2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bakıda gecə klubunda partlayış: “Bircə dərmanımı götürüb çölə qaçdım”

“Yuxudaydım, qəfil bir partlayış məni göyə tulladı…” Bakının mərkəzindəki Fəvvarələr bağının yaxınlığında yerləşən gecə klubunun üstündəki mənzilin sahibi həmin anı xatırlamağa çalışır, amma yadına yalnız o düşür ki, təlaşla əynini geyinib, bircə dərmanını götürüb çölə qaçıb:

“Yanıq iyi gəlirdi, düşündüm ki, yanğın baş verib,”- adının çəkilməsini istəməyən mənzil sahibi müsahibəsində deyir.

Bakının Tərlan Əliyarbəyov küçəsində bazar gününə keçən gecə baş vermiş partlayışda 1 nəfər ölüb, 37 nəfər müxtəlif xəsarətlər alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdı. Yerli media yazır ki, xəsarət alanlar arasında tanınmış bloqçu da var.

Saytların yığılması Saytlarin yigilmasi

Partlayışla bağlı üç nəfər saxlanıb, Baş Prokurorluq açıqlayıb.

Qurumun məlumatına görə, toplanmış ilkin sübutlarla müəyyən edilib ki, gecə klubunun mətbəxində “qanunsuz olaraq, eləcə də mövcud qaydaların tələbləri pozulmaqla propan qazının sıxılmış mayesi ilə dolu olan qaz balonundan istifadə edilib”.

Gecə klubunu icarəyə götürən MMC-nin meneceri və onun administratoru, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin bir inspektoru həbs olunub. Onlardan birinə Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), ikisinə səhlənkarlıq (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan edilib.

Sosial mediada yayılan, partlayışdan sonra çəkilən görüntülərdə insanların təlaş içərisində ora-bura qaçdığı, yaralıları xilas etməyə çalışdıqları görünür.

Ətrafda olan avtomobillərin də partlayışdan zərər çəkdiyi görünür. Gecə klubuna bitişik başqa bir kafe də dağılıb, yanğının oranı da tutduğu görünür.

“Partlayış güclü olub, amma bu binalar da möhkəm binadı, mərtəbələr arası beton çox möhkəmdi, bizim mənzilin altında olub partlayış, amma ara beton necə möhkəmdirsə, dalğası yuxarını vura bilməyib, yan kafeni vurub. Yanğınsöndürənlər cəld işlədi, mən onları gördüm necə can-başla yanğını söndürməyə çalışırdılar. Binanın tikintisində taxta konstruksiyalardan istifadə olunub, yanğın tez söndürülməsəydi, alışıb yanardı,” – müsahibimiz deyir.

Baş Prokurorluğun ilkin versiyasına görə, gecə klubundakı partlayış qaz balonundan sızma nəticəsində baş verib.

65 yaşlarında olan müsahibimiz heç vaxt alt qonşudakı gecə klubunun işiylə maraqlanmayıb: “Heç vaxt hər hansı hadisə baş verməyib. Bilirəm ki, birinci mərtəbədəki kafelərdə təbii qaz yoxdur. Bizdə var, amma onlarda yoxdu. Amma nə işlədirlər, heç vaxt maraqlanmamışam. Arada bir bacadan yanğın çıxırdı, o manqallarda olan yağa görə. Dərhal müdaxilə edib söndürürdülər”.

Partlayış baş verən binanın birinci mərtəbəsində, hətta zirzəmilərdə çoxlu kafelər yerləşir. İkinci mərtəbə yaşayış yeridir, hətta hotel də var.

Bakı, yanğın, bina, gecə klubu, partlayış, Azərbaycan, FHN, Baş Prokurorluq

Müsahibimiz deyir, bütün qonşular dərhal çölə axışıblar, xoşbəxtlikdən sakinlər arasında xəsarət alan olmayıb, mənzillərə də ciddi ziyan dəyməyib. Mütəxəssislər mənzillərin təhlükəsizliyini yoxlayandan sonra sakinlərə evlərinə getməyə icazə veriblər.

“Evdi, təmir olunar, klubu da təmir edəcəklər, əsas can sağlığıdır,” – müsahibimiz deyir.

Amma gecə klubundakı bu partlayış bir can alıb. Burda yenicə xadimə işinə düzəlmiş Maya Axundova hadisə zamanı həlak olub. Onun oğlu Elgün üçün danışmaq çətindir, 43 yaşlı anasının qaz balonu partlaması səbəbindən ölməsi fikrini qəbul edə bilmir, şübhələri var:

“Deyirlər, qaz balonundan partlayıb. Mən inanmıram ki, əslində qaz balonundan partlaya, çünki binanın bu biri tərəfi də dağılıb, o biri tərəfi də. Üstəlik, obyektin tavanı da düşüb aşağı. Məncə, bu, düşünülmüş şeydir,”- o, BBC News Azərbaycancaya bildirib.

