2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

“Bandotdel” daha bir ailədən qisas alır

Avropa Oyunları öncəsi baş vermiş 3 milyon 400 minlik cinayətin turnirə görə inşa olunmuş stadionla nə əlaqəsi var?

Bir xeyli vaxt idi ki, özünü MTN əməkdaşı kimi təqdim edib Tofiq Zülfüqarov adlı paytaxt sakininin 3 milyon 400 min dollarını almaqda təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi gedirdi. Onlar Xəzər rayonu, Qala qəsəbəsində Zülfüqarovun maşınının qarşısını kəsib, onu Xətai rayonu ərazisindəki mənzilinə gətiriblər. Mənzildəki seyfdə saxladığı pulu götürüblər. Zülfüqarova bildiriblər ki, həmin pulun mənbəyi ilə bağlı MTN-ə məlumat daxil olub və bu səbəbdən araşdırma aparılmalıdır. Ona görə də vəsait müsadirə olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Zülfüqarova deyilib ki, onun özü isə həbs olunmaq istəmirsə, gizlənməlidir. Onu metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən obyektlərin birində 3 gün saxladıqdan sonra guya istintaqdan yayındırmaq məqsədilə Moskvaya yola salıblar. Seyfdən götürdükləri pulu isə aralarında bölüblər. Sonradan işin üstü açılıb və həbs olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, bu işi görən dəstə üzvlərindən Loğman Abdullayev və Nurlan Bayramovun hər biri 18 il, Pərviz Rzayev və Emin Qasımovun hər biri 16 il azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Ruslan Hacıyevə 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib. Fərhad Tağıyevə isə 3 min manat cərimə təyin edilib. Gəray Abdulov da 2 min manat cərimə olunub. Tural Babazadəyə isə 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.

Sonradan Bakı Apellyasiya Məhkəməsi bu hökmü dəyişib və cəzalar azaldılıb. 18 il azadlıqdan məhrum edilmiş Loğman Abdullayev və Nurlan Bayramovun cəzası 15 ilə endirilib. 16 il azadlıqdan məhrum edilən Emin Qasımov və Pərviz Rzayevin cəzası isə 14 il 6 aya endirilib.

Şərti və cərimə cəzaları ilə bağlı hissədə isə hökm dəyişdirilmədən saxlanılıb.

Ata oğula cavabdehdimi?

Baxmayaraq ki, pulun da böyük hissəsi qaytarılıb, cinayəti törədənlər ağır cəzalandırılıb, amma bununla kifayətlənmək istəmirlər. Hökm oxunandan da bir xeyli sonra – bu il martın 1-də təqsirləndirilən şəxslərdən Loğman Abdullayevin atası Çingiz Abdullayev də həbs olunub. Özü də Azərbaycanda yox, Qazaxıstanda. Üç ay orada təcridxanada saxlanıldıqdan sonra Azərbaycana ekstradisiya olunub. Azərbaycana gətirildikdən sonra iyunun 20-də Nərimanov rayon məhkəməsinin qərarı ilə Çingiz Abdullayevin haqqında həbs-qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

Çingiz Abdullayevə qarşı dələduzluq, qanunsuz azadlıqdan məhrum etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə kimi ittihamlar irəli sürülüb.

Vəkili Fariz Namazlı deyir ki, Çingiz Abdullayevin təqsiri yoxdur, o yalnız bir səbəbdən – Loğman Abdullayevin atası olduğuna görə həbs olunub. Üstəlik, onun özü ilə kifayətlənməyib, hələ qızlarını da həbs etməklə hədələyirlər: “İstintaq orqanı Çingiz Abdullayevi mütəşəkkil dəstənin üzvü kimi təqdim edib. Halbuki, hadisələr baş verəndə, yəni Tofiq Zülfüqarovun pulu alınanda Çingiz Abdullayev Azərbaycanda olmayıb. Onun bu hadisədən, oğlu Loğman Abdullayevin niyyətlərindən xəbəri olmayıb. Belə olan halda, Çingiz Abdullayevin mütəşəkkil dəstənin tərkibinə daxil olması haqda istintaq orqanının arqumentləri əsassızdır.

