2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Banka kredit borcunu ödəyə bilmədi, borc axtardı, narkotiklə tutuldu –MƏHKƏMƏ

Məhərrəm İbayev: “Şöhrət gömrük əməkdaşları ilə danışaraq məni tutdurmaq üçün həmin yerə gətirib”

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Məhərrəm İbayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Məhərrəm İbayev satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmək barədə İran İslam Respublikasında yaşayan, istintaqla müəyyən edilməmiş şəxslə cinayət əlaqəsinə girib.
Cinayətkar qrup üzvləri Yardımlı rayonu ərazisində Azərbaycan Respublikasının sərhədindən üzərində “Mahtab” yazısı olan düyü kisəsinin içərisinə yerləşdirilən 8 ədəd bağlamada cəmi 9800,0 qram narkotik vasitə olan həşiş qətranını gətirilib.
O, həmin narkotik vasitəni götürüb və satmaq üçün 2014-cü ilin aprel ayının 24-də digər bir şəxslə Bakı-Astara magistral yolunun Lənkəran şəhərinə giriş qapısının yaxınlığındakı “Samovar”ın yanı adlanan əraziyə daşıyıb. O, həmin gün, saat 03 radələrində Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Məhərrəm İbayev Cinayət Məcəlləsinin 32.5, 206.3.2 (iştirakçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

“100 manat borc pul istədim”

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmədə ifadə verən Məhərrəm İbayev bildirib ki, Lənkəran şəhərində fəaliyyət göstərən “Finca” bankdan istehlak krediti götürüb: “Krediti vaxtında ödəyə bilmədiyimdən 23 aprel 2014-cü il tarixdə həmkəndlim Şöhrət Rəhmanovdan 100 manat borc pul istədim. Şöhrət Rəhmanov pulu olmadığını, yalnız axşam düzəldərək verə biləcəyinə söz verdi. Aprelin 23-dən 24-nə keçən gecə təxminən saat 00.15 radələrində Şöhrət Rəhmanov mənə zəng vurdu və məni yaşadığım evin qarşısında gözlədiyini bildidi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Şöhrət Rəhmanovun söz verdiyi pulu gətirdiyini düşünərək yaşadığı evin qarşısına çıxıb: “Şöhrət “Vaz-2107” markalı avtomobili ilə yaşadığım evin qarşısına gəlmişdi. O bir nəfər dostundan pul alaraq mənə verəcəyini bildirdi. Şöhrətin avtomobilinə əyləşdim və birlikdə Liman qəsəbəsinə getdik. Orada Şöhrət avtomobili yolun kənarında saxladı və təxminən 5-10 dəqiqə kimisə gözlədi”.

“Əlində düyü kisəsi ilə çıxdı”

Məhərrəm İbayev qeyd edib ki, Şöhrət Rəhmanov gözlədiyi şəxsin gəlmədiyini görüb və birlikdə kəndə qayıdıblar: “Şöhrət başqa tanışlarından pul alaraq mənə verəcəyini bildirdi. Kəndə qayıtdıqda Şöhrət Rəhmanov avtomobilini yaşadığı evin həyətində saxladi və evdən bir ədəd üzərində “Mahtab” yazısı olan düyü kisəsini götürərək mənimlə birlikdə gəzə-gəzə yolun kənarına çıxdıq. Söhbət zamanı Şöhrət həmin kisədə maşın hissələri olduğunu, maşın hissələrini bir nəfər tanışına çatdıracağını, həmin tanışından pul alaraq mənə verəcəyini bildirdi. O, əlindəki kisəni yolun kənarında olan dəmir lyukun altına qoyaraq gözlədiyi şəxslərlə əlaqə saxladı”.

“Gömrük əməkdaşları narkotikə baxdılar”

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 5-10 dəqiqədən sonra şəxsiyyətləri ona sonradan məlum olan 2 nəfər gömrük əməkdaşı gəlib və avtomobili yolun əks tərəfində saxlayıblar: “Əvvəlcə Şöhrət, sonra isə mən yolun əks tərəfinə keçdik. Orada gömrük əməkdaşları ilə görüşdük. Söhbət zamanı Şöhrət pulu verin, malı verək deyən zaman kisənin içərisində narkotik vasitənin olduğunu bilmişəm. Gömrük əməkdaşları narkotikə baxdıqdan sonra pulu verəcəklərini bildirdilər. Sonra biz geri qayıtdıq. Şöhrət dəmir lyukun altından gətirdiyi kisəni çıxardı. Orada Şöhrətə selofanı kəsmək üçün bıçaq lazım olduğundan üzərində olan cib bıçağını ona verdim”.

