24 saat en son xeberler - Xeberler platformasi

ÖLKƏ

Bərdədə daha bir qalmaqal – Məmur oğlunun vəzifəyə seçilməsi etiraz doğurdu – Savash.org


“Məmurun avtoş oğlu gənclərə necə nümunə ola bilər?”

Fevralın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının konfrans zalında partiyanın Gənclər Birliyinin IV konfransı keçirilib. Arqument.Az-a daxil olan məlumata görə, konfransda Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya da iştirak edib və geniş çıxış edib. Bundan sonra rayon təşkilatı Gənclər Birliyi Şurasının və İdarə Heyətinin yeni tərkibi seçilib. Ən maraqlı məqam isə bundan sonra ortaya çıxıb.

Konfransla bağlı yayılmış rəsmi məlumatda bildirilir ki, YAP rayon təşkilatı Gənclər Birliyi Şurasının və İdarə Heyətinin yeni tərkibi seçildikdən sonra 1988-ci il təvəllüdlü, ali təhsilli, Bərdə rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi vəzifəsində işləyən Fərzəliyev Fərid Əli oğlu YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

Rayondan aldığımız məlumata görə, Fərid Fərzəliyevin seçilməsi bir növ təyainat xarakteri daşıyıb və təşkilat üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, partiyanın rayon təşkilatın bir sıra üzvləri bu seçimin qəti əleyhinə olublar.

Bərdədən verilən məlumata görə, icra nümayəndəsinin oğlunun YAP-ın Gənclər Təşkilatının sədri seçilməsi partiyanın rayondakı nüfuzu üçün birmənalı olaraq yaxşı heç nə vəd etmir. Çünki Fərid Fərzəliyevlə bağlı Bərdədə birmənalı fikir formalaşmayıb: “Bu həmin Fəriddir ki, adı mətbuatda dəfələrlə avtoş kimi qeyd olunub. Rayonda onun haqqında müsbət fikir yoxdur. Özü də Bərdə şəhər icra nümayəndəsi Əli Fərzəliyevin oğludur. Bununla gənclərə hansı örnəyi gözləmək olar? Atası icra başcısı Vidadi İsayevin “sağ əli” hesab olunur. Ona görə də oğlunu bu vəzifəyə təyin etdirdi. İndi məmurun avtoş oğlu başqa gənclərə nümunə kimi təqdim olunursa, sabaha hansı gəncliklə getmək olar?”

Qeyd edək ki, YAP Gənclər Birliyi say etibarı ilə ölkənin öndə gedən gənclər təşkilatıdır. Partiya üzvlərinin 254 min nəfərini gənclər təşkil edir.

Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Vidadi İsayev adı qalmqallarda hallanan məmuru İcra Hakimiyyətində aparıcı məsləhətçi vəzifəsində saxlayıb. Görəsən, icra başçısı onun hansı məsləhətlərinə ehtiyacı olub? Və daha sonra Fərid Fərzəliyevin hakim partiyanın rayon təşkilatının Gənclər Birliyinə sədr seçilməsinin arxasında hansı maraqlar dayanır?..

Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.





Savash.org

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button