Now Reading:
“AZAL, sən Azərbaycan adına ləkəsən!”

Biznesmen AZAL-ı fırıldaqçılıqda ittiham etdi

‘Monopoliyadan istifadə edərək soyğunçuluqla məşğuldurlar”

Bu açıqlamanı sığorta bazarının mütəxəssisi, iş adamı Xəyal Məmmədxanlı “Facebook” səhifəsində yazıb.

Biznesmen yazır ki, bir neçə gün öncə sevinərək Naxçıvana da biletləri bütün normal sivil ölkələrdə olduğu kimi onlayn almağın mümkünlüyündən yazıb, lakin aviaşirkətdən asılı səbəblərə görə gedə bilməyib:

“Təbii ki, müasir texnologiyalara üstünlük verdiyimə görə “28 may” metrostansiyası yaxınlığındakı kassada 90-cı illərin növbəsində durmamaq üçün biletlərimi onlayn aldım, ödənişi də kartla etdim. Bu gün, iyulun 25-də saat 13:10 da J2 253-cü reyslə uçmalı və gecə geri qayıtmalı idim. Hava limanında qeydiyyata yaxınlaşdım, bileti təqdim etdim və biabrıçılıqlar başlandı. Adımın sistemdə olmadığını dedilər. Kassaya yaxınlaşdım, sistemə baxdılar və məlum oldu ki, sistem mənim öncə Naxçıvandan Bakıya gəlməli olduğumu, sonra Bakıdan Naxçıvana uçmalı olduğumu qeyd edib. Halbuki, mənim əlimdəki biletdə sıralama əksinədir. Nə isə, uzun mübahisədən sonra dedim ki, yaxşı, razıyam, tutaq ki, mən Naxçıvan – Bakı tariximi səhv qeyd etmişəm, 26 iyul yox, 25 iyul yazmışam, Bakı – Naxçıvan reysim ki, yerindədir. Və əsrin cavabını eşitdim: Siz Naxçıvandan Bakıya gəlmədiyiniz üçün Bakıdan Naxçıvana uça bilməzsiniz!!! Bəli, düz eşitdiniz, AZAL mənə belə dedi. Uzun sözün qısası, hava limanından geri qayıtdım. Elektron müraciət etdim, 25 faiz cərimə ilə biletin pulunu qaytaracaqlarını dedilər. Pulları başlarına dəysin, onsuz da monopoliyadan istifadə edərək soyğunçuluqla məşğuldurlar. Amma mənim Naxçıvanda planlaşdırılan bütün görüşlərim təxirə düşdü və günüm məhv oldu”.

O, təyyarə biletinə görə AZAL-a ödədiyi pulun 33 gün ərzində geri qaytarılmasını da düzgün saymadığını bəyan edib.

Xəyal Məmmədxanlının sözlərinə görə, son zamanlar onlayn alış-verişlə bağlı problemlər həddən artıq çoxdur. Bunu apardığı müşahidələr də təsdiqləyir.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski problemin sərnişinin etdiyi səhvdən qaynaqlandığını deyib. Paşa Kəsəmənski bu barədə APA-ya danışıb. O, iddia edib ki, bu, təkcə AZAL-ın qaydası deyil:

“Əgər sərnişin bir tərəfə uçuşu həyata keçirməyibsə, avtomatik olaraq onun qayıdışı da ləğv edilir. Bu, beynəlxalq qaydalardır və biz bir şirkət olaraq onu tətbiq etməyə məcburuq. Bunu bizdən tələb edirlər. Bəzi sərnişinlər onlayn qaydada alınan biletə görə hava limanında qeydiyyat zamanı onlardan ödənişin aparıldığı plastik kartların tələb olunmasından da şikayət edir”.

AZAL sözçüsü bu qaydanın da beynəlxalq tələblərə uyğun olduğunu deyir:

“Onlayn şəkildə bilet alınarkən plastik kartın tələb edilməsi məcburi təhlükəsizlik qaydasıdır. Bu, kibertəhlükəsizlik baxımından bütün aviaşirkətlər və onlayn satışla məşğul olan şirkətlər tərəfindən tətbiq edilir. Çünki plastik kart oğurlana və bununla bilet almağa cəhd ola bilər. Bu, bütün dünyada tətbiq olunan qaydadır. Əgər qeydiyyatdakı soyad və ad uyğun deyilsə, tamamilə fərqlidirsə, onlar qeydiyyatda olan şəxsdən bu plastik kartın göstərilməsini tələb edə bilər”.

 

Meydan TV

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.