Baxmutda ağır döyüşlər gedir
Ukrayna ordusunun martın 3-də Baxmutda ağır döyüşlərin davam etdiyini, Kiyev qüvvələrinin mübahisəli Donetsk şəhərində Rusiyanın hücum dalğalarını dəf etdiyini bildirir.
Aylarla döyüşlərin episentri olan Baxmutdan əlavə, Liman, Avdiyevka, Şaxtarsk, Kupyansk şəhərləri istiqamətlərində Rusiya qüvvələrinin azı 85 hücumunun qarşısının alındığı deyilir.
Ötən ilin ikinci yarısında Ukrayna qüvvələrinin bəzi əraziləri geri qaytarmasından sonra Moskva Donbas vilayətində yeni hücuma başlayıb.
Rusiya Baxmutu mühasirəyə almaq və Ukraynanın təchizat xətlərini kəsmək üçün əraziyə böyük sayda piyada qüvvələri göndərir.
Ukrayna rəsmiləri daha öncə də bildiriblər ki, şəhərin müdafiəsi çox baha başa gələrsə, Baxmutdan tamamilə çıxa, qərb və şimal-qərb istiqamətlərində yeni mövqelərə çəkilə bilərlər. Həmin ərazilərdə ukraynalılar daha güclü müdafiə mövqeyindədirlər.
Milli Qvardiya komandirlərindən biri Volodimir Nazarenko Ukrayna radiosuna Baxmutda vəziyyətin “kritik” olduğunu deyib.
Nazarenkonun dediyinə görə, Ukrayna qüvvələri geri çəkilənədək Rusiya qüvvələrinə mümkün qədər çox zərbə vurmaq istəyirlər.
“Ukrayna torpağının hər bir metri düşmənə yüzlərlə həyata başa gəlir”, – Nazarenko söyləyib.
Qərb ekspertləri Rusiyanın Baxmutu tutmasının əhəmiyyətini azaldır, bunun Rusiya üçün daha az strateji, eyni zamanda simvolik dəyər daşıdığını deyirlər.
Ötən gecə Rusiya qüvvələri mülki infrastrukturunu atəşə tutmağa davam edib, dinc sakinlər yaralanıb, ziyan vurub.
Cənubdakı Zaporojye şəhərində yaşayış binasına Rusiyanın raket zərbəsində beş dinc sakin öldürülüb. Məlumatı region rəsmiləri martın 2-də yayıb.
Bu arada Birləşmiş Ştatlar Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi elan etməyə hazırlaşır. Rəsmilər bunu “Reuters”ə deyib.
ABŞ-nin yeni yardımının Almaniya Kansleri Olaf Şoltsun (Olaf Scholz) martın 3-də Vaşinqtona səfəri zamanı açıqlanacağı gözlənir.
Rusiya ötən ilin fevralından Ukraynaya qarşı səbəbsiz işğala başlayandan Vaşinqton bu ölkəyə 32 milyard dollar yaxın hərbi yardım ayırıb.
Moskva martın 2-də iddia edib ki, bir qrup ukraynalı təxribatçı Rusiyanın qərbinə keçib və kəndlərdə dinc sakinlərə atəş açıb. Kiyev iddianı rədd edib, Moskvanın Ukrayna üzərinə yeni hücumlar hazırlamaq üçün “saxta bayraq” bəhanəsi hazırladığını iddia edib.
Martın 2-də Bryansk şəhərində baş verdiyi insidentin detalları tamamilə aydın deyil.
Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak Rusiyanın bəyanatlarını “klassik qərəzli provokasiya” adlandırıb.