Now Reading:
BAŞ PROKURORUN VƏ ONUN MÜAVİNLƏRİNİN HƏRƏKƏTLƏRİNİN BİR ADI VAR – CİNAYƏT

BAŞ PROKURORUN VƏ ONUN MÜAVİNLƏRİNİN HƏRƏKƏTLƏRİNİN BİR ADI VAR – CİNAYƏT

Sadəcə barələrində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadığı üçün bunu deyə bilmirsən”. 

Prokurorluğun üfunətdən təmizlənməsinin, ordakı ab-havanın dəyişdirilməsinin vaxtı çoxdan çatıb”. 

Tanınmış vəkil Adil İsmayılov facebook profilindən eyni silahların vasitəsiylə şərlənən 3 fərqli şəxsin cinayət işinindən yazıb.

24saat.org həmin araşdırmanı təqdim edir:

Mərhum Prezident Heydər Əliyevin 2000-ci ilin aprelində prokurorluqla bağlı dedikləri yəqin ki, prokurorluğun indiki rəhbərliyinin yadında olar. O vaxt Prezident baş prokuroru və onun iki müavinini vəzifələrindən azad etdi. Əminəm ki, hüquq-mühafizə sistemində həqiqətən islahat istəyirsə, bu gün eyni addımı Prezident İlham Əliyev də atmalıdır. Prokurorluğun üfunətdən təmizlənməsinin, ordakı ab-havanın dəyişdirilməsinin vaxtı çoxdan çatıb. 

Hacı Məmmədovun işi ilə bağlı “Təşkilatin nüfuzu rəhbərinin nüfuzundan çox asılıdır” başlıqlı yazıda 2005-ci ilin mart ayının 25-də bu iş üzrə istintaqın Baş prokurorun qərarı ilə MTN-in istintaq idarəsinə həvalə edilməsindən yazmışdım. Qeyd etmişdim ki, bu prokurorluğun nüfuzuna ağır zərbə idi, baş prokuror qanunları ayaq altına atdı, sonrakı dövrlərdə isə tapdamağa başladı. Cinayət Prosessual Məcəllədə istintaq aidiyyəti deyilən anlayış ona görə var ki, Azərbaycanda bu gün prokurorluq, DİN, DTX, DGK, DSX, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyində istintaq aparatı fəaliyyət göstərir. Əslində bunun özü anormaldır. Əksər postsovert dövlətlərdə artıq çoxdan vahid istintaq orqanı yaradılıb.

Konkret olaraq hansı istintaq orqanının məhz Cinayət Məcəlləsinin hansı maddələrində nəzərdə tutulan cinayətlər üzrə istintaq aparacağı CPM-in 215-ci maddəsində dəqiq müəyyən edilib. Belə demək mümkündürsə bu maddəyə əsasən istintaq orqanlarının şahı prokurorluqdur. Prokurorluq istənilən maddə ilə başlanılmış cinayət işi üzrə istintaq aparmağa haqlıdır. İstintaq aidiyyətinin dəyişdirilməsinə yalnız Baş prokurorun qərarı ilə yol verilir. CPM-in 215.9-cu maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə uyğun olaraq başlanmış cinayət işi üzrə istintaq aparan orqanın səlahiyyətinə aid olmayan cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin əlamətləri sonradan aşkar edildikdə, toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda cinayət təqibinin səmərəliliyini və istintaq müddətlərinə riayət olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı ilə istintaqın davam etdirilməsi həmin orqana həvalə edilə bilər”. CPM-in 215.6.1-ci maddəsinə əsasən “ prokurorluğa və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına aid olan cinayət işi üzrə — prokurorun və ya prokurorluğun müstəntiqinin rəhbərliyi ilə birgə istintaq qrupu yaradılır”.

Qanuna görə bütün hallarda Hacı Məmmədovun işi üzrə istintaq prokurorluqda aparılmalı idi. Lakin belə olmadı, MTN işi öz icraatına götürdü və Eldar Əhmədov başda olmaqla prokurorluğun bütün müstəntiqlərini sözün tam mənasında qovdu. İstintaqın MTN-ə həvalə ediilməsi barədə prokurorun qərarı açıq-aşkar qanunsuz idi. Baş Prokurorun bu addımı MTN-dən qorxduğu üçün atmışdı, həmin qorxu bu günə kimi də keçməyib. Onu başa düşmək olardı. Gözükölgəli və qanun qarşısında başı aşağı olan baş prokuror MTN-nin bütün istəklərini yerinə yetirməli idi.

Sonrakı dövrlərdə məlum oldu ki, baş prokuror təkcə MTN-dən yox digər nazirlik, komitə və xidmətlərdən də qorxur.

Barəsində yazacağım bir neçə işin timsalında bunu görəcəksiniz. Hacı Məmmədovun işindən sonra kim hansı cinayət işi üzrə istintaq aparmaq istəyirdisə, baş prokuror bunu öz qanunsuz qərarı ilə rəsmiləşdirirdi. Belə işlərdən biri üzrə vəkil kimi mərhum dostum və mənim üçün ən dəyərli vəkillərdən biri olan Elton Quliyev iştirak edib.

Elton xəstələnəndən sonra onun xahişi ilə həmin işi mən davam etdirmişəm.

