SEÇMƏ

Bakıda tıxac: Problem necə həll edilməli?

Dəniz nəqliyyatından istifadə təklifi var

Son dönəmlərdə Bakı yollarında tıxacların artması insanların ən çox müzakirə etdiyi mövzudur. Kimi bunu pandemiya dövrü nəqliyyatsız qalan insanların avtomobil alması, kimi bəzi taksi şirkətlərinin ölkəyə yüzlərlə maşın gətirməsi, kimi də COVİD 19 dövründə işindən ixtisara düşən insanların taksi sürücülüyünə üz tutması ilə əlaqələndirir.

Bakıdan Sumqayıt, Günəşli və Əhmədliyə dəniz yolu ilə…

Bir də, “əvvəllər tıxacın bir zamanı var idi, indi yoxdur. İstənilən saatda, istənilən istiqamətdə tıxaca düşə bilərsən”, – deyirlər.

Tıxac probleminin həllinin müxtəlif yolları müzakirə edilir. Məsələn, deputat Elşən Musayev təklif edib ki, bu problemini aradan qaldırmaq üçün dənizdən istifadə edilə bilər. O, bu yöndə Türkiyə təcrübəsini misal çəkib.

Deyib ki, Xəzər dənizində bir neçə dayanacaq qurmaq lazımdır:

“Dəniz vasitəsilə Bakıdan Sumqayıta, eləcə də Günəşli, Əhmədli və digər nöqtələrə gediş-gəliş mümkün olsa, avtomobil yollarının yükü azalar”.

Bakı-Sumqayıt yolu. Foto: “gununsesi.info”

Azərbaycanda dəniz nəqliyyatı yaratmaq üçün şərait varmı?

İqtisadçı Natiq Cəfərli deyir ki, Azərbaycanda dəniz nəqliyyatının inkişafı üçün perspektivlər var, lakin müəyyən maneələr də mövcuddur. O, dalğalı Xəzər, “küləklər şəhəri” Bakını misal çəkərək bildirir ki, bunlar müəyyən qədər problem yarada bilər:

“Lakin heç vaxt Xəzərin potensialından nəqliyyat infrastrukturunda istifadə edilməyib”.

İqtisadçı bu işin dövlət tərəfindən hansısa addımların atılması ilə düzələcəyinə inanmır. Onun fikrincə, dövlətin hansısa bir formada bir işdə iştirakı daim digər problemlərə yol açıb. Odur ki, əgər belə bir iş görüləcəksə, bunun özəl sektor və təcrübəsi olan xarici şirkətlərlə birdə həyata keçirmək lazım olduğunu söyləyir:

“İstanbul təcrübəsi maraqlıdır, lakin bu şəhər boğaz ətrafında yerləşir, şəhər iki yerə bölünüb (Avropa və Asiya). Boğazlardan istifadə əsrlərə dayanan təcrübədir. Azərbaycanda nə belə bir təcrübə, nə də Bakını iki yerə bölən dəniz keçidi var. Lakin şəhərin bir başından digər başına dəniz avtobuslarından istifadə mümkündür. Məsələn, Şıxovdan, Bulvarın başlanğıcından Əhmədliyə, eyni zamanda Bakıdan Lənkərana, Sumqayıta dəniz avtobusları açıla bilər. Bu, həm də turizmin canlanmasına xidmət edər”.

“Dövlət hansısa görüntü xatirinə işlər görəcəksə…”

Natiq Cəfərli deyir ki, bu, düşünülmüş şəkildə özəl sektorda təcrübəsi olan, bəlkə də elə türk şirkətlərinin vasitəsilə həyata keçirilə bilər. Belə daha effektli olar:

“Dövlət burada hansısa görüntü xatirinə işlər görəcəksə, bunun effekti olmayacaq. Necə ki, nəqliyyatın intellektual idarəetmə sisteminə 110 milyon manat vəsait ayrıldı, amma bir müsbət nəticəsi olmadı. Həmin vəsaitin necə xərclənməsi ilə bağlı bugünədək hesabat verilməyib”.

“Bakının yükü azaldılmalıdır”

O ki qaldı ümumi tıxac probleminin olmasına, iqtisadçı düşünür ki, bunun fəlsəfi, qlobal həlli Bakının yükünün azaldılmasından keçir. Çünki Bakının infrastrukturu ilə əhalisinin sayı uyğun deyil:

“Şəhərin infrastrukturu təxminən 2 milyon insan üçün nəzərdə tutulub. İndiki halda Abşeron yarımadasında 4 milyon insan yaşayır. Bu, ümumi əhali sayının az qala yarısıdır. Bunun qlobal həlli Bakıdan dövlət, hökumət orqanlarının bəzilərinin köçürülməsi, universitetlərin kənara yerləşdirilməsi, işğaldan azad olunmuş şəhərlərə normal, məntiqə uyğun və hesablanmış köçürmə əməliyyatlarının həyata keçirilməsidir. Bütün bunlar çarə ola bilər, Bakının yükü azalar”.

