SEÇMƏ

Bakıda etiraz aksiyası: yeni saxlanılanlar var

Yayımlandı: 24 Oktyabr 2022 16:30

Şəhərin mərkəzi ərazilərində “Azadlıq”, “İstefa” şüarları səsləndirilib

Oktyabrın 24-də Bakıda keçirilməsi planlaşdırılan etiraz aksiyasında daha 7 nəfərin polis tərəfindən saxlanıldığı bildirilir. Onlar Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR), Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir. Saxlanılanların əksəriyyəti İçəri Şəhər metrostansiyası yaxınlığında polis avtomobillərinə mindirilib. Onların arasında ADR üzvü Dilarə Miriyeva, Müsavat üzvü Tofiq Yaqublu, Elman Quliyev, AXCP-nin Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, AXCP-nin Nəsimi rayon şöbəsinin üzvü Ramiz Kamal və Mətanət Turan da var.

Aksiya iştirakçıları şəhərin mərkəzi ərazilərində “Azadlıq”, “İstefa” şüarları səsləndirib. Hazırda da müxtəlif yerlərdə tək-tək etiraz səsləri eşidilir.

Saxlanılanlardan bəziləri polis zorakılığı ilə üzləşdiklərini, hətta avtomobilə zorla mindirildiklərini bildiriblər.
Polis həmçinin aksiyadan öncə də bəzi fəalları evindən götürüb. Onların içində ADR üzvü Ənvər Ağamalızadə, AXCP üzvü Firəngiz Məmmədhüseynova da var.

Ənvər Ağamalızadə səhər saatlarında polis əməkdaşları tərəfindən evindən götürülərək aparılıb.
ADR Partiyasının bu barədə yaydığı məlumatda bildirilir ki, onun hara aparıldığı barədə bilgiləri yoxdur. Partiya Ənvər Ağamalızadənin dərhal azad edilməsini tələb edib.

Saxlanılanlar barədə Daxili İşlər Nazirliyindən (DİN), hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Oktyabrın 24-də Azərbaycan Xalq Cəbhəsi Partiyası sərbəst toplaşmaq azadlığı və başqa tələblərlə aksiya keçirməyi planlaşdırıb. Təşkilatçıların müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti Aparatından müsbət cavab verilməyib. Cavab məktubunda buna səbəb kimi aksiyanın elan olunduğu yerin təhsil müəssisələri, metro çıxışı və nəqliyyatın intensiv hərəkət etdiyi yola yaxın olması göstərilib.
Bununla belə, AXCP aksiyanın keçiriləcəyini bəyan edib.

Meydan TV

Gözdən qaçırmayın:  “Yaralıları yerə uzadıb, üstlərindən tankla keçdilər…” – İTKİNLƏR – VÜSALƏ MƏMMƏDOVA YAZIR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button