Loading...
Loading...
ÖLKƏDünya

Bayden şəxsən Putinə sanksiya qoya biləcəyini deyir

NATO hələlik, müxtəlif ölkələrdən 40 minlik Reaksiya Qüvvələrini səfərbər etməklə bağlı qərar verməyib

ABŞ prezidenti Co Bayden yanvarın 25-də Rusiya Ukraynaya müdaxilə edərsə, şəxsən prezident Putinə sanksiyalar qoyulmasına baxa biləcəyini deyib.

Bayden bildirib ki, Rusiya Ukraynaya hücum edərsə, bunun bütün dünya üçün “nəhəng nəticələri” olacaq.

ABŞ prezidenti bunu da deyib ki, o NATO-nun şərq cinahını möhkəmləndirmək məcburiyyətində qala bilər:

“Biz bunu aydın şəkildə bildiririk ki, hər hansı NATO üzvünün NATO-nun onun müdafiəsinə gələcəyindən şübhəsi olmamalıdır”.

Moskva ABŞ-ı ‘vəziyyəti qızışdırmaqda’ ittiham edir… və manevrlərə başlayır

Kreml Vaşinqtonu Avropaya qoşun çıxarmağa hazırlıqla “gərginliyi qızışdırmaqda” ittiham etdikdən az sonra Rusiya Ukrayna sərhədləri yaxınlığında minlərlə hərbçinin və onlarca təyyarənin iştirakilə geniş hərbi təlimlərə başlayıb.

Moskva Ukrayna sərhədi yaxınlığına 100 minədək qoşun və yüzlərlə hərbi texnika cəmləşdirib.

ABŞ prezidenti Co Bayden Avropa liderləri ilə məsləhətləşmələri davam etdirir, Pentaqon isə Avropaya 8500 ABŞ hərbçisi göndərilməsi üçün hazırlığa başlandığını bildirib.

Rusiya yanvarın 25-də Ukraynaya yaxın Rostov və Krasnodar regionlarında 6 min hərbçinin və azı 60 döyüş təyyarəsinin iştirakilə genişmiqyaslı manevrlərə başladığını bəyan edib.

Rusiyanın hərbi rəsmiləri bu manevrlərdə döyüş mərmi və güllələrindən istifadə edildiyini deyirlər.

Bu təlimlərin nə müddətdə davam etdiriləcəyi barədə məlumat verilmir.

Makron və Şolts Rusiyaya müracət ediblər

Fransa prezidenti Emmanuel Makron xəbərdarlıq edib ki, Rusiya Ukraynaya hücum edərsə, bunun çox “bahalı bədəlini” ödəməli olacaq.

Makron bildirib ki, Paris və Berlin de-eskalasiyaya ehtiyac olması məsələsində həmrəydirlər.

Fransa prezidenti yanvarın 25-də Berlində Almaniya kansleri Olaf Şoltsla keçirdiyi birgə mətbuat konfransında deyib ki, Fransa və Almaniya Rusiya ilə dialoq ideyasından geri çəkilməyəcəklər, “amma Ukraynaya hücum olsa, bunun cavabı veriləcək və Rusiya üçün ağır nəticələri olacaq.

Öz növbəsində Şolts deyib ki, indi hamı Rusiyadan deeskalasiya istiqamətində aydın addımlar gözləyir.

Makron deyib ki, yanvarın 28-də Rusiya prezindeti Vladimir Putinlə telefon söhbəti olacaq.

Kreml ABŞ-ın ‘gərginliyi qızışdırdığını’ deyir

Kreml Birləşmiş Ştatların hərəkətlərinin və bəyanatlarının Ukrayna ilə bağlı “gərginliyi qızışdırdığını” bildirir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  Rusiya Ukraynanın şəhərlərini bombalayır. Desant qüvvələri Xarkovda

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button