2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Balaca ölkədə böyük ehtiras

Nərmin Kamal

Nərmin Kamal

Saytların yığılması Saytlarin yigilmasi

Sovet humanitar elmlərinin tanınmış siması, etnoqraf Lev Qumilyov öz dövründə də mübahisələrlə qarşılanmış bir nəzəriyyə irəli sürmüşdü.

Passionari etnogenez nəzəriyyəsi ilə o, xalqların inkişafında müəyyən bir tarixi qanunauyğunluq olduğunu deyirdi.

Etnosları bioloji-coğrafi sistemlər kimi izah edirdi. Deyirdi, elə insanlar var ki, onlar xarici aləmdən şəxsən özlərinin mövcudluğu üçün tələb olunandan daha artıq enerji yığır və bu enerji ilə onları əhatə edən aləmi məqsədyönlü şəkildə dəyişdirirlər.

Onlarda başqalarından daha yüksək passionari olur ki, bunu da onların yaradıcı davranışında görmək olar.

Bu şəxslər böyük tarixi miqyasda etnosların həyatını dəyişdirirlər. Onlar aktiv və riskli insanlardır, ölüm qorxusunu yenərək, qarşılarındakı məqsədə doğru can atırlar.

“Passionarili insanlar hazır həyat düzəninə qarşı çıxır, cəmiyyətlə münaqişəyə girirlər. Onlar qruplar halında birləşir, təkan əmələ gətirirlər, adətən bu təkandan 130-160 il sonra onların fikirləri cəmiyyətə dominantlıq edir.”

Cəmiyyətin enerjisini israf edən parazit tipli insanlar da olur. Passionarili insanlar isə cəmiyyəti öz yaradıcı enerjiləri ilə dəyişdirir, rasionallaşdırır, inkişaf etdirirlər.

Etnoslar passionarili insanların, bəşəriyyət isə passionarili etnosların sayəsində irəli gedir.

Lev Qumilyovun nəzəriyyəsi, Sovet ənənəvi elmləri çərçivəsindən çıxan bir sıra digər etnoqrafların əsərləri ilə yanaşı, vaxtilə Azərbaycanda da çoxlu oxuculara malik idi.

Əlil gənclərin yaradıcılıq ehtirası

Burada qısaca danışdıq, amma başqa tərəfləri də var Lev Qumilyovun nəzəriyyəsinin.

Mən gözümü açandan Azərbaycanda iki əhval-ruhiyyə müşahidə etdim ki, onlar bir-birinin ardınca gəldi.

1980-ci illərin sonları, 90-cı illərin əvvəllərindəki əhval-ruhiyyəyə görə, Azərbaycan xalqının mədəniyyəti, irsi misilsizdir, dünya üçün əhəmiyyətlidir, hətta kosmosa göndərilən əsərlərdən çoxu bizim ədiblərimizin və bəstəkarlarımızın əsərləridir.

1990-cı illərin ikinci yarısı, 2000-ci illərin əvvəllərinin əhval-ruhiyyəsi isə bunun tam əksini deyirdi.

Həmin vaxt Azərbaycanın mədəni çevrələrində belə bir dərd güclü müşahidə olunurdu: mədəniyyətimiz, ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, habelə, milli mətbəximiz, futbolumuz və sairimiz dünyaya çıxa bilmir, amma çıxmalıdır, necə edək ki, çıxsın.

Hətta bu dərd özüylə öz təsəllisini də yetişdirmişdi: “Axı niyə biz istəyirik ki, dünya səviyyəli ədəbiyyat da, musiqiçilər də, rəssamlar da, futbol da, hamısı elə bu balaca ölkədən çıxsın?!”

Deyə bilərsiniz ki, kiçik xalqların özünüqoruma, özünüyaşatma instinkti doğurur bu dərdi.

Lev Qumilyovun rakursundan baxsaq, bizim etnosun belə böyük iddialarla yaşaması heç də pis bir şey deyil, əksinə, çox yaxşıdır.

Bizim etnos zaman-zaman yüksək passionarili şəxslər yetişdirir. O şəxslərin bəzilərinin heykəllərini siz Bakını gəzərkən görə bilərsiniz.

Lev Qumilyova görə, biz yetişmə fazasındayıq. Xüsusən mədəniyyət sahəsində mən onun təsvir etdiyi passionarili şəxsiyyətləri görə bilirəm.

Passionarili şəxsiyyətləri yeni nəsildə, gənclər arasında elə bugünlərdə də gördüm. Bu həftə Əsa Teatrının aktyoru Orxan Adıgözəlin dəvətiylə Şekspirin “Yay gecəsində yuxu” pyesi əsasında “Yuxum” tamaşasının premyerasına getdim.

Romanın, hekayənin, filmin, tamaşanın qısa süjetini nəql etməzlər deyiblər, onları zəhmət çəkib oxuyarlar, baxarlar. Məzmunuyla bir sıra güclü mesajlar verdi Əsa Teatrının bu tamaşası.

Heç bir peşəkar sənət təhsili olmayan gənclər, onların çoxu fiziki məhdudiyyətlidir, bu tamaşanı hünərlə ifa etdilər və düzgün qurulmuş təşkilatçılıq sayəsində 400-ə yaxın tamaşaçı topladılar ki, bu da Azərbaycan teatrlarının bugünkü boş zallarıyla müqayisədə böyük bir mədəniyyət hadisəsi idi.

Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, ikinci rejissoru isə teatrın bədii rəhbəri Nihad Qulamzadə idi.

Ətrafımızda çoxları Azərbaycandan qaçmaq yolları axtarışında, çoxları pul qazanmaq və nə isə bir şey satın almaq yarışında, çoxları depressiyada ikən, Bakının ortasında bir qrup əlil gənc birləşərək, sənət yaradır, tamaşa göstərir, alqışlanır və gül buketləri alırlar.

Əgər Lev Qumilyovun dediyi passionari deyilsə, bəs bu gənclər haradan, hansı səmtdən, hansı yandan alırlar bu böyük yaradıcılıq ehtirasını.

bbcazeri.com

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button