2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bakıda gənclərə sual: necə yaşayırsınız?

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan gəncliyi bu gün necə yaşayır və necə əylənir? Bakıda yaşayan və fərqli sahələrdə çalışan beş gənc BBC Azərbaycancaya danışıb. Fotolar Gülər Abbaslınındır.

“Bu işi çox sevirəm və bacarıram. Əlimdən başqa iş gəlmir. İstəyirəm xarici ölkələrə gedib treninqlərə qatılım və bu sahə üzrə təcrübəmi artırım. Tanınmış barista olmaq istəyirəm”, – Nigar Nəzərova deyir.

23 yaşlı gənc xanım Bakıda kafelərin birində barista kimi çalışır.

Nəzərova Qida məhsullarının mühəndisliyi – Ekspertiza və kommersiya ixtisası üzrə təhsil alıb. Dediyinə görə ixtisasına marağı olmasa da universiteti atasının istəyinə görə oxuyub.
Nigarın aylıq qazancı daha çox ev kirayəsinə və yeməyə sərf olunur.

“Gündəlik 5-10 manat xərcləyirəm, demək olar ki geyimə və əyləncəyə pulum çatmır. İmkan olanda da yalnız az büdcəli kafedə yemək yeyə bilərəm. Buna da əyləncə demək olmaz”,- Nigar gileylənir.
Səhhətiylə bağlı problem yarananda isə Nigar xərclərini təkbaşına qarşılaya bilmir. Bu halda valideynlərindən maddi kömək almalı olur.

Nuru Nuruzadənin 23 yaşı var. Orta məktəbi bitirsə də hələlik ali təhsil ala bilməyib. 16 yaşından fəhlə, ofisiant və satıcı kimi müxtəlif işlərdə çalışıb.

“Atam müflis olandan sonra evimizi satdı, bizi tərk edib getdi. Anam və iki kiçik qardaşımla kirayədə qalmalı olduq. Ailəni dolandırmaq üçün məktəbdə oxuya-oxuya gecə növbəsində işləyirdim”, – Nuruzadə qeyd edir.

Nuru indi kuryer və reklam meneceri kimi çalışır. Aylıq gəliri 300-400 manat arasında dəyişir. Deyir qazancı evin xərclərinə sərf olduğundan təhsili üçün əlavə pul ayıra bilmir. Qəbul imtahanına hazırlıq üçün isə təkcə pulsuz dərslərə qatıla bilir.

“Yaxın dostlar hər ay kömək edirlər. Şəxsi kitabxanamda olan kitabları da satmışam ki təhsilim üçün pul toplayım. Türkiyədə Sosialogiya üzrə oxumaq istərdim. İllik təhsil haqqı 1200-1500 manatdır. Mənim isə pulum çox azdır.”

Nuru deyir ki, öz maddi imkanına qalsa geyim xərclərini də qarşılaya bilməz. Bu halda ona yenə dostları yardım edir.

“İki-üç ildir kino və teatra getmirəm, çünki maddi imkan yoxdur. Son zamanlar isə, ümumiyyətlə, heç vaxtım da olmur. Əlbəttə, dostlarla bir yerdə olmaq, əylənmək vacibdir. Bir pub-a getmək üçün cibdə heç olmasa 10-15 manat olmalıdır. Bu da tez-tez olmur, imkana bağlıdır. Ona görə çalışırıq dostlarla ya ucuz çayxanaya gedək, ya da parkda eləcə oturub söhbət edək”, – Nuruzadə əlavə edir.

29 yaşlı Əsmər Məmmədova bir müddət işsiz qaldığından məcburən gecə növbəsində işləməyə qərar verib. Hazırda taksi xidməti üzrə telefon operatoru vəzifəsində çalışır.

“Axşam saat 8-dən səhər 8-ə kimi işləyirəm. Ayda 220 manat maaş alıram. Qazancım evin kirayəsinə, gündəlik yol xərcinə, qismən də ərzağa gedir. Rayondan ailə ət və süd məhsulları göndərməsə, demək olar ki dolana bilmərəm”, – o bildirir.

Əsmər Gəncə Dövlət Pedaqoji İnstitutunda fransız dili üzrə bakalavr təhsili alıb. Deyir hər yerdə iş stajı tələb olduğundan öz ixtisasına uyğun iş tapa bilmir. İndi planı xaricdə, Fransada magistr təhsili almaqdır.

