Xəbərlər

Bəxtiyar Hacıyevin 13 kiloqramdan çox çəki itirdiyi deyilir

Həbsinə etiraz olaraq 22 gündür aclıq aksiyası keçirdiyi bildirilən ictimai fəal Bəxtiyar Hacıyevin səhhətinin bir qədər də ağırlaşdığı deyilir.

Yanvarın 30-da ona vəkil Zibeydə Sadıqova baş çəkib

Onun AzadlıqRadiosuna bildirməsinə görə, Hacıyevin çəkisi 71 kiloqrama düşüb (Bakı İstintaq Təcridxanasına daxil olanda çəkisinin 84,5 kiloqram olduğu açıqlanmışdı):

“Ondan əlavə mədə ağrılarının çoxaldığını bildirir. Deməsinə görə, təcridxanakı həkim ona bunun aclıqla bağlı olduğunu və belə gedişatla mədə xorasının yaranma riskinin çox olduğunu bildirib. Habelə, bildirməsinə görə, baş gicəllənməsi tez-tez olur, qan təzyiqi aşağıdır”.

Vəkil qeyd edib ki, fəalın qan analizləri məlum olub:

“Maqnezium və kalsiumun səviyyəsi aşağı düşüb, həmçinin qanda şəkərin da miqdarı aşağıdır”.

Vəkil bildirib ki, buna baxmayaraq Hacıyev aclığı davam etdirməkdə israrlıdır:

“Bizim xahişlərimizə baxmayaraq aclığı dayandırmayıb”.

Bu açıqlamya, hələlik, Penitensiar Xidmət və başqa uygun qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma qurumdan bundan əvvəl bildirilmişdi ki, Bəxtiyar Hacıyev həkim nəzarətindədir. Üstəlik, onun analizlər verdiyi qeyd edilirdi.

Bundan əvvəl

Bəxtiyar Hacıyev yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində yenidən aclıq aksiyasına başladığı haqqında məlumat vermişdi.

Bundan öncə Hacıyev dekabrın 15-də aclıq aksiyasına başladığını açıqlamış, dekabrın 28-də onu dayandırmışdı.

Yanvarın 13-də isə Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı. Yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.

Əvvəlki ittihamla gəncə fəala 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.

Xatırlatma

Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Azərbaycan və Macarıstan arasında sənədlər imzalanıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button