“Azadlıq” qəzetinə qarşı diffamasiya məhkəməsi yekunlaşdı - 24 saat xəbərlər
Now Reading:
“Azadlıq” qəzetinə qarşı diffamasiya məhkəməsi yekunlaşdı

“Azadlıq” qəzetinə qarşı diffamasiya məhkəməsi yekunlaşdı

Yasamal rayon məhkəməsində “Azadlıq” qəzetinə qarşı diffamasiya tələbinə dair iddia üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Ayaz Məmmədov Abdullayev Şirin Tapdıq oğlunun iddiasının qismən təmin olunması barədə qətnamə çıxarıb. Uzun məhkəmə çəkişməsindən sonra “üzəduran” ifadəsi iddiaçının şərəf və ləyaqətini alçaldan ifadə hesab edilərək, Abdullayev Şirindən yazının getdiyi azadliq.info saytında rəsmi üzr istənilməsi tələbi təmin olunub. İddianın madii tələbi isə təmin edilməyib.
“Azadlıq” qəzeti qətnaməni aldıqdan sonra apellyasiya şikayəti verəcək.
İşin bütün mahiyyəti hüquqşünas Səməd Rəhimlinin məhkəmə çıxışında detalları ilə göstərilib. Bu məqsədlə həmin çıxışı qısa ixtisarla oxucularımıza təqdim edirik.

