Now Reading:
Bakıda yol çökdü – FOTOLAR

AAYDA və Bakı Metropoliteni günahı bir-birinin üzərinə atır

Bakının Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. 24saat.org xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verolən məlumata görə, çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, ilkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir: “Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır. Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri barədə araşdırmadan sonra dəqiq məlumat veriləcək”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, baş vermiş çökmə metro tikintisi ilə bağlı deyil: “Bakı Metropoliteni” QSC-nin nümayəndələri çökmə yerinə keçirilən baxış prosesində iştirak edirlər: “Bununla yanaşı, operativ qaydada mümkün nəzəri ehtimalları da araşdırmaq məqsədilə “Bakı Metropoliteni” QSC-nin nümayəndələri bu ərazi istiqamətində tikinti meyadançasına və tunellərə təkrar baxış keçiriblər. Məlumat üçün bildirək ki, Cəlil Məmmədquluzadə küçəsində yerləşən və şərti adı “B-04” olan metro stansiyasını “B-03” stansiyası ilə birləşdirən tunellərin inşası 2016-cı ilin yanvar ayında başa çatdırılıb. Həmin ərazidə inşa olunan “B-04” stansiyasının inşaatında isə yalnız ilkin mərhələnin işləri aparılır və çökməyə səbəb ola bilməz. Metro stansiyasının tikintisi üçün inşaat meydançası ayrılaraq hasara alındığı, həmçinin hazırlıq işləri başlandığı dövrdə ərazidə səlahiyyətli qurumlar tərəfindən kommunikasiya xətləri və digər məsələlərlə bağlı müvafiq işlər də aparılıb. Bütun bunları nəzərə alaraq, çökmə metro inşaatı ilə əlaqələndirilə bilməz”.

Bunun ardınca, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli  bildirib ki, çökmə baş verən yol 7-8 il öncə Bakı Metropoliteni tərəfindən metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb: “Hazırda əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cəlb edilmiş ağır texnikalar qazıntı işləri apardıqdan sonra bəlli olacaq: “Çökmənin səbəbləri aradan qaldırılandan sonra yolun bərpasına başlanılacaq”.

Günel Məmmədova

 

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.