2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Balaca ölkənin böyük dərdləri

 

Saytların yığılması Saytlarin yigilmasi

İntiharların  və qətllərin əhatəsindəki  “sabitlik”

Tez-tez dünyanın müxtəlif yerlərində baş verən  faciəli hadisələrdən, qətllərdən, təbii fəlakətlərdən xəbər tuturuq. Xüsusən də, yerli telekanallarımız belə xəbərlərə həssas olur. Məsələn, AzTv xarici xəbərləri  “şərhsiz”  şərh edir. Xalqı inandırmaq istəyirlər ki, dünya dağılır,  Avropa qan içindədir, ABŞ-da  ağlar qaraların kökünü kəsməklə məşğuldur və.s  Məqsəd budur ki, haqqı oğurlanmış, taleyi qaradılmış vətəndaş bugününə şükr eləsin, “əsas odur ki, sabitlik var”  qənaətinə gəlsin.

Amma yazımızın məqsədi AzTv-nin “töhfə”lərini analiz etmək deyil.  Həqiqətən də dünyanın istənilən yerində xoşagəlməz hadisələr olur və bundan sonra da olacaq.  Amma diqqət çəkəcəyimiz bir məqam var. Məsələn, ABŞ 51 ştatdan ibarət bir dövlətdir, qitədir. ABŞ-da 300 milyondan artıq insan yaşayır.  Yaxud, dünyada ən böyük ərazisi olan ölkə Rusiyadır, ölkənin 150 milyondan artıq əhalisi var.  Belə nümunələr çoxdur. Demək istəyirik ki, Azərbaycan  bu nəhəng ölkələrin bir şəhəri boydadır. Məsələn, təkcə İstanbulun  Azərbaycan əhalisindən çox sakini var.  Yəni, böyük dövlətlərin böyük dərdinin olmasını zəruri edən səbəblər var.  Müxtəlif xalqların nümayəndələrinin yaşadığı böyük şəhərlərdə kriminal hadisələrin baş verməsi,  xoşagəlməz halların yaşanması təəccüblü deyil.  Amma Azərbaycan kimi balaca bir ölkənin “cəhənnəm zonası”na çevrilməsi dəhşətdir.  Hər gün intihar və qətl xəbərləri ölkə gündəmini zəbt edir. “ Ata oğlunu baltaladı”, “ər arvadını doğradı”, “Nəvə babasını bıçaqladı”, “qardaş bacısını öldürdü” tipli xəbərlər  adamın gözünə girir. O biri tərəfdən də  “17 yaşlı oğlan intihar  etdi”, “məktəbli qız özünü asdı”, “Yaşlı kişi damarlarını kəsdi”, “müəllim məktəbdə intihar etdi” xəbərləri  hücuma keçib.  Yol qəzalarıyla , uşaq ölümləriylə , xəstəliklərlə bağlı  statistika ümumiyyətlə faciəlidir.

Niyə, balaca bir ölkənin bu qədər böyük dərdləri var?  Əgər ABŞ-da, Avropanın hansısa ölkəsində il ərzində Azərbaycandakı qədər yol qəzaları baş versə, hökumət həyəcan təbili çalar.  Hansıki, yuxarıda qeyd etdiyimiz kimi müqayisədə bizdəki rəqəmlər  dünya nəhəngləri üçün adi statistika olmalıdır.

Amma büdcəsi, təhsili, səhiyyəsi, iqtisadiyyatı  balaca olan ölkənin dərdləri  dünyanın istənilən ölkəsiylə müqayisədə böyükdür. Biz  intihar, yol qəzaları,  qətllər  sahəsində liderik. Bizim inkişaf göstəricilərimiz neqativlər üzərində qərarlaşıb.

ABŞ-da hansısa ağdərilinin qaradərilini qətlə yetirməsini sensasiya kimi təqdim edənlər, ölkədə atanın balanı, bacının qardaşı  baltalamasına “sabitlik” adı veriblər.

Bir sözlə, balaca ölkənin faciələri böyüməkdədir.  Bu ölkədə yaxşı xəbərlər  “qırmızı kitab”a düşüb. Yaxşı xəbərlərin kökü kəsilməkdədir.  Balaca ölkədə adamlar bir-birinə qənim kəsilib,  balaca ölkədə insanlar ölüm arzulayır, balaca ölkədə minlərlə adam yol qəzalarında həyatını itirir. Böyüyən faciələri balacalaşdırmaq istəyən yoxdur. Əksinə, böyük faciələri gizlədib, böyük uğurlardan dəm vururlar.  Balaca ölkənin dərdləri o qədər böyüyüb ki, böyük ölkələr  təəccüb edirlər.  Qətllərin və intiharların əhatəsindəki “sabitlik” dünyanı “heyran” qoyub.

İlham

 

 

 

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button