2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azerbaijani Union – ABŞ-da Azərbaycan diasporunun yeni konsolidasiya modeli

Bakı/20.05.21  Son illər ABŞ-da azərbaycanlıların bir sıra diaspor təşkilatları yaradılıb. Onların arasında müasir informasiya texnologiyalarının nailiyyətlərindən istifadə edərək ABŞ-ın müxtəlif ştatlarında, eləcə də Kanadada yaşayan minlərlə soydaşımızı “Azərbaycanlıların Birliyi Platforması” ətrafında birləşdirən Azerbaijani Union (Azərbaycanlılar Birliyi) diqqəti xüsusilə cəlb edir. Təşkilatın Facebook qrupuna beş mindən çox real iştirakçı daxildir.

Təşkilatın üzvləri müxtəlif peşələrin, ixtisasların nümayəndələri, müxtəlif siyasi dünyagörüşünə malik şəxslərdir. Azerbaijani Union İkinci Qarabağ Müharibəsi günlərində hərbi əməliyyatların qurbanlarına dəstək olaraq xeyriyyə şirkətləri kimi, həm də ABŞ-da Azərbaycan haqda dezinformasiyaların yayılmasına qarşı keçirilən etiraz aksiyalarında özünü fəal şəkildə göstərib. Həmsöhbətimiz prezident və həmtəsisçi Fərhad Ələkbərzadədir.

Bizim arayış: Fərhad Ələkbərzadə, 1989-cu ildə Bakıda anadan olub. Azərbaycan Texniki Universitetini informasiya texnologiyaları ixtisası üzrə bitirib.

Saytların yığılması Saytlarin yigilmasi

Rəqəmsal marketinqlə məşğul olub. 2016-cı ildə ailəsilə birlikdə ABŞ-a köçüb. Azərbaycanda və ABŞ-da reklam agentliklərinin sahib olub və rəhbərlik edib.

Sual:  Fərhad bəy, Azerbaijani Union təşkilatı ideyası necə yarandı?

Cavab: Mən 2016-cı ilin sonunda İnternetdə Amerikanın müxtəlif ştatlarındakı Azərbaycan icmalarını axtaranda Azerbaijani Union yaradılması ideyası ağlıma gəldi. O vaxt Koloradonun Denver şəhərinə yeni gəlmişdim. Bu şəhərdə və ştatda  azərbaycanlılar çox deyil. Məlum olduğu kimi, böyük sayda soydaşlarımız Nyu-York, Texas ştatında Hyüston, Şimali Kaliforniyada San-Fransiskoda yaşayır. Mən axtarırdım, ümumiyyətlə, Amerikada azərbaycanlıların nə işlə məşğul olduğu barədə oxumaq istəyirdim.

Ancaq təəssüf ki, Azərbaycan icmaları haqqında məlumat az idi. Mən Facebook-da aktiv olmayan səhifələrə baxırdım, hələ saytların olmaması barədə danışmıram. Odur ki, Denverdə olarkən, ştatlarda bizim icmalar haqda faktiki olaraq məlumatım yox idi.

Tapdığım informasiyalar isə o təşkilatların lokal xarakter daşıması, hansısa ştat və hətta şəhər səviyyəsində fəaliyyət göstərməsi barədə mülahizə yürütməyə imkan verirdi.

Mən bu təşkilatlara baxanda hiss edirdim ki, elə bir sistem yoxdur ki, burada insan müxtəlif ştatlarda yaşayan azərbaycanlılarla tanış ola bilsin, ünsiyyət qura bilsin, bir-birinə işə düzəlməyə, biznes açmağa kömək edə bilsin. Məlum olduğu kimi,  hər bir ideya bir problemlə qarşılaşdığınız zaman yaranır. Beləliklə, məndə azərbaycanlıların on-layn platformasını hazırlamaq ideyası yarandı. Hamı burada toplanaraq bir-birinə yardım etsin. Sonradan o, təşkilata çevrildi. Əvvəlcə üçüncü kateqoriyalı, yəni mədəniyyət məsələlərilə məşğul olan qeyri-kommersiya təşkilatı kimi yaradılmışdı. Amma indi biz 4-cü kateqoriyaya çevrilmişik, məsələn, bu kateqoriyada AEMK (Amerika Erməni Milli Komitəsi) də var, yəni biz ictimai-siyasi təşkilat səviyyəsinə keçmişik və rəsmi təsdiqi gözləyirik. Bu kateqoriyalı təşkilatların siyasi xadimlərlə görüşmək, onları görüşlərə dəvət etmək, öz birliyi üçün onlardan nəsə tələb etmək hüququ var.

