2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanın Ermənistanla sülh müqaviləsinin şərtləri

***

-Ermənistan mətbuatının yazdığına inansaq, Kazanda Azərbaycan-Ermənistan arasında hansısa sülh müqaviləsinin ilkin bünövrəsinin qoyulacağı gözləniləndirmi?

-Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması faktiki olaraq 10 noyabr bəyannaməsi haqqında məlumatın yayılmasından dərhal sonra ortaya çıxdı. O zamandan da sülh müqaviləsi ilə bağlı müzakirələr gedir. 10 noyabr tarixində imzalanan bəyanatın formatı bəyannamədir. Bu, yeganə mümkün sənəd forması idi ki, həmin dövrdə parlamentlərin ratifikasiyasına ehtiyacı yox idi. Bu da Rusiyaya həmin dövrdə çox çevik hərəkət etməyə, həmçinin Paşinyana Ermənistan daxilində müqaviməti nəzərə alaraq bir çox insanların konsultasiyasına baş vurmadan müəyyən qərar qəbul etmək üçün imkan yaratdı. Ona görə də həmin dövrdə imzalanan sənəd məhz bəyannamə adlandırıldı. Faktiki olaraq isə bu, müqavilə idi.

Saytların yığılması Saytlarin yigilmasi

Sülh müqaviləsinin bütün əsas bəndləri demək olar ki, burada öz əksini tapmışdı. İndi isə elə bir sənəd olmalıdır ki, o, daha detallı olsun. 10 noyabr sənədi sürətlə hazırlanmış bir sənəd olduğundan bir çox detallar sonradan yada düşmüşdüsə, indi daha detallı sənədin hazırlanmasına ehtiyac var ki, parlamentlərdə və cəmiyyətdə geniş müzakirə olunub qəbul olunsun.

Əlbəttə ki, bu proses zamanı daha çox resurslar sərf olunacaq ki, burada vətəndaş cəmiyyətinin, maraq qruplarının hamısının prosesdə iştirakı mütləqdir. Belə olan halda bu sənədin imzalanması uzun müddət çəkəcək. Yəni, mümkündür ki, Kazanda bu istiqamətdə ilkin addımlar atılsın. Çünki dediyim kimi,  yekun sənədin imzalanması uzunmüddətli bir prosesdir.

Bu cür həssas sənəd Ermənistanda seçki öncəsi Paşinyan üçün əlavə siyasi yük yarada bilər deyə bəzi detallar açıqlanmayacaq. Amma biz gözləyə bilərik ki, Kazanda bu məsələ ilə bağlı bir sıra bəyanatlar olsun. Çünki hazırda Rusiya gərgin durumdadır. Putinə müəyyən bir uğur hekayəsi lazımdır. Xüsusilə də Avrasiya İqtisadi Birliyinin nəzdində.

Hazırda Krımla bağlı Putinin reytinqi çox sürətlə aşağı düşməkdədir. Putin və Rusiyadakı hakimiyyətdə olan qüvvələr yeni reytinq mənbəyi axtarırlar. Ona görə də Avrasiya İqtisadi Birliyinin nəzdində bir qisim ölkələrin müəyyən diplomatik uğurlu gedişi Putinin hesabına yazılacaq. Və bu konteksdə Belarus prezidenti Lukaşenkonun Azərbaycana səfəri, Azərbaycan prezidenti ilə uzunmüddətli formal və qeyri-formal görüşləri onu göstərir ki, bir çox məsələlər orada əsaslı müzakirə olunub. Həmin məsələlər əlbəttə ki, Kazanda görünəcək. Qısa desək, Kazanda müəyyən bəyanatların elan olunması mümkündür, amma sülh sənədinin hazırlanması uzun müddət çəkəcək. Burada ən başlıca səbəb isə Ermənistandakı hazırda seçki dövrü olduğundan bu tip məsələlərə həssas yanaşılmasıdır. İndi Ermənistan çalışacaq ki, bu məsələ mümkün qədər gec olsun.

