Xəbərlər

AZAL ləğv edilmiş biletləri dəyişir, amma…

“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Buta Airways” aviaşirkəti koronavirus pandemiyası səbəbindən ləğv edilmiş uçuşlarla bağlı ötən il müəyyənləşdirdiyi qaydalara əlavələr edib.

Şirkət bununla bağlı məlumat yayıb. Məlumatda sərnişinlərə əvvəlki hərəkət marşrutunu saxlayıb uçuş tarixini yeniləməklə biletləri dəyişdirmək təklif olunur. Qeyd edilib ki, vətəndaşlar tariflər arasındakı fərqi ödəməklə biletləri hazırkı uçuş marşrutlarına dəyişə bilərlər.

Açıqlamaya görə, “Buta Airways” aviaşirkətinin ləğv edilən reyslərinə biletləri də tarif fərqini ödəməklə AZAL-ın reyslərinə dəyişdirmək mümkündür.

Məlumata görə, sərnişinlərə yalnız bir dəfə aviabileti ödənişsiz dəyişmək şansı verilir: “Aviabiletin dəyərinin qaytarılmasına alternativ olaraq vauçer formasında sənəd təklif olunur. Həmin vauçeri ilkin aviabiletin əldə edildiyi tarixdən iki il ərzində istifadə etmək mümkündür”.

Xatırlatma

Koronavirus pandemiyasına görə ötən il ölkələrarası uçuşlar ləğv edildi. Mart ayında AZAL və “Buta Airways” baş tutmayan reyslərin sərnişinlərinə biletlərinin dəyərini qaytardı. Sonrakı aylarda biletlərin geri qaytarılmasından imtina edildiyi bildirildi. Alınan aviabiletlərin tam dəyərinin aviaşirkət normal fəaliyyətini bərpa edəndən 60 gün sonra geri qaytarılacağı deyildiyi qeyd olunurdu. Üstəlik, iki il ərzində keçərli vauçerlər təklif olundu. Hazırda aviaşirkət tam gücü ilə çalışmasa da, xüsusi reyslər həyata keçirir. Bu zaman COVID-19 üçün test cavabı istənilir. Sosial şəbəkələrdə xüsusi reyslərin biletinin baha olması barədə tənqidi fikirlər var.

“Azərbaycan Hava Yolları” (AZAL) 1992-ci ildə təsis edilib. AZAL-ın marşrut şəbəkəsi 25 ölkədən, 40 istiqamətdən ibarətdir.

Koronavirus pandemiyası səbəbindən bütün uçuşların dayandırılması ilə əlaqədar dövlət dəstəyi tədbirləri çərçivəsində 2020-ci ilin mayında AZAL-a 86 mln. 900 min manat vəsait köçürüldüyü açıqlanıb.

24 saat” “AZAL ləğv edilmiş biletləri dəyişir, amma…” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button