TAPANÇALARIN BIRLƏŞDIRDIYI ÜÇ CINAYƏT İŞİ

Elton Quliyev

Qeyd etdim ki, bu işlər barədə yazdıqlarımı dostum vəkil Elton Quliyevin əziz xatirəsinə həsr edəcəm. Əslində bu yazının müəllifi odur. Çünki yazı demək olar ki, bütövlükdə Elton bəyin hazırladığı vəsatət və şikayətlərdən hazırlanıb. Bir haşiyə çıxıb deyim ki, Elton Quliyev mənim tanıdığım barmaqla sayıla biləcək qədər az olan peşəkar vəkillərdən biri, bəlkə də birincisi idi. Allah ona rəhmət etsin. Eltonda dəyər verdiyim əsas xüsusiyyətlərdən biri onun işə olan münasibəti idi. Adam saatlarla, günlərlə yazı masasından ayrılmadan işləyə bilərdi. Qibtə edirdim onun bu işgüzarlığına. İşqolik adamlar çoxdu, amma bununla yanaşı Eltonun faydalı iş əmsalı da müqayisə edilməz dərəcədə yüksək idi. Adam işinə canını qoyurdu və qoydu da…
İndi yazacağım iş Elton Quliyev sonuncu işlərindən biri idi. Onun xahişi ilə xəstə olduğu dövrdə mən bu işə qoşuldum və bir müddət aparası oldum.

NİCAT QULİYEVİ MTN NECƏ TUTDU

Nicat Quliyev
Sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev

7 avqust 2013-cü il tarixdə saat 19 radələrində Nicat Quliyev Novxanı qəsəbəsində yerləşən atasına məxsus bağ evindən çıxır, həyat yoldaşının “Toyota Rav-4” markalı avtomobilini idarə edərək yaxınliqdakı təsərrüfat malları mağazasına gedib. Mağazaya onun arxasınca daxil olan tanımadığı bir neçə nəfər mülki geyimli şəxs özlərini təqdim etmədən və səbəbini izah etmədən onun qollarını qandallayaraq mağazadan çıxarıb, gəldiyi avtomobilin arxa oturacağına mindirərək həmin yerdən uzaqlaşdırıblar.
Bu şəxslər 7-8 nəfər olub. Avtomobili onlardan biri idarə edib. Daha bir nəfər avtomobilin ön sağ oturacağında, iki nəfər isə arxada Nicat Quliyevin böyründə oturub.

Digər şəxslər isə başqa avtomobillərdə onların arxasınca hərəkət ediblər. Mağazadan təxminən 500 metr aralandıqdan sonra avtomobilləri yolun kənarında saxlayaraq Nicat Quliyev əlləri qandallı vəziyyətdə maşından düşürülüb. Ona bildirilib ki, avtomobilə baxış keçiriləcək. Nicat Quliyev vəkilinin dəvət olunmasını tələb edərək istənilən tədbirdə məhz vəkili ilə iştirak edəcəyini bildirib. 

O, yay vaxtı Novxanı bağ massivinə gedən yolun üstündə, avtomobillərin intensiv hərəkətdə olduğu yerdə əli qandallı vəziyyətdə nümayiş etdirilməsinə etiraz edərək qandalların açılmasını tələb etsə də, onun etirazına məhəl qoyulmayıb. Onu bu vəziyyətdə avtomobildən 6-7 metr arxada saxlayaraq avtomobilin yük yerində və salonunda axtarış aparılıb. Bu hərəkətin keçirilməsinə səlahiyyət verən heç bir sənəd Nicat Quliyevə göstərilməyib.

Axtarışı onu saxlayan şəxslərdən biri aparıb. Nicat Quliyev bu tədbirin keçirilməsində iştirak etmədiyi üçün onun necə keçirilməsini görməyib. Bu tədbirin nəticələri ona bildirilməyib, tərtib edilən protokol ona təqdim olunmayıb. O, avtomobildən tapança “tapıldığını” sonradan müstəntiqdən eşidib. 

Tapançanı qoyub-götürmə əməliyyatı başa çatdırıldıqdan sonra Nicat Quliyevi yenə avtomobilin arxa oturacağına əyləşdirib MTN-in inzibati binasına aparıblar.

Yaşadığı bağ evinin bir neçə yüz metrliyindən keçmələrinə baxmayaraq, ona ev paltarlarını dəyişməyə, yolunu gözləyən ailə üzvlərini məlumatlandırmağa, ayağına corab geyinməyə belə imkan verilməyb. 

Bundan 4-5 saat sonra 23.30 radələrində MTN-in 20-dən çox əməkdaşı Nicat Quliyevin yaşadığı bağ evində, yalnız həyat yoldaşının və azyaşlı qız uşaqlarının olduğunu bilə-bilə, divarın üstündən aşaraq həyətə daxil olublar. Həyat yoldaşı, Vüsalə Axundzadə, darvazalarının qarşısında səs-küy olduğunu eşidən kimi evdən çıxıb qapıya yaxınlaşaraq kimlərin olduğunu soruşmadan qapını açıb. Qapını açdığı anda bir-birinin ardınca darvazanın üstündən həyətə tullanan maskalı və silahlı şəxsləri görüb bərk qorxub, qarşısındakı adamlardan nə baş verdiyini soruşub.

Həyətə qapıdan və hasarın üstündən daxil olan, əksəriyyəti maskalı və silahlı olan şəxslər həyətin hər tərəfinə səpələndiklərindən Vüsalə Axundzadə onları sayını müəyyən edə bilməyib. Yalnız qardaşı və bacısı onlara gələndən sonra onların sözlərindən bilib ki, həyətə 20-dən çox silahlı və mülki geyimli şəxs daxil olub. Bu şəxslərdən biri Vüsalə Axundzadəyə özünü müstəntiq kimi təqdim edərək mənzilə daxil olub axtarış keçirəcəklərini bildirdikdə, Nicat Quliyevin həyat yoldaşı evin içinə məhdud sayda adam buraxacağını deyib və yalnız 4 nəfəri evə buraxıb. Nicat Quliyev MTN əməkdaşlarının sərəncamında olsa da, onun evdə aparılan axtarışda iştirakı təmin edilməyib…
Davamı olacaq

Input your search keywords and press Enter.