2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanın meyvə ixracatı potensialı: imkanımız nəyə yetir?

Dünyada meyvəçilik çox nəhəng ixaracat potensialı olan sektordur. Hazırda qlobal ticarətdə meyvə ixracının ümumi həcmi 105 milyard dollara çatır.

Azərbaycanın təzə meyvə ixracından gəlirləri hətta 50 milyon dollara belə yetmir. Rəsmi statsitikaya görə, ölkəmizin əkinəyararlı torpaqlarının çox az hissəsi – təxminən 7.7%-i (143 min hektar) meyvə bağlarına məxsusdur. Müqayisə üçün deyim ki, dünya meyvə ixracatında mühüm paya malik olan Türkiyədə meyvə əkinlərinin kənd təsərrüfatı əkinlərində payı bizim göstəricidən təxminən 2 dəfə yüksəkdir – 14% (3.3 miıyon hektar).

Arxada buraxdığımız illərdə Azərbaycanın yüksək ixrac dəyərinə malik Qərb bazarları bir yana, hətta Rusiya kimi aşağı ixrac dəyərli bazardan pay alması mümkün olmayıb. Məsələn, hələ sovetlər dönəmindən kifayət qədər böyük ərazilərdə əkilən üzüm və alma ixracatı belə nəhəng bazarı olan qonşu ölkədə əhəmiyyətli yer tutmağa imkanlar açmayıb. 2015-ci ildə şimal qonşumuz 282 milyon dollarlıq 253.3 min ton təzə üzüm idxal edib. Bu həcmdə Azərbyacanın ixrac həcmi dəyər ifadəsində 1.7 milyon dollar (Rusiyanın bütün idxalının 0.6%-i) olub. Azərbaycandab bu ölkəyə üzüm idxalının natural ifadədə həcmi 2 min ton olub. Amma, məsələn, MDB-nin başqa ölkələri – Moldovadan Rusiyaya üzüm ixracı bizdən 13 dəfə, Özbəkistanın ixracı 6 dəfə çox olub.

Saytların yığılması Saytlarin yigilmasi

Yaxud 2015-ci ildə Rusiya 385 milyon dollar dəyərində 880 min ton həcmində alma idxal edib. Azərbaycandan bu ölkəyə alma idxalı 14.5 milyon dollar olub – qonşu ölkənin ümumi idxalının təxminən 3.5%-nə bərabərdir. Natural ifadədə Azərbaycandan Rusiyaya alma ixracı 36.5 min ton təşkil edib.

Məlumatların təhlili göstərir ki, Rusiyaya idxal olunan həm üzüm, həm də almanın qiymətinə görə Azərbaycan ən aşağı qiymət olan ölkələr sırasında olub. Belə ki, Azərbaycandan Rusiyaya üzümün hər kq-ı 0.85 dollar təşkil etdiyi halda, Çilidən ixrac 1.6 dollar, Çindən 1.3 dollar, Cənubi Afrika Resbublikasından 1.4 dollar, Türkiyədən 1.05 dollar təşkil edib. Moldovanın və Özbəkistanın qiyməti bizdən bir qədər ucuz olub – müvafiq olaraq 0.75 və 0.64 dollar. İxracını təxminən yarısı (121 min ton) Türkiyənin payına düşüb.

Eyni durum alma ixracında da müşahidə edilir. Azərbaycandan Rusiyaya almanın hər kq-nın orta ixrac qiyməti 0.38 dollar təşkil edib. Bu rəqəm Gürcüstan üzrə 0.44 dollar, Çin üzrə 0.49 dollar, Türkiyə üzrə 0.5 dollar, Serbiya üzrə 0.66 dollar, Çili üzrə 0.78 dollar, Yeni Zelandiya üzrə 1.02 dollar təşkil edib. Rusiyanın alma idxalının təxminən yarısı 3 ölkənin – Serbiya, Çin və Cənubi Afrika Respublikasının payına düşüb.

Göründüyü kimi qiymət baxımından Azərbaycan uzaq coğrafiyaya getmədən hətta qonşu bazarlarda 2 məhsulun timsalında meyvə ticarətində rəqabət qabiliyyətli ölkə statusu qazanmaq imkanına malikdir. Lakin ixrac qabiliyyətliliyi yalnız qiymət faktoruna bağlı deyil. Göründüyü kimi, Latın Amerikası ölkələrinin üzüm və alma ixracı qiyməti bizdən 2 dəfə yüksək olsa da, bu ölkələr Rusiya bazarında həlledici paya malikdirlər. Bu baxımdan səlahiyyətli qurumlar və tədqiqat insititutları məhsulun keyfiyyəti, nəqli və qablaşdırılması, çeşidi, bu bazarda tələbat olan meyvə növləri, həmçinin standartalara əməl edilməsinin durumu ilə bağlı kompleks qiymətləndirma apararaq Azərbaycanın yüksək ixtisaslaşma potensialı olan meyvə növləri üzrə rəqabət qabiliyyətliliyini dəyərləndirən hesabatlar hazırlamalıdırlar.

