ardınca gələn frazaya baxın: “Ona görə də keçmiş tariximizdə (bunun “akademik” düşüncəsinə görə gələcək tarix də olur!) Azərbaycanın ən böyük düşməni türklər olub”. Burada dayanmaq gərəkir. Bütövlükdə sayıqlama qonuşmasına, daha çox da burada üzərində ayrıca dayandığım alınmtıya görə Feysbukda Çingiz Qacar çox böyük təpkilərlə üzləşdi. Bundan sonra o nə etdi? Azərbaycan xalqının adına yekə bir “məktub” yazıb… jurnalistlərin onu o boyda akademiki aldadıb danışdırdıqlarını bildirdi. Ən başlıcası, Ç.Qacar “mən türkəm”, ona görə də “Azərbaycanın ən böyük düşməni türklər olub” deyə bilməzdim”, deyir.
Mən “xalqa məktubunu” oxuyandan sonra Ç.Qacarın çox da doğru danışmadığını, onun dediyi kimidirsə, jurnalisti məhkəməyə verməyə çağırdım – gerçəyin üzə çıxması üçün. Bundan sonra Ç.Qacar susdu, jurnalist danışdı: “Diktofon yazısı məndədir, istəsə, ortaya çıxara bilərəm. Ç.Qacar akademik dözümlə, istəmədi, susdu. Susmaya bilmıəzdi: o bir frazanı çıxsaq belə, onun TÜRKƏ-Türklüyə antipatiyası ortadadır. Min illər boyunca türklər arasında savaşlar olub; ortada özlərindən güclüsünü görməyərək bir-birilə savaşıblar. Ç.Qacar bu kimi çoxsaylı, özümüz üçün acınacaqlı tarix faktlarını toparlayıb Türkiyənin üzərinə atmaqla özündən tarix uydurur: Türkiyənin Azərbaycana düşmənçilik tarixi! Onun yalnız sözügedən frazadan yapışıb durmasının ayrıca nədəni var: dediyindən göründüyü kimi, sayğılı akademik özünün bir sıra qazancları üçün Türkiyə ilə ilişkilərinin kəsilməsini istəmir.
Ç.Qacar ruslardan da söz salır, rus əlaltısı ermənilərdən də, ancaq iki yüz ildən bəri Azərbaycanı bölüb-parçalayan, iki yüz ildən bəri Azərbaycanda qırğınlar törədən res-erməni düşmənçiliyini görməzdən gəlir. Ağa Məhəmməd Qacardan sonra Qacarlar soyunun ən dəyərli yetirməsi olan Abbas Mirzə Azərbaycanın birliyini, bütövlüyünü qorumaq üçün rus-erməni gücləri ilə illərlə qanlı savaşlar aparmalı olub – Ç.Qacar bundan danışa bilərdi, danışmır. Ç.Qacar Gəncəni tutmağa çalışan ruslarla savaşda Qacarlar soyundan olan Cavad xanın iki oğlu ilə birlikdə qurban getdiyindən danışa bilərdi, danışmır. 1920-ci ilin aprelindən avqustunadək rus-erməni birliyi Azərbaycanda 48 min soydaşımızı qırıb. Onların arasında 12 general, 27 polkovnik, polkovnik-leytenant, 46 kapitan, 148 praporşik, 267 başqa ordu qulluqçusu da vardı. Rusların gülələdiyi 12 generaldan 3-ü birbaşa Çingiz Qacarın soyundandır. Bunlardan başqa, sonrakı dönəmdə erməni-rus bolşefaşist qaniçənləri birbaşa Çingiz Qacar soyundan olan daha 3 polkovniki güllələmişdilər. Ç.Qacar bu sayaq faktlardan danışa bilərdi, danışmır. Görünür, bağlı olduğu yerlərdə onun beyninə yalnız türk düşmənçiliyi ideyaları yeridilib. Yeridilib, bu üzdən də ortaya belə bir parlaq MANQURTLUQ faktı çıxıb. Rus-erməni bolşefaşizmi Qacarlar soyunun bütün dəyərli yetirmələrini qırıb.. yerində bir Çingiz Qacar saxlayıb: adı, soyadı türk, özü antitürk! Qacar soylu yağı yetirməsi!
Burada Rusiya Elmlər Akademiyasının akademiki, riyaziyat elmləri doktoru İqor Rostislavoviç Şafareviçi anmaq gərəkir. Bu ilin fevralında dünyasını dəyişmiş Şafareviç millətçi akademik idi (şovinist deyil, millətçi!). Onun bir çox yazılarını oxumuşam, milli kimlik düşüncəsini gəlişdirməyə, savınmağa yönəlik o yazıları bizim “akademik” də oxusaydı, gerçək akademikin nə olduğunu, – necə olmalı olduğunu! – bilərdi.