Təşkilat 2018-ci ildə Kaliforniyada qeydiyyata alınsa da, iki il ərzində onun struktur quruluşu baş verib və 18 aprel 2020-ci il tarixində onun ABŞ və Kanada azərbaycanlılarını birləşdirən təşkilat kimi fəaliyyətə başlaması rəsmi olaraq elan edilib.

Sual:  Ötən il ərzində sizin təşkilatınız xüsusilə 44 günlük Qarabağ Müharibəsi dövründə kifayət qədər fəal oldu…

Cavab: Bəli, aksiyalarımız oldu. Onlar bizim yerli icmaların fəalları vasitəsilə təşkil edilmişdi. Bizim platformanın üstünlükləri ondadır ki, biz ABŞ və Kanadada yaşayan 5 mindən çox azərbaycanlını bir araya gətirmişik. Eyni zamanda bizim üzvlərin ayrı-ayrı qrupları öz təşəbbüsləri ilə tədbirlər təşkil edə bilər. Qarabağ müharibəsi zamanı fəallarımız əsasən bu hadisələrin telekanallarda qeyri-obyektiv işıqlandırılması səbəbindən Atlantada CNN ofisi qarşısında etiraz aksiyası keçiriblər. Amerika mediası düzgün məlumat vermirdi, hadisələri təhrif olunmuş şəkildə işıqlandırırdı, erməni tərəfin mövqeyinin təbliği və yayılması ilə məşğul olurdu.

Həmçinin Kaliforniyanın mərkəzi (paytaxt) şəhəri Sakramentoda bu ştatın bəzi dövlət rəsmilərinin (xüsusilə də Los-Ancelesdə) Qarabağda baş verən hadisələrlə bağlı Ermənistanın mövqeyindən çıxış etməsinə qarşı aksiyalar keçirilib.

Sual:  Sosial şəbəkələrdə sizin təşkilatın müharibə zamanı zərər çəkmiş şəxslərə yardım etməsi barədə çoxlu məlumat vardı. Yardım necə paylandı?

Cavab: Müharibə başlayandan dərhal sonra ABŞ-dakı azərbaycanlılar vəsait toplamağa başladılar. Kampaniyaya Çikaqodan bir qrup tərəfindən təşəbbüs olmuşdu. Həmin qrupla birlikdə bizim təşkilat və Şimali Kaliforniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Cəmiyyəti vəsait yığımını təşkil etmişdi.

Üç kampaniya zamanı 400 min dollara yaxın vəsait toplandı. Vəsaitin bir hissəsini şəhid ailələri aldılar. Onlara 1000 manat məbləğində “Kapital bank” kartları verildi. Yerlərdə yardımı bizim komandalarımız paylayırdı. Hərbi əməliyyatlar dövründə şəhidlərin rəsmi siyahısı açıqlanmadığına görə yardım haqqında məlumatımızın olduğu ailələrə verilirdi. Hətta bəzi ailələr elektrik məişət cihazları, uşaqlar üçün planşetlər və s. aldılar.

Eyni şəkildə bəzi müharibə veteranlarına, həmçinin Bərdə, Tərtər və Gəncənin raket atəşinə tutulması nəticəsində xəsarət alanlara da yardım göstərilib.

Sual:  Son illər daimi yaşamaq üçün ABŞ-a köçən və ya köçmək istəyən azərbaycanlıların sayı artır. Adamları Amerikaya nə cəlb edir?

Cavab: Adamlar müxtəlif səbəblərdən Amerikaya can atırlar. Ən geniş yayılmış səbəblərdən biri öz iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyidir. Əlbəttə ki, Amerikanın da öz problemləri var, xüsusən də pandemiya dövründə.

Ancaq ümumilikdə ABŞ-da adamların öz peşəsi üzrə iş tapması və ya başqa bir ixtisas öyrənməsi üçün daha çox imkanlar var. Burada iş yerləri var, daim peşəkarlar tələb olunur. Bütün bunlar əlbəttə ki, adamları cəlb edir. İkincisi, söz azadlığı, digər azadlıqlardır.

