Loading...
Loading...
Cəmiyyət

Bakıda Kamil, İstanbulda Nüsrət… – Bir milyard manatlıq cinayət

Bakıda qanunsuz sahibkarlıqla məşğul olan Qənbərov Kamil Səfadil oğlunun məhkəməsi başa çatıb.

İşə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Araşdırmalar zamanı məlum olub ki, Q.Kamil lisenziyası olmadığı halda faktiki olaraq bank fəaliyyəti göstərib.

Belə ki, o, Bakı şəhəri üzrə pul vəsaitlərinin 0,4 faizi məbləğində, Rusiyanın Moskva, Ukraynanın Kiyev, Gürcüstanın Tiflis və Türkiyənin İstanbul şəhəri üzrə isə pul vəsaitlərinin 0,2 faizi məbləğində xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərib.

O, bu işdə istintaqla şəxsiyyətləri müəyyən edilməyən Moskvada Sahil, Ukraynada Saşa, Gürcüstanda Baço, Türkiyədə isə Nüsrət adlı şəxslərlə əlbir olub.

Bu səbəbdən 34 yaşlı Kamil hakim qarşısında 192.2.3 maddəsi (Qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham olunub.

Qeyri-qanuni bankın ofisi isə paytaxtın Nərimanov rayonu, K.Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən “Green Park” yaşayış kompleksinin 29 nömrəli mənzili olub.

Vüsal burada ona müraciət edən ayrı-ayrı şəxslərdən qeyd edilən qaydada müxtəlif məbləğlərdə pul vəsaiti alıb və qəbul etməli olan şəxslərə şəxsən və əlbir olduğu şəxslər vasitəsilə təhvil verilməsini həyata keçirib. Təqdim etdikləri pul vəsaitinin məbləğinə görə isə faiz alıblar.

Belə ki, qruplaşma 2019-cu ilin noyabrından 2021-ci ilin sentyabrınadək ümumilikdə 92 740 581,65 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 157 658 988,81 manat məbləğdə valyutanın faktiki olaraq qeyri-qanuni şəkildə köçürmə – həvalə yolu ilə əvəzləşdirilməsini həyata keçirib. Bu işə görə həmin məbləğin 0,4 faizi olan 370 962 dollar, yəni 630 635 manat qazanc kimi götürülüb.

Ümumilikdə həmin dövrdə Bakı, Moskva, İstanbul, Kiyev və Tiflis şəhərlərində qeyd edilən dörd ölkə ərazisi üzrə ofislərdə 625 138 174,17 ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 1 062 734 896,09 manat məbləğdə pul vəsaitinin qanunsuz sahibkarlıq fəaliyyəti üzrə dövriyyəsi həyata keçirilib. Bunun qarşılığında isə ümumilikdə 2 756 105 manat gəlir əldə edilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Kamil Qənbərov elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, etdiyi əməli adi borc münasibəti və xidməti adlandırıb. Təqsirləndirilən şəxs bu müddət ərzində qazancının 70-80 min dollar olduğunu bildirib.

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesin yekununda hökm oxunub. Kamil Qənbərova altı il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası iki il altı ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

Gözdən qaçırmayın:  Nardaranda fəhlələr arasında dava ölümlə nəticələndi – Pul məsələsi

24 saat” “Bakıda Kamil, İstanbulda Nüsrət… – Bir milyard manatlıq cinayət” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button