2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Aztəminatlıların ərzağını mənimsəməkdə suçlanan ‘Tərəqqi’ medallı məmur

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov aprelin 5-də 8 il 6 ay azadlıqdan məhrum edilib. O, aztəminatlı ailələr üçün nəzərdə tutulan ərzaqları mənimsəməkdə, sərt karantin rejimində sərbəst hərəkət üçün müxtəlif adamlara arayışların verilməsi kimi əməllərdə suçlanır.

Əhmədov 2020-ci ilin aprelində saxlanıb. Cinayət işinin materiallarında yazılıb ki, sabiq icra nümayəndəsi Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə əməliyyatıyla həbs olunub. Onun yaşadığı evə və icra nümayəndəliyinin binasına baxış zamanı müxtəlif şəxslərə məxsus bank kartlarının tapıldığı iddia olunur.

Saytların yığılması Saytlarin yigilmasi

12 min 400 manat vəsait mənimsənilib

Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun Mican kəndindəki yaşadığı evə baxış keçirilib. Oradan müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkarlanıb: “Məhərrəm Əhmədov yaxın qohumlarının adlarına plastik bank kartları açdırıb, bu yolla 2016-2020-ci illər ərzində 12 min 400 manat vəsaiti mənimsəyib. Baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işlədikləri barədə qanunsuz arayışlar, aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları götürülüb”.

65-yaşlı Əhmədova qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Amma sabiq məmur ittihamı qəbul etmir, özünün təqsirsiz, cinayət işinin materiallarında onun haqqında yazılanların da yalan olduğunu deyir.

Əhmədov məhkəmədə ifadədə verərkən vurğulayıb ki, səhhətində ciddi problemlər var, ağır diabet, ürək və böyrək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkir: “34 il dövlət qulluqçusu olmuşam, dövlət başçısı məni 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edib”.

“Stolun üstünə düzüb, şəklini çəkdilər”

Necə həbs olunmasından danışan keçmiş icra nümayəndəsinin sözlərinə görə, bazar günü nəvələriylə birlikdə istirahət edərkən DTX və prokurorluğun əməkdaşları gəlib. Ona deyiblər ki, sosial şəbəkələrdə dövlətin ayırdığı yardımı evinə aparması, qohumlarına paylaması haqda məlumatlar yayılıb. Evində axtarış aparılacağı haqda məlumat verilib.

“Məndən rəsmi formada geyinməyimi istədilər. Dedilər ki, iş yerimə gedəcəyik. Biz gedəndə onların bir hissəsi evimdə qalıb axtarışı davam etdirdilər. İşdə xidməti otağımdakı seyfdə iki gün əvvəl aldığım əməkhaqqı – 950 manat pul vardı. Onu stolun üstünə düzüb, şəklini çəkdilər. Otaqdakı şkafda iki köhnə, işlənməyən əməkhaqqı kartı vardı. Onu da götürdülər. Məni prokurorluğa aparıb, gecə saat 2-yə qədər orada saxladılar”, – Əhmədov ifadəsində bildirib.

İsmayıllıda Kommunal Müəssisələr Kombinatının direktoru olmuş Vidadi Məmmədov da sabiq icra nümayəndəsi ilə birlikdə mühakimə olunub. Onun haqqında cinayət işinə CM-in 73-1.2 maddəsi əsasında xitam verilib. Orada göstərilib ki, CM-in 179.2 (mənimsəmə) maddəsi ilə ittiham olunan şəxs zərərçəkmişlə barışıb, dəymiş ziyanı tamamilə qarşılasa və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi qədər dövlət büdcəsinə ödəniş etsə, cinayət məsuliyyətindən azad edilir.

Məmmədov istintaq və məhkəmə dövründə də həbsdə olmayıb.

Deyir, heç kimə qanunsuz sənəd verməyib

Keçmiş icra nümayəndəsi deyir ki, cinayət işinin materiallarında haqqında bəhs olunan qohumları qardaşı və qardaşı oğludur. Onları da Vidadi Məmmədov işə götürüb: “İşə götürülən qardaşım birinci qrup əlildir. İki gözü görmür, imkansız adamdır. Onlar İsmayıllı Kommunal Müəssisələr Kombinatının rəisinə ərizə ilə müraciət ediblər. 2012-ci ildə dövlət başçısının sərəncamı ilə şəhər kəndə birləşdirildi. Həmin vaxt Mican kəndindən şəhərin mərkəzinə sahibsiz heyvanlar girirdi. Mənim iki qohumum da həm ətrafı təmizləmək, həm də mal-qaranı qovub, şəhərin mərkəzinə girməsinin qarşısını almaq üçün Vidadi Məmmədovun razılığı ilə işə götürülmüşdülər. Sonradan onlar işdən çıxarıldılar. Kartlar da onların kartı idi”.

Arayışların verilməsinə gəlincə, o bildirib ki, heç kimə qanunsuz sənəd verməyib, o adamların hamısı təsərrüfatla məşğul olublar və əkin sahələrinə gedib-gəlmək üçün arayış verilməsinə ehtiyac olub: “Heç kim məndən arayış alanda qarşılığında pul və ya başqa nəsə verdiyini deyə bilməz”.

2009-2020-ci illərdə İsmayıllı Kommunal Müəssisələri Kombinatının rəisi işləmiş Vidadi Məmmədov təsdiqləyib ki, sabiq icra nümayəndəsinin qardaşı gözdən əlil idi, ailənin dolanışığı üçün onun oğlunu işə götürüb: “Axşamlar saat 18:00-dan 23:00-a kimi şəhərin içindəki yaşıllıqlara mal-qara girməyə qoymamasını tapşırmışam. Ola bilsin ki, onun işinə nəzarət etməmişəm, bununla israfçılığa yol vermişəm. İsraf olunan 2 min 268 manat pulu da ödəmişəm. Bu məbləğin 25 faizini də dövlət nəfinə köçürmüşəm”.

24 saat” “Aztəminatlıların ərzağını mənimsəməkdə suçlanan ‘Tərəqqi’ medallı məmur” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button