Çingiz Abdullayevin hər hansı mütəşəkkil dəstəyə aidiyyəti yoxdur, kiminsə pulu ələ keçirməsindən xəbəri olmayıb. O, uzuzn illərdir Qazaxıstanda yaşayır,  hadisələr baş verəndə də orada olub. O, sadəcə Loğmanın atası olduğuna görə həbs edilib. İstintaq orqanı sadəcə, bu ailədən qisas almaq məqsədi ilə Çingiz Abdullayevi də həbs edib və bu, azmış kimi, onun qızlarını da həbs etdirməklə hədələyir”.

3 milyon 400 min dollar hardandır?

Vəkil deyir ki, Çingiz Abdullayev bir çox xəstəliklərdən əziyyət çəkir. O, 2013-cü ildə ürəyindən açıq əməliyyat olunub, qaraciyətində ciddi problemlər var, Hepatit xəstəliyindən əziyyət çəkir. Hazırda da o, Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında sanitar hissədə saxlanılır.

“Bu hadisə ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin qərarı var. Həmin qərarda təqsirləndirilən şəxslərin cəzası azaldılmaqla yanaşı, həm də zərərçəkmişin mülki iddiası qismən təmin edilib. 1 milyon 332 min 400 dollarlıq mülki iddia cinayət baş verdiyi dövrdəki məzənnəyə uyğun hesablanmaqla, bu məbləğin 1 milyon 61 min 197 manat 68 qəpiyi Loğman Abdullayevdən, 157 min 230 manat ı Nurlan Bayramovdan, 178 min 194 manat ı Pərviz Rzayevdən tutulmaqla, zərərçəkmişə ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin qərarından da görünür ki, mülki iddia adları qeyd edilən təqsirləndirilən şəxslərə münasibətdə təmin edilib, pulun məhz həmin şəxslərdən tutulması qərara alınıb. Həmin mülki iddianın hüquqlarını müdafiə etdiyim Çingiz Abdullayevə aidiyyəti yoxdur. Amma istintaq orqanı Çingiz Abdullayevə də digər təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamları verib”, – deyə vəkil bildirib.

Qeyd edək ki, bu cinayət işi üzrə istintaqı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“bandotdel”) aparır.

Hələ Loğman Abdullayev və digərləri həbs olunduğu ilk vaxtlarda bu məsələ ilə bağlı yayılan məlumatlarda bildirilirdi ki, onlara BMCMİ-də dəhşətli işgəncələr verilib – dəyənəklə döyülməkdən tutmuş, cinsiyyət orqanına cərəyan verilməsinə qədər. Qanuna görə, təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçiləndən dərhal sonra istintaq təcridxanasına köçürülməlidir. Bu işdə təqsirləndirilənlər isə tutulduqdan sonra təxminən 80 günə qədər “bandotdel”də saxlanılıblar. Hətta onların bu idarədə saxlanmasının qanunsuz olması haqda məhkəmə qərarı da var.

Məlumatda o da qeyd olunurdu ki, cinayəti törədənlərə qarşı bu dərəcədə amansızlıq səbəbsiz deyil. Əsas səbəb isə aparılan pulun mənbəyi ilə bağlıdır. Məlumata görə, pulun əsl sahibi yüksək vəzifəli şəxslərdən biridir. Həmin vəsaitin də 2015-ci ilin yayında Bakıda keçirilən Avropa Oyunlarına görə inşa olunmuş “Olimpiya” stadionunun tikintisindən əldə olunduğu bildirilir. Elə hadisə də Avropa Oyunları öncəsi baş verib.

Tofiq Zülfüqarov özü də pulun mənbəyi ilə bağlı məsələyə aydınlıq gətirməyib.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button