Z.Əlizadə, elə bir sıra başqaları da H.Əliyevin Azərbaycanda “milli problemi çox düzgün, uğurla həll etdiyini” bildirir, bildirirlər. Çox “düzgün”, “Uğurlu” politikadır: repressiya ortamında ölkənin başlıca, dövlətquran xalqının özünüadlandırma hüququnu tapdayaraq adını əlindən almaqla onu azlıq içində əritməyə yönəldirsən. Bununla yanaşı, başı bütünlüklə bir ailəyə bağlı regional hakimiyət formalaçdırırsan – bu da olur “milli məsələnin düzgün, uğurlu həlli”! Rus filosof-politoloqu A.S.Panarin yazır: “Kim hər hansı bəlgəylə (bəlgə – bəhanə) yerli azlığın, kütlənin yararı üçün xalqı özünün böyük yazı gələnəklərindən (böyük keçmişindən. – X.B.) ayırırsa, onu acı sonluğa – başqalarının asimliyasiyasına, kültür-politik ağalığına uğradır”(A.S.Panarın, Politoloqiya, Moskva, 2003, s. 362). H.Əliyevin “milli məsələni düzgün, uğurla həll etməsi” faktlarından biri olaraq Azərbaycanda yaşayanların 2009-cu il statistikasına baxaq: azərbaycanlı – 8 milyon 172min ; ləzgi – 180 min 300; erməni – 120 min 306; rus – 119 min 307; talış – 111 min 996; avar – 49 min 838; türk – 37 min 975…
Budur “milli məsələnin düzgün, uğurlu həlli”! Hamının adı üstündə, dövlətquran xalqdan başqa. (Sondakı “türk” anlayışı Axıska türklərini bildirir.
Y.V.Çəmənzəminli yazırdı: “Ərəb istilası Zərdüştün odu ilə birgə ölkəmizin mədəniyət işığını da söndürdü”. O İŞIQ o çağlardan indiyədək, çağımızadək, çeşidli yollar-metodlarla söndürülməkdədir. Bunu da A.S.Panarın yazır: “Gerçəkdə, insan “ inanclı heyvan” olaraq bəlirli mənəvi gələnəklər axarında formalaşır, gələnəyin dəyişdirilməsi genetikanın özünü belə pozmaqla dış görünüşü, fiziki görünüşü dəyişir” (yenə orada, s.363). Başda akademik adı daşıyanlar olmaqla, aydınların borcu xalqı özümlüyündən, özəlliyindən uzaqlaşdırma faktlarına-politikalarına qarşı çıxmaqdır. Biz indilikdə nə görürük: xalqı özümlüyündən, özəlliyindən uzaqlaşdırma politikalarına qulluq – nökərçilik…

Son söz yerinə

Görkəmli ərəb islam düşünəri B.Bəhr əl-Cahiz əl-Bəsiri “Türklərin fəzilətləri” əsərində yazır: <…>“Türklər yaltaqlıq, aldatma, araqarışdırma, dedi-qodu, uydurma, böhtan, ikiüzlülük, dosta dönüklük bilməyən xalqdır.
Türklərin qadınları da kişiləri kimidir.
Türklərin yerini hərbdə kimsə verə bilməz.
Türklər kütləşdirici vara, ağılı başdan alan yatıra yiyələnmədilər. Alçaldılmağa, ürəklərinə toxunmağa, özlərini öz gözlərinda kiçiltməyə nə ola (kəsinliklə) dözməyiblər.
Bir türk ayrılıqda bir millət deməkdir” <…>
Bütün bunlara görə Böyük Məhəmməd Əmin deyirdi: “Nə xoşbəxtəm: mənim dilim türk dilidir”
Bütün bunlara görə Böyük Atatürk deyirdi: “Nə mutluyam TÜRKƏM deyənə”.
Xəlifə I Müaviyə (661-680) Doğuya yürüş öncəsi danışmanı Übeyd ibn Şəriyədən Azərbaycanla bağlı bilgi istəyir. Şəriyə deyir: “Azərbaycan türklərin ölkəsidir”. İosif Stalin – Heydər Əliyev hakimiyətində Azərbaycan türk olmayanların ölkəsinə çevrildi…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button