-Azərbaycan tərəfi ən yüksək səviyyədə sülh sazişinə hazır olduğunu bəyan edir. Amma Ermənistanda bununla bağlı addımlar atılmır. Buna səbəb nədir? Ola bilərmi, üzdə tamam başqa mənzərə olsun, pərdə arxasında isə tamam başqa?

-Burada bir neçə məqam var. Ən əsası bayaq dediyim kimi, Ermənistanda seçki öncəsi dövr olduğu üçün rəsmi Yerevan çalışır ki, bu cür həssas məsələlərdən kənarda dursun. Və arzulayır ki, Azərbaycanda olan erməni əsgərləri qaytarılsın. Bunun üçün müəyyən danışıqlara getməyə hazırdır. Amma yekun hər hansı bir sənədin imzalanması Ermənistana hazırda sərf etmir. Hətta seçkilərdən sonra da sərf etməyəcək. Ona görə ki, Ermənistan məğlubiyyətini rəsmiləşdirə biləcək istənilən sənədi imzalamaqdan qaçmağa çalışır. Bu isə artıq gecdir. Çünki Ermənistanın 10 noyabr bəyanatının altında imzası var. Amma bundan sonra Ermənistan çalışacaq ki, mümkün qədər əsas sülh müqaviləsinin altında öz imzasını atmağı yubatsın, öz məğlubiyyətini rəsmiləşdirməsin, müəyyən məsələlərin üzərindən verbal söz verməklə keçsin. Amma bu strategiya artıq işləmir. Paşinyanın özünün dediyi kimi, 2016-cı il aprel hadisələrindən sonra Serj Sarkisyan müəyyən sözlər vermişdi və həmin dövrdə atəşkəs əldə olunmuşdu. Amma bunlar icra olunmayıb. Ona görə də Paşinyanın, erməni liderlərin sözlərinə inam yoxdur.

Yadınızdadırsa, Paşinyan özü İlham Əliyevlə arxa qapı diplomatiyası ilə məşğul olmağa çalışırdı. Bu da uğursuz oldu. Ona görə də Ermənistan liderlərinin müəyyən bir verbal, imzasız razılıq əldə edərək addımlar atması mümkünsüzdür. Ona görə Ermənistan gec-tez məcbur qalaraq öz məğlubiyyətini daha bir sənəddə rəsmiləşdirəcək.

-Sizcə, sülh sazişinin vaxtıdırmı, yoxsa hələ həll olunmalı məsələlər var? Əgər həll olunmalı məsələlər varsa, bunlar nələrdir?

-Əlbəttə vaxtıdır. Və burada nəzərə almaq lazımdır ki, indiki şəraitdə Rusiya sülhməramlılarının Qarabağdakı statusunun, mandatının müəyyənləşdirilməsi və müəyyən hərəkətlərin limitləşdirilməsinə Azərbaycanın ehtiyacı var. Həmçinin sülh sazişindən sonra Ermənistan və Azərbaycan arasında müəyyən diplomatik əlaqələr qurulmalıdır. Bu, avtomatik olaraq ərazilərin qarşılıqlı tanınması deməkdir. Bu o deməkdir ki, artıq Ermənistan da Azərbaycanın sərhədlərini tam tanıyır. Bundan sonrakı mərhələdə Ermənistanın beynəlxalq hüquqla destruktiv fəaliyyəti qat-qat limitlənmiş olacaq. Bu, özü çox vacib bir məqamdır. Həmçinin indiki şəraitdə Laçın dəhlizinin taleyi və ümumiyyətlə, Azərbaycana gələcəkdə problem yarada biləcək bütün qeyri-müəyyənliklər müzakirə olunmalıdır ki, gələcək nəsillər üçün hansısa sürpriz olmasın. Və nəzərə almaq lazımdır ki, Ermənistan indiki şəraitdə mümkün qədər çalışır ki, həmin qeyri-müəyyənliklər qalsın. Burada həll olunmayan məsələ olaraq biz mövcud vəziyyətdən Rusiyanın nə dərəcədə yararlanmaq istədiyini nəzərə almalıyıq. Çünki müharibə Rusiya ssenarisi üzrə baş verməyib. Ona görə də biz hazırda görürük ki, Rusiyada bir çox şəxslər fikir bildirirlər ki, Qarabağ Azərbaycana qayıtsa da Azərbaycan Avrasiya İqtisadi birliyinə üzv olmadı. Rusiya özü də çalışacaq ki, mümkün qədər öz iddialarını daha açıq formada qabartsın. Elə 10 noyabr bəyanatının üstündən vaxt keçdikcə Azərbaycan diplomatiyasında olan qələbənin ətalətliliyi tədricən zəifləməkdədir. Hazırda isti-isti o məsələlərin müzakirəsinə və  Azərbaycanın daha çox xeyrinə olacaq sülh müqaviləsinin imzalanmasına ehtiyac var.

