2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azadlıq və həqiqət haqqında bir neçə söz

Elnur As

[email protected]

Saytların yığılması Saytlarin yigilmasi

Bu günlərdə kultura.az saytında ingilis mütəfəkkiri Con Stüart Millin azadlıq haqqında fikirləri ilə tanış oldum, onun fikir azadlığı barədə yazdıqları çağdaş Azərbaycanın durumunu necə də dəqiq, aydın ifadə edirdi: “Hökumətlər yeni çıxan fikirlərdən hər zaman narahat olurlar. Çünki, illərdir, əsrlərdir var olan və artıq cəmiyyətdə adət halını almış düşüncələrin çoxu onların gücünə xidmət edir. Buna görə də, yeni və həqiqəti əks etdirən fikirlər, iqtidarlar onları öz hökmranlıqlarına qarşı təhdid sayırlar, hər zaman zülmə uğraya bilər. Həqiqət elə bir məfhumdur ki, hər zaman zülmə uğrayıb və hər zaman da uğrayacaq. Ancaq həqiqəti araşdırıb cəmiyyətə çatdırmaq istəyənlər, insanlıq üçün yararlı iş görürlər”.

Burada iki önəmli nöqtənin üzərində dayanmaq gərəkdir.

1).”…əsrlərdir var olan və artıq cəmiyyətdə adət halını almış düşüncələrin çoxu onların (hökumətlərin! – E.A.) gücünə xidmət edir”-necə ki, bu gün bizdə məhz belədir! YAP rejimi bəşəri dəyərlərə qarşı özündə nəyi ehtiva etdiyi bir o qədər də məlum olmayan “milli-mənəvi dəyərlər” anlayışını irəli sürür. Ona görə “bir o qədər məlum olmayan” deyirik ki, əslində həmin anlayışla nəyin nəzərdə tutulduğu bizə üç aşağı, beş yuxarı aydındır. “Milli-mənəvi dəyərlər” adı altında mahiyyətcə geriçi, aqrar mental düşüncə nəzərdə tutulur. Məsələn, “padşah allahın yerdə kölgəsidir”, “ağa deyir ”sür dərəyə”, sür dərəyə” kimi arxaik təfəkkürün yansıması olan “hikmətli sözlər” sayəsində toplumda ictimai-siyasi təslimçilik, qeyd-şərtsiz itaətkarlıq ruhu gücləndirilir.

Mental (ənənəvi, ənənəçi) təfəkkürün güclü olduğu cəmiyyətlərdə heç bir yeniliyə yer yoxdur, istənilən yeni fikir top-tüfənglə qarşılanır. Belə cəmiyyətlər dəyişikliyi nəinki həzm etməyə çətinlik çəkir, hətta bu haqda düşünmürlər də. Onlar üçün yaxşı – dünən var olandır. Bu gün yaranan və ya sabah yarana biləcək hər şey onları narahat edir, qorxudur, dəhşətə salır.

Hakimiyyətlər üçün isə bu sadəcə əladır: axı belə bir ortam onları da toxunulmaz edir, onları da dəyişiklik risklərindən qoruyur!

YAP rejiminin “milli-mənəvi dəyərlər” adı ilə ümumiləşdirdiyi köhnəlmiş, arxaikləşmiş ənənlərinin, yaşam və düşüncə normativlərini aktuallaşdırmağa, diri tutmağa çalışma səbəbi budur. Bəs necə? Axı düşüncələr nə qədər köhnə, beyinlər nə qədər nimdaşdırsa, bu onun öz ömrünü uzatmaq fürsətini gücləndirir.

Axı toplum geyimdən tutmuş beyinəcən hər yerdə, hər şeydə, hər işdə yeniliyə nə qədər qapalı, yeni ideyalara, fikirlərə, axınlara, təşəbbüslərə qarşı nə qədər dözümsüz, diletantdırsa, bu onun öz hakimiyyətini qorumaq, təhlükələrdən sığortalamaq imkanlarını artırır.

2).”Həqiqət elə bir məfhumdur ki, hər zaman zülmə uğrayıb və hər zaman da uğrayacaq” – Con Stüart Millin bu bir cümləsindəki gerçəklik gücünü anlamaq üçün də elə çağdaş Azərbaycanda yaşananlara göz atmaq yetərlidir. Burada hər cür həqiqətə (ictimai, siyasi, mədəni, dini!) qarşı böyük bir öfkə, inanılmaz bir nifrət hökm sürür, ən əsası isə həqiqəti deyənlər linç, repressiya, cəza maşını ilə üz-üzədirlər. Onların aqibəti qətl, həbs, ən yaxşı halda sürgündür – mühacirətdir.

Amma bu, Con Stüartın dili ilə desək, “həqiqəti araşdırıb cəmiyyətə çatdırmaq” missiyasının önəmini nə azaldır, nə dəyişdirir. Bu, insanlıq üçün həmişə olduğu kimi, yararlı bir işdir. Baxmayaraq ki, Mill “…Hər zaman həqiqət zülmə qalib gəlir” ifadəsi, əfsuslar olsun, hər zaman həyatda öz əksini tapmır” yazırdı və bu fikrində o, haqsız da sayılmaz, həqiqət adına görülən heç bir iş izsiz-tozsuz ötüşmür, nəticəsiz qalmır, həqiqətin zülm üzərində gec-tez baş verəcək qələbəsinə kömək edir.

Odur ki, bütün məşəqqətlərə, əngəllərə, basqılara baxmayaraq, ruhi-mənəvi azadlığınızı satmayın, itirməyin, möhkəm qoruyun və həqiqəti ucadan deməyə davam edin!

Unutmayın: bu gün həqiqətin qələbəsi adına ortada illərdir arzulanan, ümid edilən real bir nəticə yoxdursa, bu o demək deyil ki, sabah da olmayacaq.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button