Loading...
Loading...
SEÇMƏ

“Baku Steel Company”dən 13 milyon hara gedib: geyim və restoranlara, yoxsa?

Rasim Məmmədov: “Şirkət üçün metal almaqdan ötrü Dövlət Əmlak Komitəsinə 10 milyon dollar pul vermişdik”

“Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun işində şahidlərin əsas hissəsi elə şirkətin öz əməkdaşlarıdır. Onların bir neçəsi sentyabrın 23-də məhkəmədə dindiriliblər.

Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə baxılır.

İxtisasca rus dili və ədəbiyyatı müəllimi olan şahid Zemfira Əliyeva deyir ki, 2008-ci ildən isə “Baku Steel Company”nin xəzinədarı işləyib. O, 2020-2021-ci illərdə şirkətin kassasından 13.2 milyon manat çatışmazlıq haqda ifadə verib.

“Maliyyə idarəsinin rəisi Çingiz Həsənov və şirkətin direktoru Süleyman Məmmədova kassada büyük məbləğdə çatışmazlıq olması haqda məlumat vermişdim. Deyirdilər ki, bu, sənin işin deyil. Məni işdən çıxarıla biləcəyimlə hədələyirdilər. Mən faktiki pul görməmişəm. Pul bankdan çıxıb harasa gedirdi. Dəqiq deyə bilmərəm, amma eşitmişdim ki, şirkətin rəhbərinə gedir. 2021-ci ildə özümü sığortalamaq üçün DTX-ya şikayət elədim. Məktubu DTX-nın şikayət qutusuna atdım…”.

Rasim Məmmədov ondan niyə məhz DTX-ya şikayət etməsinin səbəbini soruşub. O isə cavabında bildirib ki, güc strukturu kimi oranı tanıyırdı.

Rasim Məmmədov şahidin dediklərilə razılaşmayıb. O bildirib ki, sözügedən 13 milyon heç “Baku Steel Company”ə gəlib çıxmamışdı, “Azeri Steel Metal Construction”un kassasına getmişdi.

Bu iş üzrə əvvəlki məhkəmə iclaslarında da “Azeri Steel Metal Construction”ın kimə məxsus olması sualı ortaya çıxıb. Rasim Məmmədov konkret ad çəkmək istəməyib. Hətta vəkili Elçin Sadıqov həbsdə olduğu dövrdə bu sual ona ünvanlananda həmin suala belə cavab vermişdi: “Bu sualı burada bir nəfər də vermişdi, o vaxtdan gedəndi, gəlib bura çıxmadı…”.

“Zavodun yiyəsinin öz puludur, istəyər yeyər, istəyər xərcləyər”

18 ildir “Baku Steel Company”də çalışan, 2011-ci ildən baş mühasib olan Kamran Qəhrəmanov da məhkəmədə dindirilib. O bildirib ki, hesabdan çıxan pullar “Baku Steel Company”in kassasına daxil olmadan “Azeri Steel”ə gedib. Metal satışından sonra aparılan kassa əməliyyatları zamanı 13 milyon manat kəsir yaranıb.

Bu şahid də çatışmazlıqlarla bağlı maliyyə idarəsinin rəisi Çingiz Həsənova məlumat verdiyini, lakin hər dəfə eyni cavabı aldığını bildirib: “Deyirdi ki, zavodun yiyəsinin öz puludur, istəyər yeyər, istəyər xərcləyər”.

Kamran Qəhrəmanov deyir ki, 13 milyon manatın Rasim Məmmədova çatdığını görməyib. Amma o pul zavod üçün də xərclənməyib.

Rasim Məmmədov bu şahidin də ifadəsinə münasibət bildirərkən deyib ki, 13 milyon manat yeyinti olmayıb:

“Şirkət üçün metal almaqdan ötrü Dövlət Əmlak Komitəsinə 10 milyon dollar pul vermişdik. Komitə tabeliyində olan köhnə müəssisələrin metallarını satırdı. Lakin bizə 8 milyon 800 dollarlıq metal göndərdilər. Bu günə kimi də komitənin bizə 1 milyon 200 min dollar borcu var. 2.5 milyon manat da Bakı Poladtökmə zavodunun rəhbəri Loğman Zülfüqarlıya verilib. Keçən məhkəmə iclasında zərərçəkmişin vəkili də dedi ki, filan obyektin tikintisinə pul gedib. Bəli, tapşırıqla başqa yerlərə də gedən pullar olub. Bunların heç biri şəxsi xərcim olmayıb. Bir var ki, Rasim Məmmədov gedir, İtaliyada 50 min dollara kostyum tikdirir, “Ferrari” maşın alır, bunlar şəxsi xərclərdir. Bir də var, şirkətin xərcləri. Bu pullar şirkət üçün xərclənib”.

Gözdən qaçırmayın:  Siyasi şərhçi: “Faktiki söhbət Ermənistanın ərazilərinin bir hissəsinin Azərbaycan tərəfindən tutulmasından gedir”

Şahid Kamran Qəhrəmanov istintaqa ifadəsində deyib ki, yığılan pulların bir hissəsi Rasim Məmmədova, qalanı da Çingiz Həsənova çatırdı.

Onun istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında daha bir ziddiyyət isə Rasim Məmmədovun şəxsi xərclərilə bağlı olub. İstintaqa ifadəsində bildirib ki, Rasim Məmmədov 13 milyon manatı geyim və restorana xərcləyib. Məhkəmədə isə bu fikri təkzib edib.

“Pulları torbalarda daşıyırdım”

“Azeri Steel”də fəhlə işləyən Xəyal Əhmədov da məhkəmədə dindirilib. O, Rasim Məmmədova və şirkətin maliyyə direktoru Çingiz Həsənova göndərilən pulları daşıyıb: “Samir adlı bir nəfər var idi. Bir neçə dəfə mənə sənəd və pullar verib ki, Rasim Məmmədova və Çingiz Həsənova çatdırım. Mən də əmanətləri aparıb köməkçilərə təhvil vermişəm. Pulları torbalarda daşıyırdım. Amma nə qədər pul olub, onu bilmirəm”.

Rasim Məmmədovun işi üzrə məhkəmə prosesi sentyabrın 30-da davam edəcək.

Rasim Məmmədov ötən məhkəmə iclaslarından birində prokurorun suallarını cavablandırarkən bildirmişdi ki, rəsmi sənədlərdə bütün gəlir və xərclər olduğu kimi göstərilmirdi. Şirkətdə real durumu əks etdirən başqa bir qeyd dəftərçəsi də vardı. Orada pulların hara xərcləndiyi dəqiqliklə göstərilmişdi.

Prokuror ondan ikili mühasibatlığın səbəbini soruşanda belə cavab verib: “Bu sualı sistemə verin. Sistem belə idi. Guya indi başqa cür işləyir?”

Rasim Məmmədov ilk məhkəmə iclasında bildirmişdi ki, 2011-ci ildə Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə üçlükdə söhbət edib, razılığa gəliblər. Onun sözlərinə görə, zavoddan konkret maaş almayıb. Gəlir üçlük arasında bölünüb, o da öz payını götürüb.

1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button