Çoxları, o cümlədən də Azərbaycandan olanlar öz ölkələrində baş verən hadisələrdən narazıdırlar, mən indiki halda postsovet məkanını nəzərdə tuturam. Baxmayaraq ki, əkəsriyyət bunu açıq şəkildə bəyan etməməyə üstünlük verir.

Çünki Amerikaya ən çox öz ölkəsində yaxşı qazananlar, çox ağıllı, uğurlu adamlar gəlirlər. Mən buraya köçən bank rəhbərlərini, böyük şirkətlərin rəhbərlərini tanıyıram.

Yəni, köçməyə səbəb iqtisadi çətinliklər olmayıb. Adamların evləri, mənzilləri, bağ evləri, biznesi, yaxşı vəzifələri, məvacibi olub. Ancaq onlar ABŞ-a getməyə və burada sözün bütün mənalarında azadlığa malik olmağa üstünlük verib. Burada asanlıqla biznes qurmaq, onunla məşğul olmaq, onu inkişaf etdirmək mümkündür və onun işilə nələrin baş verə biləcəyinə görə qorxmursan. Və ya yaxud bir çox mütəxəssislər, xüsusilə də informasiya texnologiyaları sahəsində mütəxəssislər öz potensiallarını reallaşdırmaq üçün gəlirlər, yüksək maaşlı işə düzəlirlər, startaplar həyata keçirirlər.

Sual:   ABŞ-da sizə məlum olan, siyasətdə, dövlət xidmətində, biznesdə uğurlar qazanmış azərbaycanlılar varmı?

Cavab:  Bəli, ABŞ-da biznes sahəsində uğurlu karyera qurmuş və hazırda Google, Facebook, Microsoft, Apple, Amazon, PayPal, OpenGov, Blue Cross, Linkedın və s. korporasiyalarda təmsil olunan həmvətənlərimiz çoxdur. Onlar mütəxəssis və baş mütəxəssis, hətta departament rəhbərləri vəzifəsini tuturlar.    Bəzi soydaşlarımızın öz startapları var ki, onlar gəlir əldə edirlər, milyonlarla dövriyyəyə malikdirlər.

Əlbəttə ki, daşınmaz əmlak alqı-satqısı, xidmətlərin göstərilməsi kimi ənənəvi sahələrdə biznesmenlər də var.

Qoz, fındıq istehsalı üzrə ixtisaslaşan uğurlu “Aznut” şirkəti var. Floridada fəaliyyət göstərir. Satış kanallarından biri “Amazon”dur və orada bu çeşiddə mallar arasında onların məhsulları reytinq üzrə birinci yeri tutur. Bu məhsulun dizaynında “Azərbaycan” yazılıb, fotolar, o cümlədən Qarabağ əks olunub.

Yəni, onlar bizneslə məşğul olurlar, öz sahələrində uğur qazanırlar və eyni zamanda Azərbaycan haqqında məlumatları yaymağı da unutmurlar.

Sual: Bəs dövlət orqanlarında idarəetmə vəzifələrində azərbaycanlıların təmsilçiliyilə bağlı vəziyyət necədir?

Cavab: Müxtəlif vaxtlarda, müxtəlif ştatlarda bizimkilər olub. Amma  çox az olub. İndi müxtəlif dövlət strukturlarında da azərbaycanlılar var. Ancaq bu, mütəxəssisdən yüksək səviyyədə deyil. Ən azı heç olmasa şəhərlər səviyyəsində rəhbər komandaya daxil olanlar mənə məlum deyil. Bu, əsasən bizimkilərin nisbətən yaxın vaxtlarda ABŞ-da yerləşməyə başlaması ilə əlaqədardır. Əsas axın son 10-15 ilə təsadüf edir.

Ancaq hazırda Ramin Məmmədov Şimali Karolinadan Konqresə namizədliyini irəli sürür.

Sual: Son illərdə sürətli miqrasiyanı nəzərə alsaq, hazırda ABŞ-da azərbaycanlı əhalinin statistikası necədir?

Cavab: Rəsmi statistika real mənzərəni əks etdirmir. Üstəlik, əhalinin milli identikliyi üzrə son hesablanması 2020-ci ildə keçirilib və onun nəticələri bir neçə ildən sonra açıqlanacaq.

