2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bakıdakı qan davasıyla bağlı məhkəmə başladı

Yayımlandı: 14 İyul 2022 14:37

Vəkil prosesin qapalı keçirilməsini istədi, vəsatət təmin olunmadı

Bakıda qisasçılıq zəminində baş vermiş qətl hadisəsilə bağlı məhkəmə araşdırmaları başlayıb. Söhbət Kikboksinq üzrə dünya çempionu Zaur Yusifovun qətlindən gedir.

Saytların yığılması Saytlarin yigilmasi

38 yaşlı Zaur Yusifovu odlu silahla öldürməkdə ittiham olunan 2000-ci il təvəllüdlü Samir Şirəliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İyulun 14-də hakim Əhməd Quliyevin sədrliyilə keçirilən hazırlıq iclasında Samir Şirəliyevin vəkili məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil vəsatətini Samir Şirəliyevin təhlükəsizliyinin təmin olunmasıyla əlaqələndirib.

Vəkilin daha bir vəsatəti isə müvəkkilinə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə verilən ittihamın həmin məcəllənin 120.1 maddəsinə tövsif edilməsi haqda olub. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində xüsusi amansızlıq, yaxud ümumi təhlükəli üsul olmayıb.

Məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət təmin olunmayıb. Hakimlər bildirib ki, qanunvericilikdə hansı hallarda məhkəmənin qapalı keçirilməsi məsələsi müəyyənləşdirilib. Məsələn, araşdırılan işdə kommersiya, ailə, dövlət sirri olduğu hallarda məhkəmə prosesi qapalı keçirilə bilər. Bu işdə isə həmin halların heç biri yoxdur.

Digər vəsatət isə baxılmamış saxlanılıb. Hakimlər bildirib ki, təqsirləndirilən şəxsin əməlində hansı maddənin tərkibi olması məhkəmə araşdırmalarından sonra məlum olacaq.

Samir Şirəliyevə Cinayət Məcəlləsinin 120.2.4 maddəsilə yanaşı, 228-ci (qanunsuz silah saxlama) maddəsilə də ittiham verilib.

Samir Şirəliyevin öldürməkdə ittiham olunduğu Zaur Yusifovun özü də bir müddət əvvəl qətl hadisəsinə görə həbs olunmuşdu. O, Samir Şirəliyevin xalası oğlu – kriminal aləmdə “Lotu Qulinin yaxın adamı” və “Emin 444” (avtomobilinin nömrəsinə görə) kimi tanınan Emin Səfərovu öldürməkdə ittiham olunaraq həbs edilmişdi. O, 2021-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq, azadlığa buraxılmışdı.

Zaur Yusifov məhkəmədə çıxışlarında bildirib ki, Emin Səfərovun qətlinə heç bir aidiyyəti yoxdur. Əksinə, o, Həsən Tağıyevlə Emin Səfərov arasındakı problemi yoluna qoymaq, onların münasibətlərindəki gərginliyi aradan qaldırmaq istəyib. Bunun üçün dəfələrlə çalışıb.

Həsən Tağıyev özü də deyib ki, Emin Səfərovu təkbaşına qətlə yetirib, bu işdə Zaur Yusifovun günahı olmayıb. Onun sözlərinə görə, qarşı tərəfin hərəkətlərindən bezdiyi üçün bu addımı atmağa məcbur olmuşdu.

Lakin Emin Səfərovun anası iddia edirdi ki, onlar yalan danışır, baş verənlərdə nəinki Zaur Yusifov, hətta onun ailə üzvlərinin də rolu olub.

Zaur Yusifov haqqındakı bəraət hökmündən narazı qalan prokurorluq da, zərərçəkmiş tərəf də apelyasiya şikayəti vermişdi. Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxıldığı vaxtda – 2022-ci ilin martında nəticəni gözləmədən Zaur Yusifov qətlə yetirildi.

Emin Səfərovun qohumları hələ Bakı Ağır Cinayətlər Məhkəməsində üzünü hakimlərə tutaraq demişdi:

“Əgər siz ədalətli qərar çıxarmasanız, ədaləti biz özümüzü bərpa edəcəyik…”

Zaur Yusifovun ölümündən sonra Bakı Apelyasiya Məhkəməsi onun haqqında bəraət hökmünü ləğv edib. Lakin öldüyünə görə barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqında bəraət hökmü çıxarmış hakimlər – İlham Mahmudov, Faiq Qəniyev və Səbuhi Hüseynov haqqında isə intizam icraatının başlanmasına qərar verilmişdi.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button