2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azadlıq bütün problemlərin aradan qaldırılması üçün əsas şərtdir

Yanvarın 14-də KİV rəhbərləri, jurnalist təşkilatları və ekspertlərdən ibarət qrup prezident İlham Əliyevə müraciət edərək media haqqında yeni qanun layihəsini imzalamamağı və onu yenidən işlənmək üçün parlamentə qaytarmağı xahiş ediblər. Müraciətin müəllifləri sözügedən qanunun məzmunu ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək qeyd edirlər ki, bu, ictimai müzakirələr olmadan, müstəqil KİV və hüquqşünasların rəyləri nəzərə alınmadan hazırlanıb parlamentə təqdim edilib.

“Qanun layihəsinin mətni açıqlandıqdan sonra dar zaman kəsiyində layihənin mürtəce, media və ifadə azadlığı standartları ilə üst-üstə düşməyən məzmununun yaxşılaşdırlmasına xidmət edən təkliflər paketini hazırlayıb, təqdim etmişik. Ancaq təəssüflər olsun ki, irəli sürdüyümüz vacib təkliflər də diqqətsiz qalıb. Milli Məclis yekunda texniki məzmunlu bir neçə dəyişiklik etməklə layihəni qəbul edib.

Məzmunu media qanunları standartlarına uyğun gəlməyən, mətni mücərrəd, anlayışları dolaşıq olan qanun layihəsi jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirir. O, kimin qanuni jurnalistika fəaliyyətilə məşğul ola biləcəyini müəyyənləşdirməkdən tutmuş, onlayn mediaların icra orqanından lisenziya və ya rəy almalı olması şərtinə qədər, bütün həlledici tənzimləmələrin açarını dövlətə təslim edir. Qanun layihəsinin hazırlanması prosesi, layihənin məzmunu həm “İnformasiya əldə etmək haqqında” qanuna, həm də Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin media azadlığı ilə bağlı müddəalarına uyğun deyil”, – müraciətdə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Müraciəti Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycanda İnternetin İnkişafı Forumunun sədri Osman Gündüz, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, media eksperti Qulu Məhərrəmli, media hüququ üzrə mütəxəssis Xalid Ağaliyev imzalayıblar.

Qeyd edək ki, bundan əvvəl də media haqqında qanun layihəsinin qəbul olunmaması üçün vətəndaş cəmiyyətinin bir çox üzvləri ictimaiyyətə, parlamentə, beynəlxalq təşkilatlara müraciət ünvanlamışdılar. Ancaq bütün bunlara baxmayaraq Milli Məclis həmin qanun layihəsini  3 oxunuşda da qəbul edib. İndi həmin qanun layihəsini imzalanmaq  və ya geri qaytarmaq prezidentin səlahiyyətindədir. Məhz bu səbəbdən bu dəfə media adamları qanun layihəsinin geri qaytarılması ümidi ilə prezidentə müraciət ediblər. 

Bu barədə həmin müraciətə imza atan media hüququ üzrə mütəxəssis Xalid Ağaliyev ASTNA-nın suallarını cavablayıb. 

* * *

Sual: Xalid bəy, Media haqqında qanunu imzalamaması üçün prezidentə müraciət etmisiniz.  Necə oldu ki, belə bir müraciət hazırlamaq qərarına gəldiniz?  

Cavab: Bir qanun layihəsinin qanuna çevrilməsi üçün Milli Məclisdə 2 və ya 3 oxunuşda qəbul edilməsi və ölkə başçısı tərəfindən təsdiq edilməsi lazımdır. Bu, əməl edilməsi məcburi olan prosedurdur. Milli Məclisin təsdiqlədiyi qanun layihələrinin prezident tərəfindən təsdiqlənməsi, sonuncu, həlledici mərhələdir. Müraciətə imza atan media ekspertləri və media hüququ üzrə ekspert olaraq, Ələsgər Məmmədli və mən qanun layihəsinin açıqlandığı və gündəmdə olduğu 20 gün ərzində prosesi yaxından izlədik, demək olar ki, iştirakçısı da olduq. Ə.Məmmədli Milli Məclis nümayəndələri ilə daha yaxından  təmaslarda da oldu. Biz qanun layihəsinin mürtəce məzmununa yönəlmiş 40-dan artıq təklif də hazırlayıb təqdim etdik. Onların demək olar ki, heç biri diqqətə alınmadı. Prosesin yekunu bundan ibarət idi ki, Milli Məclisdən keçmiş layihənin məzmunu ifadə və media azadlığına deyil, bu təməl hüquqların daha da daraldılmasına, məhdudlaşdırlmasına xidmət edirdi. Ölkə üçün səmərəsiz və ziyanlı olan layihənin önlənməsi üçün əlimizdə olan imkanlar ölkə başçısına müraciət etməklə məhdudlaşırdı. Ona görə, son daxili vasitədən istifadə etdik. Əvvəllər belə təcrübələr olub, ölkə başçısının veto etdiyi qanun layihələri olub. Bu təcrübədən istifadə etdik, müraciətimizə layiq olduğu dəyərin veriləcəyinə ümidvarıq.

