2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Bakı minbərlərindən lənətlənən “İşıq”

 Elnur Astanbəyli

Saytların yığılması Saytlarin yigilmasi

 Bir ruhani təsəvvür edin, qızının ilk təhsilini dünyəvi fənlərin tədris edildiyi rus gimnaziyasında almasına razılıq verir.

Ardınca onun Qafqaz Olginskaya Mamalıq İnstitutuna qəbul olunmasına “yaşıl işıq” yandırır.

Qızı 1907-ci ildə həmin institutu bitirib birinci dərəcəli mama ixtisasına yiyələnir.

İlk baxışda təəccüblənməli heç nə yoxdur: hansı dövrdə yaşayırıq?

Lakin məsələ ondadır ki, söhbət hardasa yüz il öncədən, qadın və təhsil anlayışları arasında yıxılmaz görünən sərhədlərin çəkildiyi bir zamandan gedir.

Üstəlik, qızına bütün bu imkanları yaradan, yazımızın ilk cümləsində də qeyd etdiyimiz kimi, dövrünün din xadimlərindən biridir.

Yüz il əvvəlin gerçəkliklərini nəzərə aldıqda həqiqətən inanmaq bir az çətindir. Nəinki bir az, ümumiyyətlə, çətindir…

2

Həmin din xadimi Ələddin Sübhanquliyev, qızı isə Xədicə xanımdır.

Bu yerdə incə bir nüansı diqqətdən qaçırmayaq: Ələddin bəyin ailəsi Tiflisdə yaşayırdı, qızı da məhz orada dünyaya gəlmişdi.

Tiflisin həmin vaxt Qafqazın istər ictimai-siyasi, istərsə də mədəni baxımdan mərkəzi olduğunu xatırlatmaq yersizdir.

Görünür, həqiqətən də mühit həlledicidir.

Xədicə Ələddin qızı Əlibəyova

3

Xədicə xanım dövrünün aydın insanlarından biri, ixtisasca hüquqşünas olan irəligörüşlü yazıçı və publisist Mustafa bəy Əlibəyovla evlənmiş, onun soyadını götürmüşdü.

Mirzə Cəlil Mustafa bəyi ədəbiyyatçı və vəkil kimi yüksək qiymətləndirirdi.

Mustafa bəy Cümhuriyyət dövründə mədəni həyatın canlanmasında fəal iştirak etmişdi. Bir az sonra haqqında geniş danışacağımız “İşıq” dərgisinin nəşri dayandırıldıqdan sonra ailəsi ilə birgə, doğulduğu Şəkiyə köçmüşdü.

Azərbaycanın sovetləşməsindən (1920-ci il) ta repressiya dövrünə – 1937-ci ilin “qırmızı terror”unacan orada yaşayıb.

Həmin il “xalq düşməni” kimi ittiham olunub və Sibirə sürgün edilib. 1945-ci ildə, 71 yaşında orada dünyasını dəyişib.

Həyat yoldaşı Xədicə xanım isə uzun illər Şəkidə ginekoloq işləyib, ömrünün sonuna yaxın Bakıya köçüb və 1961-ci ildə vəfat edib.

Elə Azərbaycanda qadınlar üçün ilk mətbu orqanını – “İşıq”ı da onlar birlikdə “yandırmışdılar”.

Bu nəşrin birinci sayı 1911-ci il yanvarın 22-də çıxmış, onun nəşri 1912-ci ilin sonunadək davam etmişdi. Həmin müddətdə “İşıq”ın 68 sayı işıq üzü görmüşdü.

4

“Bacılarım, qeyrət vaxtıdır… Bizlərə elm lazımdır. Bundan ötrü oxuyub, oxudub, tərbiyə alıb, tərbiyə vermək lazımdır. Bizlərə elm lazımdır. Elm… Elm… Elm…” – bu sətirlərin müəllifi “İşıq” səhifələrində tez-tez çıxış edən Həlimə xatun Axundovadır.

Bir başqa məqaləsində isə o yazırdı:“Bu vaxta qədər o biçarələri öz zülmünüz ilə söyüb onlarda olan bütün hissi-insaniyyəti öldürdüz. Dəxi bəsdir onları dili bağlı heyvan dərəcəsinə gətirdiniz. … Nə qədər ki, arvadlar axund, hacı, molla babanın və onun kimi həzrətlərin şəriətdən xaric hökmləri ilə dolanarsa, hərgiz demək olmaz ki, müsəlman milləti tərəqqi edib qeyri-millətlər kimi saəadətə yetəcəkdir”.