-Sülh sazişi hazırlansa belə, bunu imzalamağa imkan veriləcəkmi? Xüsusən rəsmi Moskva bu münaqişənin sülhlə bitməsinə şərait yaradacaqmı? Bu onlara sərf edirmi?

-Rusiya doğrudan da münaqişədən müəyyən bir rıçaq kimi istifadə edib. Bu 90-cı illərdən 2000-ci illərin ortalarına qədər olan reallıqdır. Amma əksər tədqiqatçılar hazırda razılaşırlar ki, son 7-8 ildə, xüsusilə də Lavrov planı deyilən plan meydana çıxdıqdan sonra bu, onu göstərdi ki, Rusiya münaqişənin həllində müəyyən bir irəliləyişə nail olmaq niyyətindədir. Bu, onunla izah olunur ki, 90-cı illərdə Rusiya kəskin zəif idi. Ona görə də regionu əlində saxlamaq üçün ona belə bir münaqişə lazım idi. Bu münaqişədən istifadə edərək regiondakı proseslərə təsir edə bilirdi.

Hazırda isə Rusiya özünü güclü hesab edir və çalışır ki, bu münaqişə sıradan  çıxaraq tədricən Azərbaycan və Ermənistanın Rusiyanın rəhbərlik etdiyi layihələrə inteqrasiyası ilə əvəzlənsin. Xüsusilə də nəzərə almaq lazımdır ki, Rusiya çox qısqanclıqla Cənubi Qafqazda olan hərbi toqquşmaları izləyir. Çox əsəbi formada izləyir ki, burada olan bütün hadisələr hamısı qısa bir müddət sonra Rusiyanın Şimali Qafqazında öz əks təsirini tapa bilər.

Rusiyaya qısqanclıq gətirən digər məsələ Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan münasibətləridir. Belə səmimi münasibətlər o deməkdir ki, bir müddət sonra Şimali Qafqazda da belə oxşar ayulduzlu bayraqlar ortaya çıxa bilər. Ona görə Rusiya hazırda çalışır ki, vəziyyət mümkün qədər stabil qalsın. Hər hansısa bir əlavə gərginlik olmadan vəziyyətə nəzarət edə bilsin. Münaqişənin həll olunmasında, sülh müqaviləsinin imzalanmasında Rusiyanın müəyyən  maraqları var. Amma əlbəttə ki, 90-cı illərdən bəri münaqişə məhz Rusiyanın regional proseslərə təsir etmək imkanını qat-qat artırıb.

-Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nə vaxt, necə, hansı şərtlər altında imzalana bilər ki, bu müqavilə hər bir ölkənin maraqlarını təmin etməli olsun?