 Sual: Amma media haqqında yeni qanun layihəsinin hazırlanması məhz prezidentin təşəbbüsü olub və bunu siz həmin müraciətdə qeyd etmisiz. Yəni düşünürsüz ki, prezidentin öz təşəbbüsü ilə hazırlanmış qanun layihəsi elə məhz prezidentin özü tərəfindən geri qaytarılacaq? 

Cavab: Ölkə başçısının 2021-ci ilin əvvəlində imzaladığı sənəd Media haqqında qanunun hazırlanıb qəbul edilməsini nəzərdə tuturdu. Məncə, bu sənəd həm də daha çox internet mediası üzərindən aşağılayıcı məzmunların yayılmasının doğurduğu reaksiyaların nəticəsində ortaya çıxmışdı. Biz düşünürük ki, qanunvericilik mediada, xüsusilə, internet mediasında ifadə azadlığı hüququnun sərhədlərini zorlayan məzmunların populyarlığının başlıca səbəbi deyil. Doğru xəbərləmənin olmamasının işığında, aşağılayıcı məzmunlar, ifadə azadlığının sərhədlərini zorlayan ifadələr ictimaiyyət üçün daha cəlbedici olmağa başladığından, başlıca səbəb, azad mediaya basqılar, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli mühitin olmaması, toplumun başlıca bilgi qaynaqlarından biri olan tele-radio mediasnın tam hökumətin kontrolunda tutulmasıdır. Azadlıq bütün problemləri ortadan qaldırmaq üçün əsas şərtdir. Yeni qanun problemləri aradan qaldırmağın yolu deyil, problemləri daha da dərinləşdirəcək, çünki, ifadə azadlığına daha geniş, Azərbaycanın daxil olduğu geniş hüquqi məkanın şərtləri baxımından da qeyri-legitim məhdudiyyətləri nəzərdə tutur. Biz öz müraciətimizdə bunları vurğulamağa çalışmışıq. Ölkə maraqları baxımından Milli Məclisdən keçmiş layihələrin uyğunsuz olması mümkünsüz deyil, biz bunu müşahidə etdik və vətəndaş cəmiyyəti, media olaraq, öz funksiyalarımızdan çıxış edib, ölkə başçısına müraciət etdik. Yeri gəlmişkən, ölkə başçısı bir neçə gün əvvəlki çıxışında medianın qeyd etdiyim roluna da xitab etmişdi. Əlbəttə, yekun qərar vermək bizim işimiz deyil, bizim işimiz ölkə üçün ziyanlı gördüklərimiz haqda qərar verənləri xəbərdar etməkdir, bu nümunədə də öz işimizi görmüşük.   

Sual: Qanun layihəsi parlamentdə müzakirə olunan ərəfədə sizin həmin qanun layihəsinə bir çox düzəlişləriniz var idi. Həmin düzəlişlər qanuna əlavə olundumu?

Cavab: Müraciəti imzlayanlardan bir neçə nəfər – Ələsgər Məmmədli, Mehman Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmlinin səsləndirdiyi önəmli təkliflərdən yalnız biri yekunda diqqətə alınıb. Ancaq texniki məzmunlu təklif idi, həmkarlarımız tərəfindən ümumilikdə qanun layihəsinin uyğunsuz olmasının vurğulanması fonunda ifadə edilmişdi. Eyni zamanda Milli Məclisdəki sonuncu oxunuşdan öncə 40-dan artıq təklif hazırlanıb, yazılı təqdim edilmişdi. Təəssüflər olsun ki, həmin təkliflər də demək olar ki, heç nəzərə alınmayıb. Dekabrın 10-da açıqlanmış qanun layihəsi, yekunda olduğu kimi parlamentdən keçib.

