Aprelin 3-də Bakının mərkəzində gecə klubunda partlayış baş verib. Hadisə şahidləri AzadlıqRadiosuna ölən və yaralananların olduğunu deyiblər.
“Yaxınlıqda yaşayıram, partlayış səsindən bura gəldim. Hər yer dağınıq idi, xeyli maşına zərər dəymişdi. İçəri keçib yaralılara kömək etmək istədim, amma polislər qoymadı, xeyli insan xəsarət alıb, ölənlər də vardı”, – deyə hadisə baş verən əraziyə yaxın yerdə yaşayan paytaxt sakini bildirib.
Fövqəladə Hallar Nazirliyi gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyini, obyekt daxilində uçqun olduğunu qeyd edir.
“Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib. Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb”, –”Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev mediaya açıqlamasında bildirib.
Baş Prokurorluğun məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.