-Hər bir ölkənin marağını təmin edəcək müqavilənin olması mümkünsüzdür. Əgər elə olsaydı, müharibəyə ehtiyac olmazdı, sülh yolu ilə həll olunardı. Biz indiki şəraitdə Azərbaycanın üstün vəziyyətdə olduğunu görürük. Ona görə Azərbaycanın münaqişə ilə bağlı nələr edə biləcəyini düşünə bilərik. Azərbaycanın hazırda istədiyi odur ki, Ermənistan silahsızlaşdırılsın. Azərbaycan ərazisində bir nəfər də olsun əli silahlı erməni olmasın. Ermənistan öz təhlükəsizlik qarantı kimi Rusiyanı seçib.

Əgər Ermənistanın bütün sərhədlərində daxili təhlükəsizlik Rusiya tərəfindən təmin olunursa, demək ki, həmin ölkədə yaradılacaq istənilən ordu proseslərə destruktiv təsir etmək üçün yaradılmış ordu olacaq. Bu, çox vacib məqamdır ki, Azərbaycan tərəfi bunu nəzərə alır. Həmçinin Azərbaycan tərəfi tələb edir ki, bundan sonra imzalanacaq sənədlərdə Ermənistanın rolu olmasın.

Sülh sazişi olsun, amma mandat və digər məsələlərin hamısı Azərbaycanla müəyyən olunsun. Çünki Ermənistan artıq Dağlıq Qarabağa aidiyyatı olmayan bir ölkədir. Bundan sonra baş verən bütün proseslər etnik mənşəyi erməni olan Azərbaycan vətəndaşları ilə Azərbaycan hökuməti arasında olan münasibətlər sisteminə aiddir. Bu da Ermənistan dövlətini müəyyən qədər kənarda saxlamalıdır. Bu o deməkdir ki, sülhməramlıların mandatı və digər sənədlərdə də Ermənistanın imzasına ehtiyac yoxdur. Ermənistanın imzasına yalnız və yalnız Azərbaycanla münasibətlərin müəyyən olunmasında, Azərbaycanın ərazi bütövlüyünün tanınmasında ehtiyac var. Biz bu istiqamətdə artıq bəzi fəaliyyətləri görürük.

Ermənistanda, məsələn, ordunun yeni çağırış modelinə çevrilməsi barədə danışılır. Beşillik çağırış olur, hərbi yığım olur və təlimlər keçirilir. Hazırda Ermənistanın daxilində mütəmadi ordunun saxlanılmaması barədə müzakirələr gedir. İkinci məsələ üzrə isə 10 noyabr bəyanatında Rusiya sülhməramlılarının mandatına Ermənistan tərəfi imza atsa da, orada Ermənistanın imzası olduğu üçün Azərbaycan tərəfi bu sənədə imza atmamışdı.  Görünür, Azərbaycan tərəfinin sülh razılaşmasındakı üstün mövqeyi, müharibədə əldə etdiyi uğurlar öz təsirini göstərib. Bundan sonrakı dövrdə də bu, özünü vacib göstərəcək. Amma bütün bunlarla yanaşı, sülh ideyasını özümüzdən uzağa tutmamalıyıq. Nəzərə almalıyıq ki, əgər Ermənistan- Rusiya simbiozu 200-250 ilin məhsuludursa, Ermənistan uzun müddət Azərbaycan, Türkiyə, İran mədəni mühitində formalaşıb və haradasa 400-500 il ərzində bu mühitin təmsilçisi olub. Elə Ermənistanda hazırda əksər insanların soyadına və adına baxdıqda biz bu mədəni təsiri görürük. Ona görə də mən düşünürəm ki, Ermənistan gec-tez Azərbaycanla, Türkiyə ilə münasibətlər quracaq. Bir çox hallarda görəcəyik ki, hazırda Rusiyanın Ermənistan üçün oynadığı rolu Türkiyə və Azərbaycanın oynaması mümkündür. Amma bu, əlbəttə ki, uzunmüddətli perspektivdə baş verə bilər.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button