Digər tərəfdən, sorğularda heç də hamı özünü azərbaycanlı adlandırmır. Bəziləri özlərini “azəri”, digərləri “türk” adlandırır. Buna görə də statistik məlumatlarda sonuncuları etnik türklərə aid edirlər.

İran Azərbaycanından olanlar da siyahıyaalma zamanı özlərini “türk” və ya “fars” kimi təqdim edirlər.

Mənim Facebook-dakı araşdırmalarıma görə, hazırda ABŞ-da Azərbaycan Respublikasından təxminən 70-80 min azərbaycanlı yaşayır. Nəzərə alsaq ki, İran Azərbaycanından olan azərbaycanlıların ümumi sayı təxminən, 400-450 min nəfər təşkil edir.

Sual: ABŞ-da güclü etnik lobbi var. Onların bəzisi Azərbaycan və Türkiyənin maraqlarına qarşı fəal hərəkət edirlər. Eyni zamanda, Amerikada Azərbaycan və Türkiyədən gələnlərin sayı artır. Azərbaycanlıların və türklərin güclü lobbisini formalaşdırmaq üçün hansı addımlar atılmalıdır, buna nə mane olur?

Cavab: Bəli, həqiqətən ABŞ-da güclü etnik lobbi var, o cümlədən erməni, yunan lobbisi var ki, çox vaxt birlikdə fəaliyyət göstərirlər (Türkiyə və Azərbaycana qarşı).

Əlbəttə, buna qarşı çıxmaq üçün Azərbaycan və Türkiyə diasporlarının əməkdaşlığına ehtiyac var. Ancaq təəssüf ki, “Fətullah Gülən hərəkatı məsələsi” ilə əlaqədar türk icması daxilində müəyyən problemlər yaranıb.

Formal olaraq lobbiçiliklə xarici agentlər kimi qeydiyyatdan keçmiş konkret şəxslər və təşkilatlar məşğul ola bilərlər. Azərbaycan bu istiqamətdə, xüsusən müharibədən sonra müəyyən işlər görür.

Lakin bununla yanaşı, icmaların özlərini inkişaf etdirmək lazımdır ki, onların nümayəndələri Amerika cəmiyyətində güclü mövqelər tuta bilsinlər. Bizdə əsasən ABŞ hakimiyyət institutlarına müxtəlif petisiyaların göndərilməsinə, siyasətçilərlə, qanunvericilərlə görüşlərə diqqət yetirilir. Təəssüf ki, bizdə icmaların özlərinin, onların üzvlərinin inkişafı, gənclərin uğurlu karyera üçün keyfiyyətli təhsil alması məsələsinə diqqət yetirilmir. Digər icmalarda onların güclü nümayəndələri, iş adamları bu məqsədlər üçün vəsait ayırır, ödənişli əsaslarla funksionerlər komandası yaradırlar. Azərbaycan icmalarında isə birliklərin işlərini daimi əsaslarla yerinə yetirə biləcək şəxslər yoxdur.

Biz təşkilatımızda bu problemlərdən qaçmağa çalışırıq. Şəxsən mən özüm şəxsi biznesdən uzaqlaşmışam və yalnız Azerbaijan Union-ın işləri ilə məşğul oluram. Biz həmçinin “Gənc Azərbaycanlılar Birliyi”nin yaradılmasına da hazırlaşırıq ki, gənclər artıq erkən yaşlarından cəmiyyətlərimizin həyatı və maraqları ilə bağlı məsələlərə cəlb edilsinlər.

Sual:  İnternet, müasir İKT sayəsində diasporlar öz tarixi vətənlərindən o qədər də “uzaqlaşmırlar”. Bu mənada bilmək istərdik ki, sizin təşkilat Azərbaycanın mədəni ictimai həyatında iştirak edirmi?

Cavab: Hələ 2017-ci ildə komandamızın köməyilə Azərbaycanda baba.az layihəsinə start verilib. Onun mahiyyəti İnternetə çıxış imkanları məhdud olan kəndlərdə və ya dağ yerlərində aztəminatlı ailələrdən olan uşaqları dəstəkləməkdən ibarətdir. Onlara dünyagörüşlərinin genişləndirilməsi üçün kitablar paylanılıb.  Bundan əlavə, uşaqlar arasında sorğular keçirilirdi ki, Şaxta babadan hansı hədiyyəni almaq istəyərdilər. Bəziləri yazırdı ki, qış ayaqqabısına ehtiyacı var, çünki onların məktəbi evdən 5 kilometr məsafədə yerləşir və dərsə  gedərkən geyinməyə bir şey yoxdur. Digərləri isə gödəkçə istəyiridi. Təəssüf ki, pandemiya səbəbindən ötən il layihə müvəqqəti olaraq dayandırıldı.

