SEÇMƏ

Bakının Vardanyanla bağlı tələblər irəli sürdüyü iddia olunur

Ermənistan mediası yazır ki, tələblər yerinə yetiriləndən sonra Laçın dəhlizi açıla bilər

Azərbaycan Laçın dəhlizinin açılması üçün bir sıra tələblər irəli sürüb”.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Qəzetin yazdığına görə, bir gün əvvəl “Artsax parlamenti”ndə deputatlarla bağlı qapılar arxasında keçirilən görüşdə prezident Arayik Arutyunyan Azərbaycanın tələblərini onlara çatdırıb:

“Tələblərdən biri Ruben Vardanyanın tutduğu vəzifədən azad edilməsi, digəri isə “Kaşen” (“Dəmirli”) mədəninin fəaliyyətinin dayandırılmasıdır.

Rəsmi Bakı Laçın dəhlizində Rusiya sərhəd-keçid məntəqəsində rentgen skanerlərinin quraşdırılması və Azərbaycan nümayəndəsinin orada olmasını da tələb edib. Məqsəd Ermənistandan Qarabağa və əksinə yüklərin daşınmasına nəzarət etməkdir”.

Qəzet növbəti tələb kimi 44 günlük müharibə bitdikdən sonra Qarabağdan ağır texnikanın çıxarılmasını göstərib: “Arutunyan bildirib ki, əslində, Azərbaycanla heç bir danışıqlar aparılmır, bu tələblər dolayı yolla onlara təqdim olunub”.

Araik Harutunyan
Foto: “Reuters”

“Arutyunyan bu tələbləri rədd etdiklərini deyib. Çünki dəhlizin təmin olunduqdan sonra açılacağına və ya açıldıqdan 1-2 həftə sonra yenidən bağlanmayacağına dair heç bir zəmanət yoxdur. Ola bilsin ki, buna cavab olaraq Azərbaycan dünən bir neçə saatlıq qazın verilişini dayandırıb. Arutunyan onu da dedi ki, qarşıda çətin günlər var, vəziyyət dalana dirənib”, – məlumatda qeyd olunur.

Rəsmi Bakı qəzetin yazdığına hələ reaksiya verməyib.

Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan nümayəndəsi və Qarabağ erməniləri Rusiya sülhməramlıları kontingentinin komandanının iştirakı ilə görüşüb. Nazir görüşün yanvarında 16-17-də baş tutduğunu əlavə edib. O vurğulayıb ki, məsələ yaxın vaxtlarda həll olunacaq.

Azərbaycan tərəf bununla bağlı da heç bir açıqlama verməyib.

Ancaq Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziyalara müsahibəsində demişdi ki, Qarabağda Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq:

“Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq. Bu günlərdə baş verən hadisə, – o bir nəfərin oraya qaytarılması, özü də əlidolu qaytarılması, ona iki blok siqaret də verdilər, çünki siqaret xahiş etməyə gəlmişdi, – onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar. Əlbəttə, bu, bizim əlimizdə nədir ki? Heç nə”.

“Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar. Ona görə kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının lenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır” , – deyə Əliyev vurğulamışdı.

Gözdən qaçırmayın:  Aranın qar dərdi

Laçın dəhlizində nə baş verir?

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürdülər.

Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button