Amma ixrac imkanlarının genişlənməsi qiymət əlverişliliyinin və keyfiyyət standartlarının uyğunluğu ilə də yekunlaşmır. Çox önəmli məsələlərdən biri yüksək istehsal potensialının mövcudluğudur. Ölkə öz daxili tələbatından xeyli böyük həcmdə məhsul istehsalı imkanına malik olmalıdır ki, daxili istehlakdan artıq həcmdə məhsul üçün ixrac bazarları axtarsın. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda əhalinin hər nəfəri hesabı ilə 25 kq alma, 16 kq üzüm istehsal edilir. Halbuki Azərbaycanın ərzaq istehlakı ilə bağlı minimum normativlərinə görə orta hesabla ildə hər kəs 50 kq meyvə və giləmeyvə istehlak etməldir ki, bunun da 25 kq-nı alma istehlakı təşkil etməlidir. Yəni, alma istehsalının həcmi ilə bağlı rəsmi bəyan edilən göstərici yalnız ölkə əhalisinin minimum səviyyədə istehlakını ödəmək üçün yetərlidir. Hələ nəzərə alaq ki, bizdə alma şirəsi və alma qurusu sənayesində yerli xammaldan istifadə edilsə, alma istehsalının indiki həcmləri daxili tələbat üçün belə yetərli olmaz.

Üzüm istehsalında da eyni durumdur. Dünyada əhalinin təzə süfrə üzümləri istehlakı orta hesabla 15-20 kq təşkil edir. Məsələn, qonşu Türkiyədə bu rəqəm 18 kq-dır. Azərbaycanda daxili istehsalın adambaşına həcminin 16 kq təşkil etdiyini nəzərə alsaq, bu həcm nəinki ixrac üçün, hətta şərab sənayesi və quru üzüm emalı üçün minimum həcmdə xammal vermək üçün belə yetərli deyil.

Məhsulun azlığı yalnız meyvə sahələrinin həcminin məhdudluğu ilə bağlı deyil. Məhsuldarlığın aşağı olması da ciddi problemdir. Məsələn, rəsmi statistikaya görə Azərbaycanda alma bağlarının orta məhsuldarlığı 8 ton təşkol edir. Dünya üzrə bu göstərici 15.5 ton, yüksək məhsuldarlığa malik Fransa, Avstraliya və Niderland kimi ölkələrdə 40-50 ton intervalında dəyişir. Türkiyədə də bizdən 2 dəfə yüksəkdir – 18 ton.

İndi bir müqayisəyə baxaq: fermerlərin hazırkı ixrac qiymətləri ilə alma və üzüm bağlarının hər hektarından mövcud məhsuldarlıq çərçivəsində 5-8 min dollar ümumi gəlir əldə etmək imkanı mövcuddur. Məhsuldarlığın ən azı Türkiyə səviyyəsinə çatıdırıması bu gəlirlərin 25-30%-ə qədər artırılmasına imkan verər. Lakin hökumətin indi üstünlüyünü təbliğ etdiyi pambığın hər hektarından ən yüksək məhsuldarlıq (4 ton) şəraitində belə fermerin əldə edə biləcəyi ümumi gəlir bundan 7-8 dəfə azdır. Üstəlik, meyvəçilik ölkənin ekosisteminin tənzimlənməsində mühüm rol oynamaqla yanaşı, yan sektorların (məsələn, arıçılıq) da inkişafı üçün mühüm təbii mühit rolunu oynayır.

Meyvəçilik sektorunu inkişaf etdirmək üçün təcili qarşıda duran bir neçə vəzifə var: bu sektorun inkişafına yönəlik sahə proqramı qəbul edilməli, bir neçə vacib meyvə növü üzrə rəqabət imkanlarının və istehsal potensialının dəyərləndirilməsinə imkan verən master-planlar hazırlanmalı, meyvə bağları əkmək istəyən fermerlərə hökumətin güzəştli kreditləri hesabına müddəti 10 ildən az olmayan, faizsiz və girovsuz, dövlət zəmanəti ilə kredit xətləri açılmalıdır.

Qeyd: idxal-iracla bağlı bütün məlumatlar Rusiyanın rəsmi mənbələrindən götürülüb.

Rövşən Ağayev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button