Sual: Prezident bu qanun layihəsini bu formada imzalasa, onda medianı, jurnalistləri, daha doğrusu müstəqil jurnalistləri nələr gözləyir? 

Cavab:  Yeni qanun, qanuni jurnalistika fəaliyyəti ilə məşğul olan peşəkarlara belə anlayış verir: jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi  ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir. Jurnalist sayılmaq üçün şərtlər bu anlayışda aydın görünür. Avropa Şurası ölçüləri baxımından bu şərtlər daha konkret və aydındır. AŞ sənədlərində jurnalist üçün anlayış belədir: jurnalist – əsas fəaliyyət növü davamlı şəkildə məlumat axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq olan və bu fəaliyyəti sərbəst yaxud hər hansı media subyekti ilə müqavilə əsasında yerinə yetirən şəxsdir. Fərq odur ki, yeni qanun hər hansı media ilə müqavilə şərti gətirir. Bu şərt, məhdudlaşdırıcıdır, azad jurnalist statusuna uyğun gəlmir. Bir qədər qaba müqayisə etsək – Azərbaycanda vəkillik fəaliyyəti ilə məşğul ola bilən şəxslərin çərçivəsi bəllidir, Vəkillər Kollegiyasının üzvləri bu fəaliyyətlə məşğul ola bilərlər. Yeni qanunun işığında baxsaq, qanuni jurnalistika fəaliyyəti ilə yalnız bu qanuna uyğun olaraq hökumətin formalaşdıracağı reyestrə daxil edilmiş jurnalistlər məşğul ola biləcəklər. 

Sual: Son vaxtlar jurnalistlərin prokurorluğa çağırılması və məhkəmə tərəfindən cərimələnməsi halları ilə rastlaşırıq. Sizcə, bu hələ imzalanmamış yeni qanun ilə əlaqəlidir, yoxsa hansısa digər qanunlarda bu kimi hallar qanuniləşdirilib?

Cavab: Son aylarda müşahidə olunan xəbərdarlıqlar, cərimələnmələr daha əvvəl qəbul edilmiş, jurnalistika fəaliyyəti ilə bağlı başqa qanunlarda nəzərdə tutulub. Məsələn, Baş Prokurorluq çağırır, jurnalistə yazılarına görə, xəbərdarlıq edir. Bu, “Prokurorluq haqqında” qanuna uyğundur. Jurnalistlərin yazılarına görə cərimələnməsi də 2017-ci ildə İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, tətbiq edilir. Ancaq hər iki hal daha geniş yanaşmada ifadə azadlığı hüququnun fəlsəfəsinə uyğun deyil. Jurnalisti bir dövlət qurumuna çağrmaq, saatlarla sorğu-sual etmək, sonda xəbərdarlıq etmək, dolayısı ilə senzuraya bərabər tutulmalıdır. Belə hallar başqalarını qorxutmaqla yanaşı, xəbərdarlıq edilən jurnalistləri doğruları yazmaqdan, tənqiddən çəkindirir. Jurnalistləri tənqidi, ictimai müzakirələr kontekstində yaydığı məzmuna görə cərimələmək də eyni effekti doğurur. Qeyd etdiyiniz cərimələmələrə, xəbərdarlıqlara ümumi kontekstin işığında yanaşdıqda, bunları yeni qanunun gətirəcəyi daha sərt və geniş məhdudiyyətlərin xəbərçiləri də saymaq olar.

Sual: Media, müstəqil jurnalistlər bu kimi qanunlar qüvvəyə mindiyi təqdirdə peşə standartları və prinsiplərini qorumaq üçün nə edə bilərlər? İndiki halda və qanun qüvvəyə mindiyi təqdirdə çıxış yolu nədir?

Cavab: Azərbaycan təəssüf ki, media, ifadə azadlığı ölçülərində, indekslərində yaxşı göstəricilərə malik deyil. Bunun başlıca səbəbi azad media üçün əlverişli fəaliyyət mühitinin olmamasıdır. İnternet mediası istisna olmaqla, bütün başqa medialar bilavasitə və ya dolayısı ilə hökumətin  təsiri altındadır. Çıxış yolu media üçün yaxşı, Avropa ölçülərinə uyğun qanunvericilik, basqılardan, təzyiqlərdən uzaq əlverişli fəaliyyət mühitinin yaradılmasına xidmət edən fəaliyyətlərdir.

Kamran Mahmudov

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button