Dünya

Bayden: ‘Raketin Rusiya ərazisindən buraxılması ağlabatan görünmür’

ABŞ Prezidenti Co Bayden (Joe Biden) dünya liderləri ilə təcili toplantıda Polşada iki nəfərin ölümünə səbəb olmuş raketlərin Rusiya ərazisindən buraxılmasının “ağlabatan olmadığını” deyib.

Baydenin sözlərinə görə, raketi Rusiya hərbçilərinin buraxması versiyasını “mübahisələndirən ilkin informasiyaya” malikdir.

“Tam təhqiqat aparmamış bunu demək istəmirəm, amma onun trayektoriyasına baxanda Rusiyadan buraxılması ağlabatan görünmür”,Bayden vurğulayıb.

ABŞ-ın anonimlik şərtilə danışan üç rəsmisi ilkin dəyərləndirmələrə əsasən bildirib ki, raket Ukrayna qüvvələri tərəfindən Rusiya hədəfinə atılıb. Noyabrın 15-də Rusiya Ukraynada elektrik infrastrukturuna zərbələr endirib.

Ukrayna rəsmiləri daha öncə Rusiyanın ölkə ərazisinə 90-dan çox raket atdığını deyiblər. Bayden bu hücumları “barbarlıq” adlandırıb.

Prezident Volodimir Zelenski Rusiya raketlərinin Polşanı vurmasını münaqişədə “ciddi eskalasiya” adlandırıb. Ancaq o, Rusiyanın raketlərin atılmasında roluna dəlil göstərməyib.

Noyabrın 16-da NATO elçiləri Polşanın xahişiylə təcili toplantı keçirəcəklər. Onlar Ukraynaya istiqamətlənən iki Rusiya raketinin NATO üzvü ərazisinə düşərək iki nəfərin ölümünə səbəb olması xəbərlərini müzakirə edəcəklər.

Avropanın adı çəkilməyən iki diplomatının sözlərinə görə, iclas alyans xartiyasının 4-cü Maddəsi əsasında keçiriləcək. Bu maddədə deyilir ki, NATO-nun istənilən üzvü “ərazi bütövlüyü, siyasi müstəqilliyi, yaxud təhlükəsizliyi”nə risk hiss edərsə, narahatlıq məsələsini qaldıra bilər.

Noyabrın 15-də yayılan xəbərlərdən sonra alyans üzvlərinin liderləri arasında bir neçə telefon zəngi həyata keçirilib.

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) Polşa Milli Təhlükəsizlik Şurasının başçısı Jazek Sieviera (Jazek Siewiera) ilə danışıb.

Sieviera daha sonra tvitində yazıb ki, Polşa Prezidenti Anjey Duda (Andrzej Duda) amerikalı həmkarı Baydenlə telefon söhbəti edib. Bayden söhbətdən sonra ABŞ-ın NATO-ya sarsılmaz sədaqətini təsdiqləyib. Bayden həmçinin Polşanın partlayışları araşdırmasına ABŞ-ın tam dəstəyini təklif edib.

ABŞ və Qərb müttəfiqlərinin daha öncə bildirməsinə görə, partlayışlar haqda xəbərləri araşdırırlar, ancaq onları, yaxud hansısa detalı təsdiqləyə bilməzlər.

Polşa Milli Təhlükəsizlik Şurasının iclasından sonra ordunu yüksək hazırlıq səviyyəsinə gətirib.

Ukrayna ilə həmsərhəd, NATO üzvü Macarıstan da Milli Müdafiə Şurasının iclasını keçirib.

NATO alyansı xartiyasının 5-ci maddəsi bütün üzvlərin kollektiv müdafiə öhdəliyini nəzərdə tutur.

Ancaq zərbənin sərhədin o tayından endirilməsi təsdiqlənsə belə, onun bilərəkdən, yoxsa təsadüfi olması amili alyansın reaksiya qərarına təsir göstərə bilər.

Rusiya isə Polşa ərazisini vurmadığını deyib, bu haqda xəbərləri vəziyyəti gərginləşdirmək məqsədi daşıyan “məqsədli provokasiya” adlandırıb.

Müdafiə Nazirliyi Ukrayna-Polşa sərhədi yaxınlığında hədəflərə Rusiya silahları ilə zərbə endirilmədiyini bildirib.

Gözdən qaçırmayın:  Doğulduğu an tarixə düşdü! Dünya bundan danışdı... 'Mənim bəzi imtiyazlarım var idi'

Kremlin sözçüsü Dmitri Peskov isə Polşada partlayışla bağlı heç bir informasiyası olmadığını söyləyib.

24 saat” “
Bayden: ‘Raketin Rusiya ərazisindən buraxılması ağlabatan görünmür’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button