Natiq Cəfərli
Foto: Meydan.TV

Böyük Şəhər Bələdiyyəsinin yaradılması və mer seçkiləri

Natiq Cəfərli düşünür ki, Bakının Böyük Şəhər Bələdiyyəsinin yaradılması və mer seçkiləri də problemin həllinə dəstək ola bilər. Nəqliyyat məsələlərinin hamısına merin cavabdeh olması, eyni zamanda, bütün nəqliyyat infrastrukturunun bir mərkəzdə yerləşdirilməsi lazımdır:

“Bu iş birmənalı olaraq bələdiyyələrin idarəetməsinə verilməlidir. Bakıda isə hazırda pərakəndəlik var. Müxtəlif nəqliyyat vasitələrini, müxtəlif qurumlar idarə edir. Metro ayrıdır, “Baku Bus” ayrıdır, Nəqliyyat Agentliyi ayrıdır. Bakı Şəhər İcra Hakimiyyətinin də Nəqliyyat Departamentinin də məsələyə müdaxilə haqqı var. Bütün bu pərakəndəlik ümumilikdə nəqliyyat sistemində mənfi nəticələrə gətirib çıxarır”.

Ölkədə nə qədər maşın var?

2022-ci ilin yanvarında açıqlanan məlumata görə, Azərbaycanda minik avtomobillərin sayı 1 milyon 349 minə çatıb. Ümumi avtomobillərin sayı isə 1.7 milyondur. Ötən il ölkəyə 84 min 765 minik avtomobili idxal olunub. Bu ilin ilk 9 ayında isə sahibkarlar Azərbaycana 45 min 519 avtomobil gətirib.

Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, avtomobillərin sayında son illər artım müşahidə olunsa da, Azərbaycan hər min nəfərə düşən avtomobillərin sayına görə dünyada heç də maşın sayının çoxluğu olan ölkələr sırasında yer almır:

“Azərbaycanda hər min nəfərə 170 maşın və ya 135 mink avtomobili düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-cidir. İnkişaf etmiş ölkələrdən adambaşına görə ən çox avtomobilə sahib olan dövlətlər Yeni Zenlandiya və ABŞ-dır. Hər min nəfərə həmin ölkələrdə uyğun olaraq 897 və 868 avtomobil düşür”.

Qonşu ölkələrdə necədir?

Azərbaycana qonşu və ya yaxın ölkələrdə, məsələn, Rusiyada hər min nəfərə 397 avtomobil düşür. Bununla ölkə 55-ci yerdədir. Bu say Gürcüstanda 378-dir və ölkə 61-ci yerdədir. Moldovada hər min nəfərə 363 avtomobil düşür və bununla da 63-cü yerdə qərarlaşıb. Belarus hər min nəfərə düşən 343 avtomobil ilə 70-ci, Qazaxıstan 207 avtomobil ilə 94-cü, Qırğızıstan 201 avtomobil ilə 97-ci, Özbəkistan 87 avtomobil ilə 130-cu yerdədir.

Gözdən qaçırmayın:  Səlim Müslümovla bağlı cinayət işi: Şöbə müdirləri Bakıya çağırılıb və külli miqdarda pul alınıb…

“Rəqəmlərin müqayisəsi də göstərir ki, Azərbaycanda hər min nəfərə düşən avtomobillərin sayı əksər region ölkələri ilə müqayisədə çox deyil”, – Vüqar Bayramov əlavə edir.

“Ən çox avtomobil Bakıda istifadə edilir”

Deputat bildirir ki, yenə də son dövrlər paytaxt yollarındakı tıxaclar Bakı sakinləri üçün ən ciddi problem olub. Onun sözlərinə görə son 20 ildə Bakının infrastrukturunda kəskin inkişaf nəzərə çarpır. Əgər infrastruktur genişlənməsəydi, o zaman daha kəskin tıxaclar müşahidə oluna bilərdi.

O, bu baxımdan, infrastrukturun inkişafını vacib sayır. Deyir, Bakı bu kontekstdən regionda seçilən şəhərlərdəndir:

“Tıxacların əsas səbəblərindən biri ölkədəki minik avtomobillərinin 70 faizindən çoxunun Bakıda istifadə olunmasıdır. Hər min nəfərə düşən avtomobillərin şəhərlər üzrə rəqəmləri göstərir ki, Bakı regionda ən çox avtomobilin istifadə olunduğu yaşayış məntəqələrindədir. Baxmayaraq ki, ölkə üzrə göstərici tamamilə fərqlidir. Bu baxımdan, tıxaclar əsasən, Bakıda müşahidə olunur. Hətta digər iri şəhərlərimizdə belə bu hələlik, ciddi çətinlik hesab olunmur”.

