Dünya

Bayden Ukraynaya ‘müasir havadan müdafiə sistemləri’ vəd edir

BMT-də səsvermənin sabah – oktyabrın 12-də keçiriləcəyi gözlənir

ABŞ Prezidenti Co Bayden Kiyevə dəstəyin davam edəcəyini deyib. Dünən – oktyabrın 10-da Ukraynaya Rusiya qüvvələrinin raket zərbələrində ölən və yaralananlar olub. Bayden Rusiyanın “hərbi cinayətlər və vəhşiliklər” üçün cavab verəcəyini söyləyib.

Ukrayna Prezidenti Volodimir Zelenskiyə telefon zəngində Bayden Rusiyanın raket zərbələrini pisləyib, qurbanların ailələrinə başsağlığı verib.

Prezident Bayden Ukraynaya özünümüdafiə üçün gərəkən dəstəyi, o cümlədən müasir havadan müdafiə sistemləri göndərməyi vəd edib”, – Ağ evin oktyabrın 10-da yaydığı bəyanatda deyilir

Bayden daha öncəki bəyanatında deyib ki, zərbələr Rusiya Prezidenti Vladimir Putinin başlatdığı müharibənin “tam qəddarlığı”nı göstərir.

Ukrayna infrastrukturuna, şəhərlərdə yaşayış məskənlərinə, o cümlədən paytaxt Kiyevə zərbələr nəticəsində azı 19 nəfər həlak olub, 105 nəfər xəsarət alıb.

Kiyev Rusiyanın atdığı 83 raketdən 43-nün vurulduğunu bildirib.

Baydenlə telefon söhbətində Zelenski qeyd edib ki, Ukrayna üçün havadan müdafiə “müdafiə əməkdaşlığımızda 1 nömrəli prioritetdir”.

Bu gün – oktyabrın 11-də isə Böyük Yeddilik (G7) liderləri Zelenski ilə video formatda görüşəcəklər.

Rusiyanın raket zərbələrindən bir neçə saat sonra BMT Baş Assambleyasının fövqəladə iclasında Ukraynanın səfiri Rusiyanı “terrorçu dövlət” adlandırıb.

Rusiya bir daha sübut elədi ki, terrorçu dövlətdir, ən güclü yollarla qarşısı alınmalıdır”, – səfir Sergey Kislitsa deyib.

BMT-nin iclası Rusiyanın Ukraynanın dörd vilayətini ilhaq etməsini pisləyən qətnamə layihəsinin müzakirəsi üçün çağrılmışdı. Ancaq dünənki raket zərbələri iclasın gündəmini zəbt edib.

Qurumun Baş katibi Antonio Quterreş Rusiyanın zərbələrlə “müharibəni qəbuledilməz şəkildə eskalasiya etdiyini” bildirib.

Baş Assambleya qərar verib ki, Rusiyanın Ukrayna ərazisində keçirdiyi “qanunsuz referendumları”, həmçinin dörd vilayətin “qanunsuz ilhaq cəhdini” pisləyən qətnamə layihəsi üzrə gizli deyil, açıq səsvermə keçirilsin.

Səsvermənin sabah – oktyabrın 12-də keçiriləcəyi gözlənir.

Rusiya Prezidenti Vladimir Putin isə Təhlükəsizlik Şurası üzvlərilə video görüşündə raket zərbələrini Kiyevin “terrorçu” hərəkətlərinə cavab adlandırıb.

Oktyabrın 8-də Rusiyanın 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krımda 19 km-lik körpü partladılıb.

Putin Rusiyanın əlavə zərbələr endirəcəyini deyib.

Son bir neçə həftədə Ukrayna qüvvələri ölkənin cənubunda və şərqində Rusiyanın tutduğu əraziləri geri alır və Putinlə hər hansı danışıqları istisna edir.

24 saat” “
Bayden Ukraynaya ‘müasir havadan müdafiə sistemləri’ vəd edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Gazprom-un səhmləri 30 faiz ucuzlaşıb   

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button