“May ayında imtahanım olacaq, distant olaraq hazırlıq üçün dərs alıram. Gecə növbəsində işləməyin pis tərəfi odur ki, dərslərimə yetərincə vaxt ayıra bilmirəm. Gündüz daha çox yatıb, istirahət etməli oluram”, – deyir.

Əsmər istirahətinə, dostlarla əyləncəsinə zaman ayıra bilmir. Buna həm maddi imkanı, həm də iş rejimi mane olur.

“Fikirləşirdim qısa müddətdən sonra başqa iş taparam, hələ ki 9 aydır burada çalışıram. Aylıq gəlirimdən təhsilim üçün heç pul ayıra bilmirəm. Kitab oxumağı, geyimi də sevirəm, amma çox zaman onları almağa pulum yetmir”, – Məmmədova əlavə edir.

“Bu işi qazanc mənbəyi kimi görmürəm. Amma ətrafın marağını gördükcə bu bir növ işə çevrilir. Fürsət yaransa gələcəkdə əlbəttə, buna qazanc kimi baxa bilərəm”, -Nuranə Abiyeva bildirir.

Nuranənin 22 yaşı var. Logitsik və tərcüməçi kimi çalışır. Eyni zamanda könüllü olaraq eşitmə, danışma əngəli olan və olmayanlar arasında ünsiyyət yaratmaq üçün işarət dili dərsləri keçir.

Abiyevanın əsas məqsədi öz ixtisası- tv və radio aparıcılığı üzrə fəaliyyət göstərməkdir. Deyir ki, hazırki iş yeri hədəfi olmasa da yeni şeyləri öyrənmək ona maraqlı gəlir.

“Hələlik hazırki işimlə kifayətlənirəm, öz xərclərimi özü qarşılayıram. İşdən sonra xarici dil kurslarına qatılıram. Bəzən aylıq məvacibim çatmayanda ailəmdən borc alıram”, – Abiyeva işi ilə bərabər əyləncəsinə də zaman ayıra bildiyini deyir.
Nuranənin fikrincə onun kimi işinə və əyləncəsinə vaxt ayıran gəncin təxminən 500 manat aylıq məvacibi olmalıdır.
“İşim nə qədər çox olsa da əyləncəmi kənara atmıram. İş rejimim imkan verir ki, günortadan sonra dostlarımla görüşüb istirahət edə bilim. Hətta deyərdim, işimin özü belə məni əyləndirir. Sevdiyim işlə məşğul olanda yorulmuram. Amma iş və əyləncə arasında seçim olsa, əlbəttə ki, işimə pul ayırmağı üstün tuturam. Əyləncəni sonraya da saxlamaq olar.”

“2013-cü ildə Türkiyə universitetlərinin bir neçəsində oldum. Oradakı tələbələr üçün yaradılan imkanları görəndə başa düşdüm ki, bu sahənin Azərbaycanda perspektivi yoxdur. Çünki bizim universitetdə tədrisə biganə yanaşırdılar. Mənim həvəsim tamamilə öldü. Qərara gəldim ki, şəxsi biznesimi yaradım. Əvvəlcə müxtəlif start-up layihələrə qoşuldum, sonra velo kuryer layihəsinə başladım”, – 23 yaşlı Tofiq Hidayətzadə deyir.

Tofiq Poltexnik universitetinin “Elektronika, radiotexnika və telekommunikasiya mühəndisliyi” üzrə təhsil alsa da bu sahədə işləyə bilməyib.
Velosipedə olan marağı bu sahədə şəxsi biznesini qurmağa səbəb olub. 2014-cü ildə ilk addımı uğursuz olsa da bir il sonra velokuryer komandası ilə fəaliyyətə başlayıb.

“İlk vaxtlar gündəlik bulka pulumuzu çıxarırdıq, indi isə dönər ala bilirik. Az pulla təkcə günlük xərclərimizi qarşılaya bilirik. Çox qazanmaq üçün komandanı böyütmək lazımdır, bu isə çətindir. Kuryer tapılmır”, – Hidayətzadə bildirir.
Əyləncəyə gəldikdə isə Tofiq az büdcəli səyahətə, istirahətə üstünlük verdiyini deyir. Bakı yollarındakı ekstremallıq isə onun velosiped sürərkən xüsusi əyləncəsinə çevrilir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button