Vüqar Bayramov
Foto: Meydan TV

İqtisadçı düşünür ki, tıxaclar iqtisadi fəaliyyətə də neqativ təsir göstərir. Belə ki, tıxaclarda itirilən zaman həmçinin, əksər hallarda, iqtisadi dəyər yaratmayan vaxt intervalıdır:

“CNN kanalının hesablamarına görə, ABŞ-ın iri şəhərlərində hər sürücü il ərzində 97 saat tıxacda qalır. Tıxac ən çox Los-Angelsdədir: 129 saat. Dünyada ən pis göstərici isə Moskva şəhərinə aiddir: hər sürücü ilinin 250 saatını tıxacda keçirir”.

Tıxacın azaldılması üçün nələrin edilməsinə ehtiyac var?

qar Bayramov deyir ki, infrastrukturun genişləndirilməsi vacibdir və bu istiqamətdə işlərin davam etdirilməsi təqdirə layiqdir. Bununla yanaşı, heç bir ölkə sadəcə inkişaf etmiş infrastruktur ilə tıxac problemini həll edə bilməyib. Digər və xüsusən dolayı hesab olunan tədbirlərə ehtiyac var:

“Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Əksər Qərb ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər. Bu da xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir”.

İş vaxtının dəyişdirilməsi işə yarayarmı?

Deputat bildirir ki, Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır. Bu da tıxacı artıran səbəblərdəndir. Bu baxımdan, dövlət sektorunun özəl sahəyə nisbətən daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər:

“Hətta dövlət sahəsində sektoral yanaşmanın da tətbiq edilməsi mümkündür. Oxşar mexanizm özəl sektor üçün də tövsiyə oluna bilər”.

Təhsil müəssisələrinin kənarda yerləşdirilməsi

Vüqar Bayramov qeyd edir ki, digər çıxış yolu bir sıra təhsil müəssisələrinin növbəli şəkildə paytaxtdan kənara köçürülməsidir. İqtisadçı deyir ki, ABŞ-da aparıcı universitetlərin böyük əksəriyyəti kiçik şəhərlərdə yerləşir. Bu, iri şəhərlərdə tıxacın azaldılmasına xidmət etməklə yanaşı, kiçik yaşayış məntəqələrinin də inkişafını stimullaşdırır:

“İctimai nəqliyyatda xidmət keyfiyyətinin və tezliyin yüksəldilməsi Avropa ölkələrində tıxacın azaldılmasına xüsusi töhfə verib. Bakıda bu sahədə islahatların genişləndirilməsi və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması olduqca vacibdir. Bütövlükdə, tıxacın azaldılması üçün alternativ metodlardan daha çox istifadə edilməsi olduqca vacibdir. Bir sıra ölkələrdə hətta bu problemin həlli üçün ayrıca proqramlar hazırlanıb və işçi qrupları fəaliyyət göstərir. Bu baxımdan, bu sahədəki tədbirlərin əlaqələndirilməsi və ünvanlığın artırılması tıxaclara qarşı mübarizəni gücləndirə bilər”.

“Normal nəqliyyat siyasəti yeridilməlidir”

Nəqliyyat sahəsində paylaşımlar edən “Transport for Baku” səhifəsi isə hesab edir ki, Bakı şəhərinin heç bir unikallığı yoxdur. Tıxac probleminin aradan qaldırılması üçün sadəcə normal nəqliyyat siyasəti yeridilməlidir.
Səhifə adminləri düşünürlər ki, universitetlərin köçürülməsi qeyri-elmi cəfəngiyyatdan başqa bir şey deyil.
Daha bir nəqliyyatla bağlı paylaşımlar edən “İnsanyönümlü şəhərlər” səhifəsi isə problemin həllini ictimai nəqliyyat üçün xüsusi sarı zolaqların çəkilməsində görür.

Səhifə adminləri tez-tez paylaşımlarında qeyd edirlər ki, avtobus zolaqlarının olması çox vacibdir və tıxacların qarşısını almağa kömək edər:

“Əgər bu gün təcili tədbirlər görülməsə, sonradakı problemlər və fəsadlar daha da pis olacaq. Lakin biz bu məsələyə indiki yanaşma ilə baxmağı davam edəcəyiksə, nəticə müsbət olmayacaq. Məsələn, son 15 il ərzində paytaxtda tıxac problemini həll etmək üçün bir sıra addımlar atılıb. Onların heç birinin köməyi olmayıb, əksinə, şəhər daha da avtomobilləşib”.

Səhifə adminləri hesab edirlər ki, bu gün tıxac probleminin həll etmək üçün radikal islahatlar lazımdır:

“Sizcə, bu islahatların hansına bizim dövlət qurumları razılıq verməyə hazırdır? Məncə, hələ ki, heç birinə. Ona görə yaxın zamanda Bakıda tıxac probleminin həllini gözləməyin”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button