SEÇMƏ

Bəxtiyar Hacıyev: “Bir nəfərin hikkəsinə görə…”

Yayımlandı: 24 Yanvar 2023 16:41

İctimai fəalın apelyasiya şikayəti təmin olunmadı

“Hər dəfə mənim məhkəməm olanda polisləri töküb, məhkəmənin qarşısını bağlayırlar. Hamısı bir nəfərin hikkəsinə görədir…”, – ictimai fəal Bəxtiyar Hacıyev yanvarın 24-də Bakı Apelyasiya Məhkəməsində şikayətinə baxılarkən bildirib.

Apelyasiya şikayəti onun barəsində həbs qətimkan tədbirinin müddətinin fevralın 28-nə qədər uzadılması haqda Xətai Rayon Məhkəməsinin 21 yanvar 2023-cü il tarixli qərarından verilmişdi.

Məhkəmədə Bəxtiyar Hacıyev bildirib ki, səhhətindəki problemlərə baxmayaraq, yanvarın 9-dan başladığı aclığı dayandırmayacaq:

“Mənə nəsə olsa, bunun məsuliyyəti həm də sizin üzərinizdədir”.

Bəxtiyar Hacıyevin vəkilləri onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas olmadığını vurğulayıb. Hakim İlqar Murquzova təklif ediblər ki, istintaq dövrü üçün Bəxtiyar Hacıyev barəsində alternativ növ qətimkan tədbirlərindən biri (ev dustaqlığı, polis nəzarətinə vermə, girov və s.) seçilsin.
Müstəntiq isə bununla razılaşmayıb.

Hakimlər də qısa müşavirədən sonra apelyasiya şikayətinin təmin olunmadığını, Bəxtiyar Hacıyev haqqında həbs qətimkan tədbirinin fevralın 28-nə qədər uzadılması qərarının qüvvədə saxlandığını elan edib.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.
Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Əvəz Zeynallı və Bəxtiyar Hacıyevlə bağlı İlham Əliyevə müraciət edildi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button