Now Reading:
”Azadlıq”ın həbsdə olan əməkdaşı: Günahsızam…

Məhkəmə kassasiya şikayətini təmin etməyib

İyunun 12-də Ali Məhkəmədə “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlinin üç illik həbsilə bağlı kassasiya şikayətinə baxılıb. Jurnalist özü də məhkəmədə iştirak edib.

Təqsirsiz olduğunu söyləyən Z.Əsədli bildirib ki, o, heç bir cinayət törətməyib. Həbsinin sifarişli, haqqındakı hökmün də qanunsuz və əsassız olduğunu vurğulayan jurnalist Ali Məhkəmədən bəraət istəyib.

Vəkili Elçin Sadıqov da Z.Əsədlinin təqsirsiz olduğunu bildirərək, cinayət işinin materiallarındakı ziddiyyətləri Ali Məhkəmənin hakimlərinin nəzərinə çatdırıb. Müdafiəçi iş materiallarına əsaslanaraq bildirib ki, ötən il aprelin 19-da həmyerlisi Həsən Aslanovla davadan sonra ilk polisə müraciət edən Z.Əsədli olub.

Əvvəlcə onların ikisi də şahid kimi dindirilib. İcra başçısının verdiyi rəydən sonra isə Z.Əsədli təqsirləndirilən şəxs qismində tanınaraq, cinayət məsuliyyətinə cəlb olunub.

İcra başçısı Z.Əsədli barədə mənfi rəy verərək, onu cəmiyyətə yararsız şəxs kimi təqdim edib.

Vəkilin sözlərinə görə, zərərçəkmişin birinci ifadəsində iddia olunur ki, Z.Əsədli onu əli ilə vurub, sonradan telefon məsələsi ortaya çıxıb: “İkinci ifadəsində deyir ki, telefonla vurub. Məlumdur ki, bu da ittihamı ağırlaşdırmaq üçündür”.

Z.Əsədlinin jurnalist fəaliyyətinə, müxalif mövqeyinə görə cəzalandırıldığını deyən vəkil bəraətverici əsaslarla onun barəsində cinayət işinə xitam verilməsini istəyib.

Lakin məhkəmə kassasiya şikayətini təmin etməyib.

Z.Əsədli Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşyadan istifadəetməklə xuliqanlıq) maddəsilə ittiham olunur. O, 2017-ci il sentyabrın 7-dəməhkəmə zalında həbs olunub. Həmin gün Biləsuvar Rayon Məhkəməsində onun 3 il azadlıqdan məhrum edilməsi barədə hökm oxunub.

İttihama görə, aprelin 19-da onunla həmyerlisi Həsən Aslanov arasında mübahisə yaranıb və Z.Əsədli onu telefonla vuraraq xəsarət yetirib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.