Bir çoxları Azərbaycan Cümhuriyyətinin hətta Avropanın əksər ölkələrini qabaqlayaraq, qadınlara seçib-seçilmə azadlığı tanımasını təsadüf, yaxud da formal sayır.

Halbuki ilk Cümhuriyyətimizin bütün mütərəqqi addımları kimi, bunun da arxasında uzun illərdən bəri davam edən bir mücadilə dayanırdı. Bu mücadilənin pionerləri sırasında məhz “İşıq” vardı.

5

“Dörd divar arasında elmdən bibəhrə qalıb bu dünyadan getmək bizim üçün eyib deyilmi?..” – bunu da “İşıq” yazırdı; Çayqıraqlı Həyat xanımın günümüzün pəncərəsindən baxdıqda bəlkə də adi görünən həmin hayqırışı 100 il öncə üçün əvəzsiz cəsarət nümunəsi idi.

“Bacılarım, onu da bilməlisiniz ki, hər şey çoxaldıqca ucuzlaşır, fəqət, elm çoxaldıqda bahalanır” – Gəncəli Xuraman xanım Bəyzadənin həmcinslərinə bu səslənişi də eyni cəsarətin örnəyidir.

6

“İşıq”ın daha bir mühüm xidməti qadınlara yeni doğulan uşağın bəslənilməsindən tutmuş onun təmizliyinə, hətta beşikdə və yüyrükdə necə yırğalanmasınacan çeşidli mövzularda dəyərli məsləhətlərdən tutmuş, körpələrin ayrı-ayrı xəstəliklərdən qorunmasınacan qiymətli tövsiyələr verməsində idi.

Düzdür, Azərbaycan qadının o zamankı savad səviyyəsini nəzərə aldıqda bütün bu cəhdlər bəlkə də mənasız görünür. Lakin heç bir şam havayı yanmır – qaranlığı tamamilə aydınlatmasa belə, nümunə yaradır.

Tarixi təcrübə göstərir ki, bütün nəhəng dəyişikliklər məhz kiçik nümunələrin məhsuludur.

Əgər belə olmasaydı…

7

Əgər belə olmasaydı, “İşıq”ın işıq üzü gördüyü günlərdə Bakıdakı minbərlərdən onun qarasınca “Hər kim bu qəzeti oxusa kafirdir”, “Hər kimin evində bu qəzet olsa, o ev murdardır” kimi fətvalar verilməzdi.

“Övrət qəzetəsinin olması qiyamət nişanəsidir” deyə bağırılmazdı.

(Hər hansı yaxşı, faydalı əməlin bir bədbəxtliyi də bundadır: onun əhəmiyyətini rəqiblər, düşmənlər daha yaxşı qiymətləndirirlər. Ondan qorxmaqla, ondan çəkinməklə əslində nə qədər gərəkli bir iş olduğunu ortaya qoyurlar. Kədərlidir, ancaq nə etməli, həqiqətdir…)

Xədicə xanım həmin fətvalardan üzülsə də, ümidini itirməmişdi. “Qardaşlarım, bacılarım. Bundan sonra heç kəsə ümid bağlamayıb ciddi-cəhd ilə özünüzü, qardaş və bacılarınızı qaranlıqdan işığa çıxarmağa çalışmalısınız” – deyə səslənmişdi.

Onun və dövrünün mütərəqqi qadınlarının yandırdığı “İşıq” tez sön(dürül)sə də, bu “İşıq”ın şöləsi sonralar uzun müddət yalnız xanımların deyil, bütünlükdə cəmiyyətin beynini aydınlatmağa davam etdi: qadını cəhalət qaranlığına məhkum edən, qadını aktiv həyatdan izolyasiya edən, qadını mənəvi baxımdan qandallayan, qadını kölə kimi görən bir toplumun xilası olmadığını gözlər önünə sərdi.

Bu gün, yəni təqvim XXI yüzilliyi göstərərkən hələ də “Müti qadın – müti cəmiyyət deməkdir” fikrinə şübhə ilə, qıcıqla, qəzəblə, səksəkə ilə yanaşırıqsa, XX yüzilliyin əvvəllərində yandırılan “İşıq”ın əslində nə qədər dəyərli, əvəzsiz bir hadisə olduğunu anlamaqda çətinlik çəkməyimiz əsla təəccüblü deyil…

Azlogos.eu

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button