“İddiaçı Abdullayev Şirin Tapdıq oğlu (“iddiaçı”) cavabdeh Azadlıq qəzetinə (“cavabdeh”) qarşı diffamasiya tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edib.
İddiaçı hesab edir ki, cavabdeh 03 fevral 2017-ci il tarixində dərc etdiyi “Jurnalistin üzünə duran “bandotdel” rəisinin dostu imiş” sərlövhəli məqalədə onun reputasiya hüququnu pozub. İddia ərizəsinə görə cavabdeh iddiaçının 03 fevral 2017-ci il tarixli Fikrət Fərəməzoğlunun məhkəmə iclasında zərərçəkmiş şəxs kimi ifadə verməsinə dair xəbər yaymaqla onun reputasiya hüququna xələl gətirib.
Aşağıdakılara əsasən hesab edirik ki, iddia tələbi qanunsuzdur (yəni maddi hüquqi əsasları mövcud deyil) və əsassızdır (iş materialları ilə təkzib edilir).
İlk növbədə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, cavabdeh iddiaçı barəsində olan 03 fevral 2017-ci il tarixli xəbəri özü hazırlamayıb və bu xəbəri Azadlıq Radiosunun Azərbaycan Xidmətinin (Bakı Bürosunun) internet saytı olan azadliq.org internet saytındakı “Fahişəxana saxlayırsan, xaricdən azyaşlı uşaqlar…” sərlövhəli məqalədən olduğu kimi götürüb və sadəcə sərlövhəni dəyişib.
Cavabdehin sərlövhəni dəyişməsinin səbəbi Azadlıq radiosunun saytında verilmiş versiyada qeyri-münasib ifadələrin işlədilməsi olub. Bunun əvəzinə cavabdeh məqalənin mahiyyətini əks etdirən yeni sərlövhə seçib.
İş materialları ilə müəyyən edilir ki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə zərərçəkmiş şəxsdir və həmin iş üzrə zərərçəkmiş şəxs qismində jurnalist Fikrət Fərəməzoğlunun əleyhinə ifadə verib. Eləcə də işdəki yazılardan görünür və iddiaçı tərəfindən mübahisələndirilmir ki, həmin iş üzrə məhkəmə iclasında iddiaçının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“BMCMİ”) rəisi Seyfulla Əzimovun dostu olması müəyyən edilib.
Cavabdeh iddiaçının jurnalist F.Fərəməzoğlunun əleyhinə ifadə verməsini nəzərə alaraq məqalənin sərlövhəsində iddiaçını “Jurnalistin üzünə duran” kimi ifadə edib. İddiaçı da hesab edir ki, bu ifadə onu “yalançı şahidlik”də ittiham etmək mənasına gəlir və böhtandır.
İşlə bağlı aşağıdakı hüquqi əsasları qeyd edirik.
Cavabdehin dərc etdiyi 03 fevral 2017-ci il tarixli məqalənin sonunda mötərizədə “(azadliq.org)” istinadı verilib. Bununla da cavabdeh Azadlıq Radiosunun xəbərini yaymış olub.
Hazırki iddia tələbinin predmetini təşkil edən xəbərin reallıqda həqiqət olub-olmaması məsələsinə girmədən qeyd edirik ki, Kütləvi İnformasiya Vasitələri haqqında Qanunun 62-ci maddəsinin 3-cü bəndinə əsasən kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.
Göründüyü kimi hazırki halda əgər məlumat həqiqətə uyğun deyilsə belə qanunvericilik cavabdehin məsuliyyətini istisna edir. Çünki cavabdehin dərc etdiyi xəbər olduğu kimi başqa kütləvi informasiya vasitəsindən bütövlükdə istinadla dərc edilib. Hazırki iş materialları əsasında da Azadlıq radiosunda gedən ilkin xəbərin təkzib edilməsinə dair hər hansı sübutlar mövcud deyil.
Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsi Foma Luksenburqa qarşı işi (Case of Thoma v. Luxembourg) üzrə (iş nömrəsi 38432/97, 29.03.2001, 58-65-ci paraqraflar) müəyyən edib ki, istinadla başqa media orqanında dərc edilmiş xəbərin yenidən dərc edilməsinə görə başqalarının reputasiyasını qorumaq məqsədilə jurnalistin (media orqanının) mülki hüquqi məsuliyyətə cəlb edilməsi demokratik cəmiyyətdə zəruri deyil və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozuntusunu təşkil edir.
Göstərilənlərə əsasən hesab edirik ki, Azadlıq Radiosunda həmin xəbər təkzib edilmədiyi müddət ərzində cavabdehin hər hansı məsuliyyəti meydana çıxmır.
Bundan əlavə, məqalənin sərlövhəsində qeyd edilmiş “üzünə duran” ifadəsi ilə əlaqədar AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 27 may 2015-ci il tarixli iclasında müzakirə edilmiş və bəyənilmiş “Azərbaycan dilinin frazeologiya lügəti” (Bakı, 2015; tərtibçilər: Q.Məhərrəmli və R.İsmayılov) istinad edirik. Həmin lüğətdə “üzə durmaq”, “üzünə durmaq” frazeloji birləşməsinin mənası izah edilib. Həmin izah aşağıdakı kimidir:
“üzə durmaq”
1. Əleyhinə ifadə vermək; ~ üzünə durmaq.
2. İnad etmək, təkid etmək, öz dediyindən, tələbindən əl çəkməmək”
Göründüyü kimi “üzə durmaq”, üzünə durmaq” birləşməsi məhkəmə-hüquq kontekstində “əleyhinə ifadə vermək” mənasını verir. Bu lüğətə əsasən “üzünə durmaq” ifadəsinin bu kontekstində digər mənası mövcud deyil.
Qeyd edilən mənalar Azərbaycan dilinin izahlı lüğətində də (III Cild) qeyd edilib.
İş materialları ilə iddiaçının F.Fərəməzoğlunun əleyhinə ifadə verməsi və onun BMCMİ rəisinin dostu olması faktları müəyyən edildiyindən hesab edirik ki, cavabdeh iddiaçını “Jurnalistin üzünə duran” kimi xarakterizə etməklə ona böhtan atmayıb, yəni onunla bağlı faktlarda yalan informasiya verməyib. Eləcə də bu ifadə təhqiredici xarakter daşımır. Çünki cavabdeh iddiaçının hərəkətləri ilə bağlı informasiya verib və iddiaçını etdiyi faktiki hərəkətlərlə bağlı xarakterizə edən ifadələr işlədib. Bu ifadələr isə təhqir ola bilməz.
Qeyd etmək zəruridir ki, bu məhkəmə işi üzrə təyin edilmiş məhkəmə-linqvistika ekspertizası üzrə rəydə ekspert cavabdehin işlətdiyi “üzə duran” ifadəsinin şərəf və ləyaqəti alçaldan ifadə olduğu nəticəsinə gəlib. Lakin ekspert rəyini lazımi qaydada əsaslandırmayıb. Bundan əlavə, ekspert nəticəyə gələrkən nə frazeoloji birləmələr lüğətinə, nə də izahlı lüğətə istinad etməyib. Məhkəmə dindirməsi zamanı ekspert bu sözün lüğətlərlə olmadığını deyib. Lakin hamıya bəlli olan faktlardan – çap edilmiş lüğətlərdən görünür ki, bu sözlərin mənası lüğətlərdə var. Ona görə aydın olur ki, ekspert öz işini düzgün və vicdanlı qaydada icra etməyib. Hesab edirik ki, bu xüsusat onun barəsində intizam icraatının başlanılması üçün xüsusi qərardad qəbul edilməsi üçün əsasdır.
Nəticə etibarilə iş üzrə cavabdehin diffamasion hərəkətlərə yol verməsi və bunun əsasında delikt törətməsinin əsasları mövcud deyil”
“Azadlıq” qəzetinin nümayəndəsi Səməd Rəhimli göstərilənlərə əsasən məhkəmədən iddiaçı Abdullayev Şirin Tapdıq oğlu “Azadlıq” qəzetinə qarşı diffamasiya tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.