SEÇMƏ

Balıqçılar: “Kürün qabağını bağlasalar, acından öləcəyik”

Yayımlandı: 7 Dekabr 2022 20:26

Ömür boyu həyatlarını balıqçılıqdan qazanan Neftçala camaatı yeganə gəlir yerlərini də itirə bilərlər. 

“Gördüyünüz bu daşları gətirib bura töküblər. O istiqaməti görürsünüz? Ora qədər…”

Əhali Xəzər dənizi ilə Kür çayının qovuşduğu hissədə çəkilməkdə olan bənddən narazıdır. Bu sədd təkcə suya yox, onların dolanışığının da qarşısına çəkilir.

“Biz onlardan nə övladlarımız üçün uşaqpulu tələb etmişik, nə sosial. Heç bir şey tələb etməmişik, istəmirik də. Sadəcə olaraq bizim  bu Kür çayımıza dəyməsinlər. Heç olmasa, yaşamaq üçün səbəb tapaq”.

Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Burcəli Ağayev Mayak kənd sakinləri ilə görüş keçirib. Görüşdən çıxan sakinlər məmnun görünmürlər.

“Neftçala rayonundan icra nümayəndəsi gəlib, bizi başa salır. Lövhədə bizə Kürün ağzının şəklini göstərir. Biz o şəkli ta uşaqlığımızdan görmüşük. Qocalar da, biz də. Biz onlardan daha yaxşı bilirik. O, özü öyrənməlidir. Kitab dili ilə gəlib bizimlə danışır. Sonra da deyir ki, bu prezidentin qoyduğu qanundur. Biz də bu çağa qədər televizorda görməmişik prezident desin ki, Kürün ağzı bağlanmalıdır”.

“Biz necə dolanacağıq? Nə aparacağıq evə? Mən 3 uşaq saxlayıram. 12 kilometrlik kənddir. Bir obyekt yoxdur ki, 10 cavan ailə işləsin. Yoxdur. İşimiz, çörəyimiz oradandır, ora da qoymurlar. Bağlasalar, nə edəcəyik? Qaldıq, acından öldük”.

Kür çayı təkcə Neftçala sakinlərinin qazanc yeri deyil. Kənd camaatı danışır ki, indiki vəziyyətə həm də Fövqəladə Hallar Nazirliyinin apardığı qazıntılar gətirib çıxarıb.

“Kürün deltasında “yeyinti” etmək çox rahat idi. Onlar deltadan çıxarılan qumun kubunu 3 manat 60 qəpikdən qeydiyyatdan keçirib, satırlar. Bu, çox asan qazanc yeri idi. Orada qazıntı apardılar. İndi isə dövlət büdcəsindən bir də pul ayırırlar, qazılan yeri gəlib doldururlar. Bu, cinayətdir! Bu cinayətə bu gün susula bilər, amma bunun sonuna gəlib çatacaqlar”. 

Ekoloq Telman Zeynalov deyir ki, Kürün şoranlaşmasının qarşısını almaq üçün bənd çəkilməsindən başqa yol yoxdur. Yalnız quraqlıq dövrü bitdikdən sonra  Kürdə su səviyyəsi qalxa bilər və bəndə ehtiyac qalmaz.

“Bir ilə yaxındır ki, Xəzərin suyu Kürə daxil olur. Bu bir il ərzində 100 min hektarlarla ərazi şoranlaşıb. İndi dövlət orqanları bunu fikirləşməlidir, milyardlarla pul buraxmalıdır. Camaat da onu fikirləşməlidir. Özləri də başlayacaq gileylənməyə ki, mənim torpağım şorandır, ağaclarım yanır, quruyur. Bəs nə olmalıdır? Vaxtında tədbir görülməyib. İcazə verilib ki, oradan torpaqlar daşınsın yol, ev tikməyə. Belə də olacaq da”.

Gözdən qaçırmayın:  BBC İranda öldürülən 75 şəxsin kimliyini müəyyənləşdirib

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən mediaya bildirilib ki, , onların Kürdə, Mayak kəndi ərazisində aparılan işlərə aidiyyatı yoxdur.

Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Burcəli Ağayev bildirib ki, sözügedən hissədə bənd yox, Xəzərin Kürə tökülməsinin qarşsını almaq üçün suaşıran tikilir. Həmçinin balıqçıların Kür çayına daxil olması üçün yer də saxlanılıb.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button