Bakı, yanğın, bina, gecə klubu, partlayış, Azərbaycan, FHN, Baş Prokurorluq

Gecə klubunun həm salonu, həm də mətbəxində yanan yanıb, yanmayan da kömür kimi qaralıb. Binanın arxa həyətindən mətbəxin içini görmək olur: qapqara qaralmış qazanların, tavaların hərəsi bir tərəfə atılıb. Masanın üzərindəki tava, deyəsən, ocaqdan yenicə götürülübmüş, altına taxta qoruyucu qoyulub, içində qaralmış-qaxsımış nəsə görünür. Bir qıraqda qabda alovun qarsatdığı pomidor-kələm dilimləri var. Kiminsə sifarişi hazırlanırmış…

Stolun altında alovun, partlayış dalğasının tam tutmadığı, amma tozunmu-hisinmu üstünü örtdüyü bir yeşik limon, plastik qabda maye yağ görünür.

“Mən kiçik qaz balonunun bir evin tavanını necə göyə uçurduğunu görmüşəm, o da qala bu boyda qaz balonu ola,” – gecə klubunun qənşərinə toplaşanlardan biri deyir.

Gecə klubundakı partlayış rezonans doğurub: hadisə yerini öz gözləriylə görmək üçün bura gələnlər də var. Əslində obyektin yerləşdiyi Tərlan Əliyarbəyov küçəsi Fəvvarələr bağına açılır: şəhərdə yerlilərin də, Bakıya gələn turistlərin də ən çox üz tutduğu, gəzdiyi, istirahət etdiyi məkana… Elə təkcə partlayışın baş verdiyi küçədəki yaşayış binalarının birinci mərtəbələrində və ya zirzəmilərində ondan çox kafe və restoran yerləşir.

“Qaz təchizatı haqqında” qanuna görə, yaşayış binasının zirzəmisində və birinci mərtəbəsində fəaliyyət göstərən obyektlərə qaz çəkilməsi qadağandır.

Bakı, yanğın, bina, gecə klubu, partlayış, Azərbaycan, FHN, Baş Prokurorluq
 

Hadisədən sonra partlayışın baş verdiyi “Location” gecə klubunun ətrafındakı kafe-restoranlar qapısını bağlayıb. Ona görə onların mətbəxdə yanacaq mənbəyi kimi nədən istifadə etdiklərini öyrənə bilmədik.

Hərçənd, yanğın təhlükəsizliyi üzrə təhlilçi Vahid Əhədov hadisə ilə bağlı verilən rəsmi açıqlamaları yetərli saymır.

Onun sözlərinə görə, obyektdə neçə qaz balonunun olması, eləcə də balonun obyektin hansı tərəfində yerləşməsi barədə məlumat verilmədiyi üçün konkret fikir bildirmək çətindir və şübhələrə yol açır.

O, partlayışın miqyasının böyük olduğunu deyir: “Bir qaz balonunun partlaması nəticəsində bu qədər sahənin yararsız hala düşməsi, avtomobillərə ziyan dəyməsi, bir sözlə partlayışın miqyasının böyük olması müəmmalı haldır”.

Bakı, yanğın, bina, gecə klubu, partlayış, Azərbaycan, FHN, Baş Prokurorluq

Qonşu binanın sakini Vüsal Məmmədov xatırlayır ki, partlayışdan 10-15 dəqiqə əvvəl işıqlar sönüb. “Elə işıq yanandan 10 dəqiqə sonra da partlayış səsini eşitdik. Saat təxminən gecə 2-3 arası olardı. Partlayış səsi bir dəfə oldu, dərhal evdən çıxıb bura gəldik, gördük yerdə yaralılar var, hər şey dağılıb”.

Bununla belə, o, elektrik enerjisinin kəsilməsi ilə partlayış arasında bir əlaqə olub-olmadığını bilmir.

BBC Azərbaycanca nə Baş Prokurorluqdan, nə də Fövqəladə Hallar Nazirliyindən iddia edilən şübhələrə şərh ala bilməyib.

Amma Baş Prokurorluq hadisədən dərhal sonra yaydığı məlumatlarda bildirib ki, gecə klubunun təbii qaz təchizatı olmayıb və mütəxəssislərin “ilkin ehtimallarına əsasən, partlayış qaz balonundan sızma nəticəsində baş verib”.

Gecə klubunun üstündəki mənzilin sahibi isə bütün bunları unutmaq istəyir: “O gecəni unutmaq istəyirəm və artıq unuduram da”. (BBC)

24 saat” “Bakıda gecə klubunda partlayış: “Bircə dərmanımı götürüb çölə qaçdım”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button