Loading...
Loading...
SEÇMƏ

“Azneft”dən şikayət: “Müalicə aldığım bir vaxtda işdən çıxarıldım”

“Fəhlə ilə prinsip aparmazlar”

46 yaşlı Rəhman Pənahlı 22 il neft sektorunda çalışıb. Bu ilin mayına çalışdığı Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin 1 saylı İxtisaslaşdırılmış neft- mədən xüsusi texnika İdarəsindən işdən çıxarılıb.

Meydan TV-yə müraciət edən Rəhman Pənahlı deyib ki, ona əvvəlcə attestasiyadan keçə bilmədiyi, sonradan isə əmək müqaviləsinin müddətinin bitməsi səbəb gətirilərək işdən çıxarıldığı bildirilib. İşdən çıxarılarkən ailə vəziyyəti, xəstəlikləri nəzərə alınmayıb.

“Evdə tək mən işləyirdim. Azyaşlı övladım nevroloji xəstəlikdən əziyyət çəkir, 6 saylı nevroloji dispanserdə qeydiyyatdadır. Digər iki övladım ali təhsil alır, onlar da mənim öhdəmdədir”,-şikayətçi deyib.

Onun sözlərinə görə, bağırsağından əməliyyat keçirib, xəstəliyi ilə bağlı müalicə aldığı müddətdə işdən çıxarılıb:

“Həmkarlar təşkilatının nümayəndəsi evimdə olub, mənimlə danışıb. Lakin sonradan izahat verib ki, guya xəstəliyim yalandır, o, gələndə evdə olmamışam. Birinci əməliyyatdan sonra evimə gələrkən bir qutu xurma, peçenye, bir qutu da çay gətirmişdi, 100 manat da xəstəliyim üçün karta pul keçirdilər. Bu da işçinin maddi vəziyyəti aşağı olduğu üçün həmkarlar təşkilatı tərəfindən edilən köməkdir”.

Rəhman Pənahlı qeyd edib ki, onunla bərabər 150 işçi attestasiyaya cəlb edilib. Onu aşağı bal topladığına görə işdən çıxarıblar, lakin rəhbərliyə yaxın şəxslər heç bal toplamadığı halda işdə saxlanılıblar.

“22 ildir sürücü-maşinist vəzifəsində çalışıram, bu sahə üzrə peşə məktəbini bitirmişəm. İndi isə deyirlər ki, sualları cavablaya bilməmisən. Ədalətli qərar vermədilər, niyə işçi rəhbər şəxslərə yaxın olanda attestasiya nəticəsi nəzərə alınmır?”,-Pənahlı bildirib.

O əlavə edib ki, yaşadığı ev 1960-cı illərdə tikilib, uçub-tökülmüş yerlərə selafan torbalarla örtük çəkib:

“Dolana bilmirəm, axı həmkarlar təşkilatının nümayəndəsi şəraitimi gördü. İşdən çıxandan sonra keçirdiyim stressdən sonra gözlərim zəifləyib. Fəhlə babayam, aldığım maaş dolanmağıma güclə çatırdı, fəhlə ilə prinsip aparmazlar”.

“Azneft” İstehsalat Birliyindən Meydan TV-yə bildiriblər ki, Rəhman Pənahlının əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən çıxarılıb. Ona iş təklif edilsə də, qəbul etməyib.

Rəhman Pənahlı isə deyir ki, ona təklif edilən iş yaradığı Zirə qəsəbəsindən kilometrlərcə uzada yerləşir. Üstəlik, dərəcəsini 6-dan 4-cü dərəcəyə qədər aşağı salırlar. Bu isə əməkhaqqına ciddi təsir edir. Buna görə də təklif edilən işi qəbul etməyib.

Meydan TV

Gözdən qaçırmayın:  “Eurovision 2023” müsabiqəsinin Britaniyada keçirilməsinə etiraz

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button