Bundan əlavə, hazırda biz azərbaycanlı uşaqların on-layn formada informasiya texnologiyalarının öyrənilməsinə cəlb edilməsi istiqamətində iş aparırıq. Bu layihə Amerikada hələ Barak Obamanın vaxtında başlamışdı. Hazırda tədris proqramlarının Azərbaycan dilinə tərcüməsi işi gedir. Bu, Azərbaycan üçün çox aktualdır. Bizdə təkcə məktəblərdə deyil, hətta universitetlərdə də informasiya texnologiyalarının kütləvi  öyrərilməsi yoxdur.

Bununla yanaşı, proqramlaşdırma və informasiya texnologiyalarının digər sahələri üzrə bilik səviyyəsini yüksəltmək istəyən şəxslər üçün yüksək peşəkar səviyyədə praktiki məşğələlər keçirilir.

Dərslər təkcə ABŞ-da çalışan azərbaycanlı mütəxəssislər yox, həm də onların Amerikanın aparıcı informasiya texnologiyaları korporasiyalarında çalışan həmkarları tərəfindən aparılır.

Sual: Azərbaycanda diasporla əlaqələrin qurulmasını necə qiymətləndirirsiniz? Bu işin təkmilləşdirilməsinə dair təklifləriniz varmı?

Cavab: Son illər, əsasən də komanda və Diasporla İş Üzrə Dövlət Komitəsinin rəhbərliyi dəyişdikdən sonra onlar fəal işləməyə, icmalara kömək etməyə başlayıblar. Lakin istərdim ki, Azərbaycanın dövlət orqanları diaspora maddi yardım etməsin. Hansısa tədbirlərin keçirilməsində yerli icmalara maliyyə yardımının göstərilməsi təcrübəsindən imtina etmək lazımdır. Çünki Amerikada yaşayan adamlar hansısa görüşlərin, tədbirlərin təşkili üçün 20-30-50 dollar xərcləyə bilir.

Kitabların Azərbaycan dilində nəşrini maliyyələşdirmək daha faydalı olardı.

Məsələn, ABŞ-da anadan olan və yaxud erkən yaşlarında buraya köçən uşaqların Azərbaycan dilini öyrənməsində böyük problem var.

Azərbaycanın tarixi, maddi və mənəvi mədəniyyəti və digər dəyərləri haqda ingilis dilində kitab və videomaterialların nəşrinin maliyyələşdirilməsi də məqsədəuyğun olardı ki, Azərbaycan diasporu yerli adamları öz identikliyilə tanış edə bilsin.

Və yaxud küçələrdə, yollarda “Qarabağ Azərbaycandır!” bannerlərinin yerləşdirilməsi üzrə kampaniyalar aparılır. Amerikalılar nə Qarabağı, nə də Azərbaycanı tanıyırlar. Belə küçə reklamı hansısa brendlərin xatırladılması üçün kommersiya məqsədilə istifadə olunur və buna görə də “vətənpərvər” bannerlərin yerləşdirilməsinə xərç çəkmək havaya pul sovurmaqdır.

Ən yaxşısı mədəni tədbirlərin maliyyələşdirilməsini artırmaq və onları rəsmi olaraq Azərbaycan dövlətinin adından keçirməkdir.

Rəsm, xalça sərgilərini tez-tez təşkil etmək lazımdır, həm də kiçik şəhərlərdə yox, böyük şəhərlərin və müxtəlif ştatların tanınmış muzeylərində.

Tədbirlər hesabatlılıq üçün formal olmamalıdır. Onlar Amerika mediasını cəlb etməklə miqyaslı olmalı və ölkə haqqında müsbət imicin formalaşmasına yönəldilməlidir.

Fərid Qəhrəmanov, Turan-ın xüsusi müxbiri, Fort Li (Nyu-Cersi, ABŞ)

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button