“Şöhrət oradan qaçdı”

Məhərrəm İbayev bildirib ki, gömrük əməkdaşları həmin bıçaqla selofan bağlamaları açaraq narkotik vasitəyə baxıblar: “Sonra Şöhrətin xahişi ilə içərisində narkotik vasitə olan kisəni yoldan bir qədər kənara qoydum. Gömrük əməkdaşları bizdən içərisində narkotik olan kisəni avtomobilə gətirmələrini xahiş etdi. Şöhrət onlara dedir ki, avtomobili gətirin, narkotiki içərisinə qoyaq və pulunu verin. Sonra Rüfət Cavadov adlı gömrük əməkdaşı avtomobilə tərəf getdi, onunla gələn Ramil Seyidzadə isə bizimlə birlikdə qaldı. Rüfət Cavadov avtomobillə bizə tərəf gələrkən onun dalınca 2-ci avtomobilin də gəldiyini görən kimi Şöhrət qaçdı. Mən də qaçmaq istəyərkən Ramil Seyidzadə məni yaxaladı. Onlar məni Astara Gömrük idarəsinin Lənkəran Gömrük Postuna gətirdilər. Orada dəvət edilmiş hal şahidələrinin iştirakı ilə üzərində “Mahtab” yazısı olan düyü kisəsinə baxış keçirdilər. Baxış zamanı 8 ədəd selofan bağlamanın içərisindən narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürüldü. Aşkar edilərək götürülmüş narkotik vasitələr ayrı-ayrılıqda tərəzidə çəkildi və qablaşdırılması ilə birlikdə çəkisi 10 kiloqram 35 qram oldu. Gömrük əməkdaşı məni saxlayarkən narkotik vasitə qucağımda olmayıb”.

“Özümü günahkar sayıram”

Məhərrəm İbayevin sözlərinə görə, İran İslam Respublikasına heç vaxt getməyib: “İrandan heç kəsi tanımıram və onlarla heç vaxt telefon əlaqəm olmayıb. Narkotik vasitənin Şöhrət Rəhmanov tərəfindən haradan əldə olunması və satışı barədə qabaqcadan məlumatım olmayıb. Yalnız gömrük əməkdaşı ilə Şöhrət danışarkən kisədə narkotik olduğunu bilmişəm. Narkotik vasitələrdən heç vaxt istifadə etməmişəm və satışı ilə məşğul olmamışam. Şöhrətə inanaraq ondan borc pul almaq məqsədilə hadisə yerinə gəlmişəm və tutulmuşam. Hesab edirəm ki, Şöhrət Rəhmanov gömrük əməkdaşları ilə danışaraq məni tutdurmaq üçün həmin yerə gətirib. İnanaraq Şöhrətlə narkotik vasitə saxlanılan kisə ilə hadisə yerinə gəldiyim üçün özümü günahkar sayıram”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhərrəm İbayev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Məhərrəm İbayev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

“Heç bir günahım yoxdur”

Məhərrəm İbayev apelyasiya şikayətində qeyd edib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qanunsuz və ədalətsizdir: “Tutulduqdan sonra bilmişəm ki, Şöhrət Rəhimov məni əvvəlcədən hazırladığı plan əsasında həbs etdirmək məqsədilə Lənkərana gətirib və gömrük işçiləri tərəfindən həbs olunmağıma nail olum. Özü isə qaçaraq aradan çıxıb. Tutulduqdan sonra gömrük işçiləri kisənin ağzını açarkən içində Şöhrətin dediyi kimi avtomobil ehtiyat hissələri yox, narkotik vasitə olduğunu bilmişəm. Narkotik vasitənin Şöhrət Rəhimov tərəfindən haradan əldə olunması və satışı barədə onun qabaqcadan məlumatım olmayıb”.
O, qeyd edib ki, Şöhrət Rəhimov gömrük əməkdaşları ilə əvvəlcədən danışaraq onu tutdurmaq məqsədilə həmin yerə gətirib: “Mənim bu cinayətdə heç bir günahı yoxdur. Özümü təqsirləndirildiyi maddələrlə təqsirli hesab etmirəm. Mənə verilmiş cəza ilə də razılaşmıram. Əməlimdə təqsirli bilindiyim maddələrin heç birinin tərkibi olmadığı üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsininnun çıxardığı hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyirəm”.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Məhərrəm İbayevin apelyasiya şikayəti təmin edilməyib.

Aydın Məmmədov

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button