2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azadlıq parkımız olmalıdır!

Məhəmməd Talıblı

“Bir nəfər hər şey olanda, hamı heç şey olur”.

Saytların yığılması Saytlarin yigilmasi

Filosof Asif Ata

Yüzlərlə Heydər Əliyev adına parkların olması orta statistik azərbaycanlı üçün göz oxşayan mənzərə kimi görünə bilər. Maddiləşmiş heykəllərin olması və bahalı ağaçlarla dolu parkların salınaraq bir şəxsin adı ilə simvollaşdırılmasına edilən cəhdlər ola bilsin altşüurda özünə yer edir. Amma böyük mənada bu milli məzmunu özündə ehtiva eləmir. Əbədilik və tarixi baxımdan bir şəxsiyyətin adı ilə hər şeyin əlaqələndirilməsi onsuz da tarixi öyrənənlər üçün ciddi təsir bağışlamır. Çünki, bir millətin taleyi fərdi qəhrəmanlıqlardan daha çox, kollektiv şüur və iradə ilə mövcud olur. Bu mənada biz tək-tək qəhrəmanlıq səlnamələrini millətimizin xilas obrazını yaratmaqdansa, tarixi epizodlar üzrə milli gücün birgə yaratdığı tarix səhnələrini bütöv hala gətirməliyik. Millətin bütöv halda fəxr yerinə çevrilə bildiyi dəyərləri və onları yaradan insanları simvilizə etmək daha doğru yoldur.
Azərbaycan Demokratik Cümhuriyyətinin parlament sədrinin müavini olmuş Əhməd bəy Ağaoğlunun 1930-cu ildə Türkiyədə yazdığı “Sərbəst insanlar ölkəsində” əsəri olduqca ibrətamizdir. Çağdaş tariximizlə səsləşən xeyli nüansları sezmək mümkündür. Xüsusilə azadlığın necə ağır məsuliyyət olduğunu fərqli məzmunda oxucuya çatdırır. “İç zəncirlərdən” (ifadə Ə.Ağaoğluna məxsusdur) necə azad olmanın mümkünlüyünü, köləliliyin azad insan konsepsiyası ilə necə təzad təşkil etdiyini maraqlı izahatlarını verir. Cümhuriyyətçi babalarımızın hansı düşüncəyə malik olmaları üçün kitabı oxumaqda böyük fayda var. Kitabda bir epizod üzrə Əhməd bəyin maraqlı bir qeydi var. Türkiyədə yaşadığı illərdə səhərə yaxın yorğun evə gəlmiş Əhməd bəyin başı bərk ağrıyır. (məcazi yox, həqiqi mənada) Əhməd bəy küçəyə çıxmalı olur. Həmin saatlarda bağbanlar ağaçları sulayır. Böyük bir heykələ gözü sataşan Əhməd bəy yaxınlaşaraq onun üzərindəki yazını oxuyur: “Sərbəst ölkənin ilk azad qəhrəmanları”. Bağbanlardan birinə yaxınlaşaraq qəhrəmanın kim olduğunu soruşan Əhməd bəyə cavab belə olur: “Buraya Azadlıq parkı deyilir. O heykəl də istibdada qarşı Azadlıq bayrağını qaldıran ilk vətəndaşın şərəfinə ucaldılıb. Ona görə ölkəmiz bu qəhrəmanın adın əziz tutur.”
Vaşınqtonda Amerikanın müstəqilliyi uğrunda mübarizə aparmış və ölümləri ilə müstəqillik ağacını qanla suvarmış onminlərlə insanların adları və soyadlarını daşlara yazılan bir park var. Sayları o qədərdir ki, hətta kiçik yazılarla belə onun hamısını bir neçə günə oxuyub qurtarmağa vaxt yetməz. Həmin parkda gəzdikcə Amerika cəmiyyətinin öz qəhrəmanlarının birini belə unutmadan sayğısının və qədirbilənliyini düşündüm. Kim istəsə, müstəqllik üçün dünyasını dəyişən yaxınlarının ad və soyadını tapıb yad edə bilir. Tarix yaddaşı olan bir millətin qəhrəmanlıq üçün savaş səhnələri zəngin olar. Bütün bunlar şanlı səhifələr yazmaq iddiası olanlara böyük stimul verər.
Azadlıq uğrunda mübarizə aparan insanları unutmaq azadlıq tarixini unutmaq deməkdir. Onların unudulmamasına imkan verən amillərdən biri onların maddiləşmiş formada ictimai şüura daxil edilməsi və onun dərk olunmasına imkan yaratmaqdır. Böyük Fransa mütəfəkkiri Jan Jak Russonun “İctimai müqavilə və siyasi hüququn prinsipləri” əsərində yazır: “Azadlığa yadlaşmaq insan təbiətinin, insan hüquqlarının itirilməsi deməkdir. Hər şeydən imtina etmiş şəxs üçün bunun qarşılığını ödəmək mümkün deyil. Belə bir imtina insan təbiətinə tərs mütənasibdir. Azadlığın itirilməsi əxlaqın itirilməsidir.” Deməli, azadlıq yolunda fədakar insanların həyat səlnamələri ortada olduqca yeni nümunələri təkrarlamaq fürsətləri də olacaq. Həmin qəhrəmanlıq dairəsi qapanmayacaq. O zaman isə bir millətin azadlıq eşqini söndürmək də mümkün olmaz. Onu söndürmək həvəsi o zaman işə düşür ki, azadlığın meyvələrinin “dadı” hamının dişində qalsın. Azadlıq təkcə bir meyvə deyil. Bağın torpağı azadlıq üçün münbit olmasa onun meyvəsi də olmayacaq. Azadlıq bütün iqlimlərdə yetişən meyvə olmadığı üçün bütün xalqların onu əldə etməsi də mümkün deyil. Ona görə azadlıq üçün mühiti və həmin mühitdə yetişən azadlıq meyvələrini qorumaq kimi missiyamız olmalıdır.
