SEÇMƏ

Bakıda heyvansevərlər cəzalandırıldılar

Yayımlandı: 27 Sentyabr 2022 16:53

Fəallar “Toplan” haqda dediklərinə görə cərimələndilər

Heyvanların hüquqlarını müdafiə edən dörd nəfər ictimai fəal – İlhamə Nəsirova, Elxan Mirzəyev, Aynur Babazadə və Nicat İsmayılov “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi haqda fikirlərinə görə cəzalandırılıb. Sentyabrın 27-də Xətai Rayon Məhkəməsində onların barəsində ittiham hökmü çıxarılaraq məhkum ediliblər.

Hakim Fuad Axundovun sədrliyilə çıxarılan hökmə əsasən, ictimai fəallar Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. İlhamə Nəsirova və Elxan Mirzəyevin hər biri 1000, Aynur Babazadə 1500, Nicat İsmayılov isə 2000 manat cərimə cəzasına məhkum edilib.

Bundan başqa, onların üzərinə mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi də qoyulub. Aynur Babazadə və Nicat İsmayılov 1000, İlhamə Nəsirova 700, Elxan Mirzəyev isə 500 manat təzminat ödəməlidir.
Xüsusi ittiham qaydasında iddia qaldırıb, gənc fəallara Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrilə yuxarı həddə cəza verilməsini tələb edən iki xüsusi ittihamçı – Günel Musayeva və Cəlal Mikayılov “Toplan”ın baytar-həkimləridir. Onlar həm də 100 min manatlıq mülki iddia qaldırmışdılar. İddia edirdilər ki, adları çəkilən ictimai fəalların sosial şəbəkələrdə yazdıqları nəticəsində şərəf və ləyaqətləri ləkələnib, nüfuzlarına zərbə dəyib.

Təqsirləndirilən ictimai fəallar isə bu məhkəmə iddiasının qərəzli və sifarişli olduğunu bildirirlər. Onlar hesab edirlər ki, heyvan haqlarının müdafiəsilə bağlı fəaliyyətlərinə, “Toplan”da itlərə qarşı amansız rəftarla bağlı məsələləri ictimailəşdirdiklərinə, etiraz etdiklərinə görə cəzalandırılırlar.

Heyvansevərlər məhkəməyə verilməmişdən az öncə – 2021-ci ilin iyulunda “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin qarşısında etiraz aksiyası keçirərək, mərkəzin fəaliyyətinin ictimaiyyətə açıq olmasını və orada saxlanılan sahibiz itlərin nümayiş etdirilməsini tələb edirdilər.

Ümumiyyətlə, bu ictimai fəallar 2021-ci ilin İyul ayında heyvan hüquqlarının pozulmasına etiraz olaraq 5 aksiya keçirmiş, onların bir neçəsi polis tərəfindən saxlanmışdı. Heyvansevərlər etiraz aksiyalarına görə cərimələnib, hətta intibati qaydada həbs də olunublar.

Cəzalandırılan ictimai fəallardan Nicat İsmayılov bildirib ki, hökmdən apelyasiya şikayəti verəcəklər:

“Toplan” adlı qurum korrupsionerlər və talançılar tərəfindən idarə olunur. Sahibsiz heyvanların probleminin həlli üçün illərdir heç bir iş görülmür ölkədə. Əksinə, cəmiyyətdə itləri “vəhşi” göstərmək üçün təbliğat aparılır, itlərə qarşı amansızlıqlar, qətliamlar davam edir. Bu vəhşiliklərə və əsas məqsəd korrupsiya üçün davam edən amansızlıqlara göz yuman hakimiyyətdir. Necə ki qadın qətlləri siyasidir, eləcə də heyvan qətllərini də bu hakimiyyət siyasiləşdirməyi bacarıb”.

Heyvansevərlərin hüquqlarını müdafiə edən vəkil Zibeydə Sadıqova bildirib ki, Mərkəzin baytar-həkimi o qurum haqda yazılanlara görə məhkəmədə iddia qaldıra bilməzdi. “Toplan” haqda yazılara görə Mərkəzin rəhbəri şikayətçi ola bilərdi:

Gözdən qaçırmayın:  Rusiyanın 52 şəhərində səfərbərliyə etiraz aksiyaları keçirilib

“Onlar adi işçilərdir, birbaşa özlərinə aid məsələ olsa, o halda, şikayətçi ola bilərdilər”.

“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yaradılıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button