Biz tez-tez millətimizin böyüklüyündən danışırıq. Amma millətimizin kiçik insanları da var axı. Faciə kiçik insanların olmasında deyil. Kiçik insanların böyük insanlar kimi təqdim edilməsi və tarixə sırınmasındadır. Çox təəsüf ki, həmin qarışqalardan fil düzəldilir. Kiçik insanların üzərinə lupa salınıb böyüdülərək tariximizə daxil edilir. Çin filosofu Konfutsinin dahiyanə bir fikri bu konteksdə tam yerinə düşür: “Bir yerdə kiçik insanların böyük kölgəsi varsa, demək o yerdə günəş batır.” Günəşi batmayan və qürub dövrün yaşamayan bir cəmiyyətin böyük insanlar yetişdirmək imkanları həmişə olur. Nə kiçikləri böyütməklə, nə də böyük cəmiyyət olub böyük insanlar yetişdirməklə alınmaz bu işlər. Tarixdə böyük cəmiyyətlər var ki, dünya sivilizasiyasına böyük insanlar təqdim etmək sarıdan kiçik saydıqları cəmiyyətlərə uduzurlar. Kiçik cəmiyyətlər isə vardır ki, onlar bəşər tarixinə daha böyük insanlar verə biliblər. Demək, böyük cəmiyyətləri böyük insanlar yaratmır, böyük cəmiyyətlər böyük insanları yaradır. Kiçik cəmiyyət olub böyük insanlar yaratmaq və kiçik insanlarını isə lupa ilə böyütmədən tarixə təqdim etmək lazımdır.
Arzu edirəm biz elə bir Cumhuriyyət qura bilək ki, müstəqillik yolunda hər şeyindən keçən hazırda yaşayanları və əbədiyyətə qovuşanların tarixi taleyimizdəki rolunu maddiləşdirə bilək. Onların yaratdıqları qəhrəmanlıq səlnamələrini oxuya bilək. Elə bir park sala bilək ki, həmin gəzintiyə çıxanlar gerçək cumhuriyyətçilərin kimliklərini milli fəxarətlə ana bilsinlər. Qoy bu park Azadlıq parkı adlansın! Bir millətin azadlıq eşqi bir nəfərin adı ilə assosasiya olunmasın. Çünki, cümhuriyyətçilik inhisarçı baxışı sevməz. Bütpərəstlik cümhuriyyətçiliklə ilə ziddiyyətə girən anlayışdır. Həmin Azadlıq parkında müstəqillik qatarında özünə yer almış bütün sərnişinlərin haqqını qaytara bilək. Müstəqillik və demokratiya yolunda hər cür fədakarlıqlar edənlərə diri çağlarında sayğı göstərilməlidir. Dünyalarını dəyişən zaman isə onlar unudulmamalıdır. Həmin insanlar Azadlıq parkında anıldıqca cəmiyyət üçün hələ də diri olduqları millətə çatacaq. Bir millət üçün nə etdiklərinin fərqini dəqiq anlamayan cəmiyyətdə həmin dəyərlərin daşıyıcılarının var olması ilə yox olmasının fərqi də olmayacaq. Sağlam cəmiyyətlər millət üçün diri olan müstəqillik mücadiləsi yapanların ölü kimi heçə sayılmasına imkan verməməlidir.
Qarabağ uğrunda minlərlə şəhid vermişik. Azadlıq və demokratiya yolunda dünyasını dəyişənlər olub. Həbsxanalarda öldürülən və şikəst olanlarımız var. Siyasi mücadilə yolunda və ağlagəlməz işgəncələr nəticəsində fikizi və zehni qüsurla yaşayanlarımız az deyil. Bunlar bir millətin azad olması uğrunda verdiyimiz qurbanlar sayagəlməz faktlardır. Onları yaddaş tariximizə yazmalıyıq. Görün nə qədər fədakar insanlarımız azadlıq dəyərlərini güzəşt etmədən onun var olması üçün həyatlarını riskə atıb. Onları maddiləşdirməyən və simvol kimi yaşatmayan bir millətin müstəqillikdən sonra qazanacağı böyük demokratik gözləntiləri də ağla batan deyil. Ona görə onları yaşatmalıyıq.
Əsarət heç zaman bir xalqın kredosu ola bilməz. Azadlıq tünelində işıq görünəndə və ona mayak olacaq azadlıqsevərlərin mövcudluğu təbliğ olunanda azadlıq xalqın ruhuna hopur. O zaman azadlıq yolu dönməz xarakter alır. O mənada biz bu günü keçmişin işığında gələcək üçün öyrənməliyik. Həmin öyrənmə və tanıtım formatı kimi isə bir möhtəşəm parkımız olmalıdır. AZADLIQ PARKI!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button